Məhkəmə qərarları › İş №3(019)-294/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-294/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-294/2021 02.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi ,polis mayoru Ağayev Ramil Mirvahid oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı m ü ə y y ə n e t d i m: Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi , polis mayoru Ağayev Ramil Mirvahid oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 02 sentyabr 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir ki, o, 01. 09.2021-ci il tarixdə saat 21:30 radələrində şifahi razılaşma əsasında icarəyə götürüb işlətdiyi Balakən şəhəri M.Cəlal küçəsində yerləşən kafeyə COVİD-19 pasportu olmadan gələn müştəri Ceyhun Hacıyevə xidmət göstərməklə karantin rejimi qaydasını pozmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, Məmmədov Qəhrəman Camaldin oğlu barəsində Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Ağayev Ramil Mirvahid oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunmuş 02 sentyabr 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-100.4-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs atasının adı protokolda “Camaləddin” qeyd edilmiş, o, ünvan 1 ünvanında yaşadığı halda onun yaşayış yeri Balakən rayonu Mahamalar kəndi qeyd edilmiş, onun vergi ödəyicisi olub-olmaması aydınlaşdırılmamış, vergi orqanından bu barədə müvafiq sənəd alınmamışdır.Şəxs Balakən şəhəri M.Cəlal küçəsində yerləşən kafeni Miqdat adlı şəxsdən şifahi razılıq əsasında icarəyə götürdüyünü göstərdiyi halda bu faktın aydınlaşdırılması üçün Miqdat adlı şəxs aşkar olunub dindirilməmiş, kafenin ona məxsus olub-olmaması aydınlaşdırırlmamış, həmin kafeyə məxsus hüquqmüəyyənedici sənədlər alınıb materiala əlavə edilməmiş, yaxud da sorğu edilməklə həmin kafenin daşınmaz əmlakın dövlət reyestrində kimin adına qeydə alınması barədə müvafiq sənədlər alınmamışdır. Bundan başqa tərtib edilmiş protokolda şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı qeyd edilməmiş, qanun pozuntusunu aşkar etmiş polis əməkdaşlarının izahatları alınıb inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Həmçinin şahid Ceyhun Hacıyevin COVİD-19 pasportunun olmaması barədə heç bir sübut materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-61.2-ci maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. İş materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə bildiriş əlavə edilsə də bildirişin hansı gün verilməsi məlum deyildir, çünki sözügedən bildirişin verilməsi barədə gün qeyd edilməmişdir. Bununla da müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqları izah olunmamış, həmin bildiriş formal olaraq tərtib edilib imzalanmışdır. Eyni qaydada iş materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi seçmək hüququnun izah olunması haqqında protokol əlavə edilsə də protokolun hansı gün tərtib edilməsi məlum deyildir, çünki sözügedən protokoldada tarix qeyd edilməmişdir. Bununla da müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi seçmək hüququ da izah olunmamış, həmin protokol formal olaraq tərtib edilib imzalanmışdır. Göründüyü kimi Şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi ,polis mayoru Ağayev Ramil Mirvahid oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış, məhkəmə iclasında tamamlana bilməyəcək dərəcədə natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 3 may 2019-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir; inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunmuş 02 sentyabr 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana -Balakən Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunmuş 02 sentyabr 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinə qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar