Məhkəmə qərarları › İş №3(019)-296/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-296/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-296/2020 08.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxxxxxxxxxx» MMCnin nümayəndəsi Nümayəndə iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan “Şəxs(VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, «xxxxxxxxxxxxx» MMC tərəfindən xx.xx.2019cu il tarixli **********3418 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 136400 ABŞ dolları olan 22000 kq “meşə fındığı” yükü Balakən Gömrük İdarəsində rəsmiləşdirilərək Seimyniskiu str. 23-201, LT-09236 Vilnius, Lithuania ünvanında qeydiyyatda olan "xxxxxxx" MMC şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş, ixrac olunan malın müqabilində 135155.07 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsədə, yerdə qalan 1244.93 ABŞ dolları məbləğində valyuta Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək göstərdi ki, 2015-ci ildə təsis edilmiş və ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs şirkətinin nümayəndəsidir. Təmsil etdiyi müəssisənin əsas fəaliyyəti Qəbələ, Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. xx.xx.2019-cu il tarixdə Litva Respublikasının “Profıco” şirkəti ilə Şəxs arasında kiloqramı 6.20 ABŞ dolları olmaqla 22000 kiloqram fındıq ləpəsinin satılması üçün NE28102019 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 136400 ABŞ dolları olan 22000 kiloqram fındıq ləpəsi yükünün rəsmiləşdirilməsi üçün Balakən Gömrük postuna müraciət edilmiş, xx.xx.2019-cu il tarixində **********3418 saylı Gömrük bəyannaməsi ilə yük rəsmiləşdirilmiş və AP45205/A1139E5 qeydiyyat nişanlı yük maşını ilə Litva Respublikasının Vilnus şəhərinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə “Profıco” şirkəti elektron məktub göndərərək, göndərilən yükün 344.34 dollarının daşıma xərci, 630.89 dolların anbarda malın boşalma və yükləmə xərci, 269.70 dollarını isə məhsulda təbii quruma səbəbi ilə, ümumilikdə 1244.93 ABŞ dollarının ödənilməyəcəyini bildirmişdir. Göndərdikləri malın yerdə qalan hissəsinin dəyəri, yəni 135155.7 ABŞ dollar şirkətin müvəkkil bankdakı hesabına köçürülmüşdür və bu barədə bank çıxarışını təqdim etmişdir.Bu xətanın törədilməsində heç bir təqsirləri yoxdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin əməlində inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasınınmüvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, Şəxs Litva Respubliksının “Profıco” şirkəti ilə Şəxs şirkəti ilə aralarında bağlanmış müqaviləyə əsasən ümumi dəyəri 136400 ABŞ dolları olan 22000 kq “meşə fındığı” yükünü xx.xx.2019-cu il tarixdə Balakən Gömrük İdarəsində **********3418 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirərək, litva Respublikasının Vilnus şəhərinə göndərmişdir. Yükə dair ixrac olunan malın müqabilində 135155.07 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülmüş, yerdə qalan 1244.93 ABŞ dolları məbləğində valyuta isə hesablarına köçürülməmişdir. Bunun səbəbi isə göndərilən yükün 344.34 dollarının daşıma xərci, 630.89 dolların anbarda malın boşalma və yükləmə xərci, 269.70 dollarını isə məhsulda təbii quruma səbəbi ilə, ümumilikdə 1244.93 ABŞ dolları xərc çəkməsi olmuşdur. Yəni 1244.93 ABŞ dolları məbləğin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin təqsiri olmadan baş vermişdir. Göründüyü kimi , Şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmamasına görə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar