Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-296/2024 11.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Qullar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində sərxoş vəziyyətdə, Balakən şəhəri H.Əliev prospekti ərazisində-ictimai yerdə ucadan ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid1 və Şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X4 sahə rəisi X1 məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 raportu əsasında Balakən rayonu Qullar kənd sakini Şəxs ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xətalar haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü Balakən rayonu Qullar kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində Balakən şəhərində yerləşən parka gəlmiş və orada olan kafelərin birində oturub 6-7 bakal pivə qəbul etmişdir. Saat təxminən 23 radələrində parkdan çıxıb evə getdiyi zaman onun telefonuna arvadından zəng gəlmiş və o telefonla danışmağa başlamışdır.Telefonla danışdığı zaman arvadı ilə aralarında mübahisə yaranmış və o telefonda nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış və ona yüksək səslə danışdığını, nalayiq sözlər işlətdiyini bildirmişlər. O, polis əməkdaşlarına heç kiminlə dalaşmadığını və kiminsə ünvanına nalayiq ifadələr işlətmədiyini,sadəcə telefonda nalayiq ifadələr işlətdiyini bildirmişdir.Həmin vaxt polis əməkdaşları ona avtopatrul maşınına oturmağı təklif etmişlər, lakin o avtomaşına oturmamış və nə üçün avtomaşına oturmalı olduğunu soruşmuşdur. Bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və onun “Samsung A 54” markalı telefonu qırılmışdır. Bundan sonra polis əməkdaşları ona avtomaşına mindirmişlər və saat 02 radələrində onu rayon Polis Şöbəsinə gətirmişlər. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:30 radələrində rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2la Balakən şəhəri, H.Əliyev prospektində 2 nömrəli marşurutda avtopatrul ilə xidmətdə olmuşlar. Həmin vaxt bir nəfər şəxsin H.Əliyev adına parkın qarşısında küçədə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirərək ünvansız söyüşlər söyməyə davam etmişdir. Bu zaman həmin şəxsin spitli içkinin təsiri altında olduğunu hiss etmişlər. Onlar həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs özünə məxsus olan mobil telefonunu yerə vuraraq sındırmışdır və təxminən 5-10 dəqiqə onlarla mübahisə etmişdir. Bundan sonra həmin şəxsi özləri ilə birlikdə rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində həmin şəxsin Balakən rayonu Qullar kənd sakini-xx.xx.1985-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra bu barədə tədbir görülməsi üçün RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Balakən Rayon Polis Şöbəsinin PPXB polis nəfəri vəzifəsində xidmət edən Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 iyul 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 iyul 2024-cü il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuş,11 iyul 2024-cü il tarixdə saat 12:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 iyul 2024-cü il tarixli 927 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 11 iyul 2024-cü il tarixdə saat 02:42-də sərxoş olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Qullar kənd sakini xx.xx.1985-ci il təvəllüdlü Şəxs xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 212.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, inzibatı xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı, törədilmiş xətaların xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 10 iyul 2024-cü il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuş və 11 iyul 2024-cü il tarixə saat 12:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı 01 (bir) gün müddət ona təyin ediləcək inzibati həbs müddətinə daxil edilməklə həmin müddətdən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz ) gün müddətə inzibati həbs edilsin. Onun 10 iyul 2024-cü il tarixdə saat 02:00-dan 11 iyul 2024-cü il tarixə saat 12:00-a kimi inzibati qaydada tutulduğu 01 (bir) gün müddət həmin müddətdən çıxılsın və üzərində 07 (yeddi) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 11 iyul 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-296/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-296/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver