Məhkəmə qərarları › İş №3(019)-3/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-3/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-3/2024 03.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramin Quliyevin, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-343/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs bu günə olan 1100 manat alimenti tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramin Quliyev izahatında Balakən Rayon Məhkəməsinin 2(019)-343/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs hazırki iş üzrə xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolda qeyd edilən 1100 manat alimenti tələbkar Zərərçəkmiş şəxs ödədiyini və həmin 1100 manat tələb üzrə icra sənədini tam icra etdiyini bildirmiş və Şəxs barəsində qanuni qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolda qeyd edilən Balakən Rayon Məhkəməsinin 2(019)-343/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1100 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödədiyini, onun inzibati xəta haqqında iş üzrə iclasdan xəbərinin olmadığını və ona görə məhkəmə iclasına gəlmədiyini bildirərək, barəsində İXM-nin 528.1-ci maddəsilə olan inzibatii xəta haqqında iş üzrə icraata xitam veriləmsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-343/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən hazırki iş üzrə xx.xx.2023cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolda qeyd edilən 1100 manat aliment borcunu ona ödədiyini və həmin 1100 manat aliment borcu ilə bağlı Şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını qeyd edərək, iş üzrə qanuni qərarın çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)- 343/2023 nömrəli icra vərəqəsindən görünür ki, ərizənin verildiyi 02 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Sabirova (Motuxova) Kəmalə Kamil qızına verilməlidir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(019)-343/2023 nömrəli icra vərəqəsi icraya yönəldilmiş və həmin icra sənədi üzrə 1100 manat aliment borcunu ödəmədiyinə grə Şəxs haqqında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru tərəfindən İXM-nin 528.1-ci maddəsilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarından həmçinin görünür ki, Sabirov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-343/2023 saylı icra sənədinə əsasən hazırki iş üzrə xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolda qeyd edilən 1100 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəmiş və bununla da xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş faktoloji və hüquqi əsaslar aradan qalxmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Balaakən Rayon Polis Şöbəsinin Balakən Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il taritxli məktubdan görünür ki, Şəxs barəsində 320521 №-li axtarış işi açılmışdır. Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisini, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sabirov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-343/2023 nömrəli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunması üçün əsas olan və həmin protokolda göstərilən Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cxü il tarixli e-2(019)-343/2023 nömrəli icra vərəqəsi üzrə 1100 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəmişdir. Bu hal da Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-343/2023 nömrəli icra sənədinin icra edilməsinə yönəlmiş iradə ifadəsi kimi qiymətləndirilməlidir. İşdəki sübutlarla X2 üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini icra etməməsi öz təsdiqini tapmır. İnzibati xəta haqqında iş üzrə icraat başlayan şəxs də bunun əksini, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən tam icra etməməsini, bununla da İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu halları sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmçinin Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs istinad olunan inzibati xətanın törədildiyi vaxtdan bir il keçdiyi üçün qanunvericiliyin tələbinə əsasən o, qaçıb gizlənən şəxs olaraq inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 7 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 42 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 109.2, 112-113, 114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Məmədvəli oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 42 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar