Məhkəmə qərarları › İş №3(019)-30/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-30/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-30/2023 16.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, zərərçəkmiş şəxslər X5 və X1, tərcüməçi X6, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Əhmədov X12 Rayon Məhkəməsinin 2(019)-701/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 900 manat mənəvi zərəri tələbkarlar X7 və X2 ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla bağlı Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 16 yanvar 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-701/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs iddiaçıların ünvanına işlədilən həmin ləkələyici ifadələrə görə vurduğu mənəvi zərərin əvəzi olaraq 500 manat alınıb X7 və 500 manat alınıb X2 ödənilməlidir. Şəxs həmin icra sənədinə əsasən bundan əvvəl 100 manat ödəmiş, qalıq 900 manat borcundan heç bir ödəniş etməmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Şəxs həmin pulu ödəməkdən yayınmışdır. Hazırda da Şəxs maddi imkanı olmadığını bildirərək, pulu ödəmək istəmir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-701/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan iddiaçıların ünvanına işlədilən həmin ləkələyici ifadələrə görə vurduğu mənəvi zərərin əvəzi olaraq 500 manat alınıb X7 və 500 manat alınıb X2 ödənilməlidir. O, cəmi 1000 manat mənvi zərər borcundan 100 manat ödəmiş, qalan 900 manat icra sənədi üzrə borcu iddiaçılara ödəyə bilməmişdir. Heç bir yerdə işləmir. Maddi imkanı olmadığına görə həmin pulu ödəyə bilmir. İnzibati xəta törətməsini etiraf edib bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. İlk dəfədir ki, inzibati xəta törədir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş tələbkarlar X10 və X3 izahatlarında göstərdilər ki, Balakən Rayon Məhkəməsinin 2(019)-701/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs iddiaçıların ünvanına işlədilən həmin ləkələyici ifadələrə görə vurduğu mənəvi zərərin əvəzi olaraq 500 manat alınıb X10 və 500 manat alınıb X2 ödənilməlidir. Şəxs həmin icra sənədi üzrə cəmi 100 manat ödəniş etmiş, qalan 900 manat borcdan isə bu günədək heç bir ödəniş etməmişdir. Şəxs həmin 900 manat borcunu ödəməyə isə imkanı vardır. Şəxs cəza verilməsini tələb edirlər. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-701/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs iddiaçıların ünvanına işlədilən həmin ləkələyici ifadələrə görə vurduğu mənəvi zərərin əvəzi olaraq 500 manat alınıb X7 və 500 manat alınıb X2 ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 701/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icraya yönəldilmiş, borcluya tələbin könüllü icrası təklif edilmiş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs X5 hesabına 100 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 3 saylı Şəki Zaqatala regional filialı tərəfindən 16 yanvar 2023-cü il tarixdə verilmiş 3-17-1/2-Ə-7267/2023 nömrəli arayışdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixədək 2-ci dərəcəli əlilliyə görə sosial müavinət almışdır. İş materiallarına əlavə olunmuş portal məlumatlarından çıxarışdan görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X16, xx.xx.2011-ci il tarixdə doğulmuş X17 və xx.xx.2014-cü il tarixdə doğulmuş X11 olmaqla Şəxs himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respeublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi "Hornşbi Yunanıstana qarşı" iş üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, "Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququ vardır. Bu hüquq işin ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsidir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir. Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda, bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prossesual təminatların dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnun tənzimlənməsi kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır." "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və X9 Haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, "İnsan Hüquqlarının və X9 X4 6-cı maddəsinin 1-ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışının müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Avropa Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr, məhkəmə aktlarının icrasının dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsin icrası şəxsin ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olduğu, həm də məhkəmə qətnaməsi ilə müəyyən olunan tələb Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi baxımından şəxsin mülkiyyət hüququ kateqoriyasına aid olduğu üçün, qətnamənin icra edilməməsi və icrası ilə bağlı yaradılan hər hansı məhdudiyyət tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu və mülkiyyət hüququnu pozmuş olacaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs maddi imkanının olmaması və əmlak vəziyyətinin ağırlığı ilə bağlı qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, həmçinin qətnamənin icra üsülu və qaydasının dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmiş, icra sənədinin tam icra edilməməsinin onun ağır maddi vəziyyəti ilə bağlı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlər onun sözügedən icra sənədini üzrlü səbəb olmadan tam icra etmədiyini göstərir. Şəxs icra sənədini tam icra etməkdən və icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olmasını və ilk dəfə inzibati xəta törətməsini Şəxs inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Məhkəmə bu xüsusda qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsi işdəki sübutlarla təsdiq olunur. İlk dəfə inzibati xəta törətməsi onun psixikasında inzibati xətaya meyllərin model davranışa çevrilməməsini göstərir ki, bu hal da onu davamlı kriminogen davranışa malik inzibati xəta törətmiş digər şəxslərdən fərqləndirmək üçün nəzərə alınmalıdır. Belə yanaşma barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış şəxsin törətdiyi inzibati xətaya və onun şəxsiyyətinə ədalətli münasibətdən başqa onun islah olunması və qanunlara hörmət etmə yoluna qayıtması üçün bir stimul rolunu da oynayacaqdır. Ona görə də işin faktoloji halları və hüquqi qiymətləndirmə baxımından barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsi, kriminogen meyllərdən uzaq olması konteksində məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınması əsaslıdır. Məhkəmə həmçinin nəzərə çatdırır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış şəxs Şəxs inzibati xəta törətməsini etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə qeyd edilməlidir ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən xətanı törədən şəxs tərəfindən də yaşana bilər. Bununla bağlı diqqətə alınmalıdır ki, Engel və başqaları Niderlanada qarşı işdə Avropa Məhkəməsinin müəyyən etdiyi xarakteri və sanksiyasında nəzərdə tutulan cəzanın ağırlığına görə inzibati xətanın cinayət ittihamına bərabər sayıldığı xüsusunda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstünyalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış şəxs Şəxs inzibati xəta törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və ona görə də onun məsuliyyəini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşmançılığı, himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olması və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən hallları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini, həmçinin onun İİ qrup əlilliyinin ləğv edilməsi barədə hər hansı hüquqmüəyyənedici sənədin olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat miqdarında inzibati qaydada cərimə edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114,115-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar