Məhkəmə qərarları › İş №3(019)-304/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-304/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-304/2020 08.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Zaqatala rayonunun Yolayrıc kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Yolayrıc kəndində yaşayan Şəxs Musaməddin oğlu barəsində Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Musaməddin oğlu 07 sentyabr 2020-ci il tarixdə saat 22:30-radələrində sərxoş vəziyyətdə sərnişin kimi oturduğu **-LC-*** dövlət nömrə nişanlı avtomaşının arxa yaylarının kəsik olmasında şübhəli olduğuna görə saxlanılarkən avtomaşından düşərək ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuş, avtomaşın nə onu idarə edən şəxsə, nə də maşının sahibi olduğunu iddia edən Şəxs etibar edilmədiyindən polis əməkdaşı avtomaşının dayanacağa aparılmalı olduğunu bildirdikdə Şəxs buna maneçilik törədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidin ifadəsi və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs Musaməddin oğlu özünü təqsirli bilərək göstərdi ki, Zaqatala rayonunda yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı Zaqatala rayonunda olarkən spirtli içki qəbul etmişdir. Həmin gün o dostu ilə görüşmək üçün Balakən rayonuna gəlmişdir. O, Balakən rayonunda olarkən onun olduğu avtomaşın YPX-nın əməkdaşları tərəfindən saxlanılmış və avtomaşın onlara etibar edilmədiyindən avtomaşını polis şöbəsinə aparmaq istəmişlər. Həmin vaxt o, içkili olduğuna görə polis əməkdaşları ilə mübahisə etmiş, polislər onu intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, o, Balakən rayon Polis Şöbəsinin DYPX-nin inspektoru vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə YPX-nın kiçik inspektoru X2 şəhəri R.Səmədov küçəsində xidmətdə olarkən **-LC-*** dövlət nömrə nişanlı avtomaşının arxa yaylarının kəsik olmasında şübhəli olduqlarına görə həmin avtomaşını saxlamışlar. Həmin vaxt avtomaşında oturmuş Şəxs avtomaşından yerə düşərək “niyə avtomaşını saxlayırsınız” deyərək uca səslə nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar avtomaşının sənədlərini yoxladıqda məlum olmuşdur ki, avtomaşın nə onu idarə edən şəxsə,nə də maşının sahibi olduğunu iddia edən Şəxs etibar edilməmişdir. Onlar Şəxs nizam-intizama dəvət etməyə çalışmış, lakin Tərlan sərxoş olduğuna görə onların qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir.Buna görə də onu rayon polis şöbəsinə gətirmişlər və həmin şəxsin barəsində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Musaməddin oğlu xx xxxxxxxx 2020-ci il tarixdə saat 24:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdırılan halı, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 24:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar