Məhkəmə qərarları › İş №3(019)-305/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-305/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-305/2020 23.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, xx.xx.1996-cı ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, subay, Balakən rayonu İtitala kəndində yaşayan X1 barəsində Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2019-cu il tarixdə **********3641 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 18400 ABŞ dolları olan 15000 kq “iribuynuzlu heyvan” yükünü Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilərək Gürcüstanın Axalçixe rayonunda qeydiyyatda olan «xxxxxxxxxxxx» MMC şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac etmiş, ixrac olunan malların müqabilində 18400 ABŞ dolları məbləğində valyutanı geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.1996-cı il tarixdə Balakən rayonunun İtitala kəndində anadan olmuş və həmin kənddə yaşayır. 2019-cu ilin iyul ayında Gürcüstan vətəndaşı olan Mamuka Nasidze adlı şəxs yaşadığı Balakən rayonunun İtitala kəndinə gələrək iribuynuzlu mal-qara almaq istədiyini bildirmiş və bu işdə ona kömək etməyi xahiş etmişdir. xx.xx.20179-cu il tarixdə o, «xxxxxxxxxxxx» MMC şirkəti ilə müqavilə bağlamışdır. İlkin olaraq Mamuka Nasidze ona 3-4 min ABŞ dolları vermiş və o, bir ay müddətində Bərdə, Balakən və digər rayonların bazarlarından 92 baş camış balası toplamışdır. Bundan sonra həmin camış balalarını gömrük postunda xx.xx.2019-cu il tarixdə rəsmiləşdirərək Gürcüstanın Axalçixe rayonunda yerləşən Mamuka Nasidzenin işlədiyi «xxxxxxxxxxxx» MMC şirkətinə satmışdır. Şirkətin nümayəndəsi Mamuka Nasidze həmin müddət ərzində bir neçə dəfə Azərbaycana gəlmiş və hər gəldiyində mal-qaranının alınmasında ona pul vermiş, lakin həmin pulu Azərbaycana hansı yolla gətirməsindən xəbəri olmamışdır. «xxxxxxxxxxxx» MMC şirkəti ilə bağladığı müqaviləyə əsasən o ixracatçı kimi çıxış etmişdir. Bu səbəbdən yük müşayiət sənədlərində onun adı qeyd edilmişdir. O, bir neçə dəfə 18400 ABŞ dolları vəsaiti bank vasitəsi ilə göndərməli olduğunu şirkətin nümayəndəsi Mamuka Nasidzeyə bildirmişdir. İnzibati materialda olan sənədlərdən görünür ki, Şəxs 118400 ABŞ dolları dəyərində 15000 kq “iribuynuzlu heyvan” yükünü Balakən Gömrük İdarəsinin Balakən Gömrük Postunda xx.xx.2019-cu il tarixdə 1**********3641 saylı Gömrük Bəyannaməsi ilə rəsmiləşdirərək konsiqnasiya yolu ilə Gürcüstanın Axalçixe rayonunda qeydiyyatda olan «xxxxxxxxxxxx» MMC şirkətinin ünvanına ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 18400 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılması barədə sənədləri gömrük orqanına təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 4.1 və 4.2-ci maddələrinə əsasən konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin-18400 ABŞ dollarının 30 faizi məbləğində-5520 ABŞ dolları (9384 manat) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar