Məhkəmə qərarları › İş №3(019)-305/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-305/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-305/2023 08.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, hüquqi ünvanı Zaqatala rayonu Yuxarı Tala kəndi olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə **********1758 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 124000.0 ABŞ dolları olan fındıq ləpəsi yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirərək Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac olunmuş, ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 400.0 ABŞ dolları (680.0 manat, kurs: 1 ABŞ dollaı=1,70 AZN) məbləğində xarici valyutanı geri qaytarmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 20 iyul 2023-cü il tarixli, 00500-00082/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərdi ki, Şəxs MMC-nin əsas fəaliyyət istiqaməti Qəbələ, Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. 11.11 2021-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhəri, Orta Kalitnikovskaya küçəsi, bina 28, mənzil 8 ünvanında qeydiyyatda olan “ARVİAİ” şirkəti ilə Şəxs MMC arasında bağlanmış RVİ-KHA- 111121 saylı müavilə əsasında ümumilikdə 124000 ABŞ dolları (210800 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) dəyərində və 20000 kq. çəkidə “fındıq ləpəsi” yükü xx.xx.2022-ci il tarixli, **********1758 saylı gömrük bəyannaməsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçirilərək konsiqnasiya yolu ilə ixrac olunmuşdur. Həmin yükün müqabilində qaytarılmalı olan vəsaitin böyük bir hissəsi, yəni 123600,00 ABŞ dolları (210120,00 AZN) məbləğində vəsait Şəxs MMC-nin "xxxx" ASC-nin Zaqatala filialındakı müvəkkil bank hesabına köçürülmüşdür. Qalan 400,00 ABŞ dolları (680 AZN) məbləğində vəsaitin köçürülməməsinin səbəbi isə, yük gedib təyinat yerinə çatana qədər məhsulda qurumanın getməsi və çəkisinin azalması olmuşdur. İdxalatçı şirkət isə malın qəbul etdiyi vaxt olan faktiki çəkisinə görə onlara ödəniş edir. Buna görə də həmin məbləğ MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Bu xətanın törədilməsində heç bir təqsirləri yoxdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati materialda olan sənədlərdən görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata başlanmış, Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş və şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 400 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə Şəxs MMC-nin nümayəndəsi X2 Şöbəsinə dəvət olunaraq, sorğu-sual olunmuşdur. Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan “ARVİAİ” şirkətinə isə RVİ-KHA-111121 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********1758 saylı gömrük bəyannaməsi ilə dəyəri 124000 ABŞ dolları olan 20000 kq “fındıq ləpəsi” yükü rəsmiləşdirilərək ixrac olunmuşdur. İxrac olunmuş malların müqabilində **********1758 saylı gömrük bəyannaməsi üzrə 400 ABŞ dolları MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. “ARVİAİ” şirkəti yük gedib təyinat yerinə çatana qədər məhsulda quruma getməsini və çəkisinin azalmasını əsas gətirərək qalıq pulu ödəməyəcəyini bildirmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərlə (xx.xx.2021 saylı müqaviləyə dair invoice, xx.xx.2022-ci il tarixli Gömrük bəyannaməsi, Rəsmiləşdirmə mərkəzinin inspektoru X6 Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elçin Rüstəmova ünvanladığı xx.xx.2023-cü il tarixli raport, Şəxs MMC-nin nümayəndəsi X1-sual edilməsi barədə xx.xx.2023-cü il tarixli protokol və 20 iyul 2023-cü il tarixli, 00500-00082/23 №-li inzibati xəta haqqında protokolla) təsdiq olunur ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan “ARVİAİ” şirkətinə isə RVİ-KHA-111121 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********1758 saylı gömrük bəyannaməsi ilə dəyəri 124000 ABŞ dolları olan 20000 kq “fındıq ləpəsi” yükü rəsmiləşdirilərək ixrac olunmuşdur. İxrac olunmuş malların müqabilində **********1758 saylı gömrük bəyannaməsi üzrə isə 400 ABŞ dolları MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Ödənilməyən 400 ABŞ dolları (680 manat) vəsaiti faktiki olaraq Şəxs MMC əldə etməmişdir. Yəni 400 ABŞ dolları (680 manat) məbləğin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri olmadan baş vermişdir. Göstərilənləri, 400 ABŞ dollarının (680 manatın) Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, Şəxs MMC xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan qalan 400 ABŞ dolları (680 manat) məbləğində vəsaiti faktiki olaraq əldə etməmişdir və bunda onun təqsiri mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Əməlində inzibati xəta tərkibinin olmamasına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar