Məhkəmə qərarları › İş №3(019)-306/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-306/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-306/2020 09.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1995-ci ildə Balakən rayonunun Qabaqçöl qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Qabaqçöl qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələri ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsində atasına məxsus mağazada qoruyucu maskadan istifadə etməyərək, habelə insanların toplaşdığı yerdə sosial məsafə qorumadan sanitar- epidemiya və karantin rejiminə əməl etməmiş, polis əməkdaşı Şahid1 bununla bağlı zəruri tədbirləri görərkən ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət edən və karantin qaydalarına əməl etməsini tələb edən Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi, X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Balakən rayonu Qabaqçöl qəsəbəsində yaşayır. xx.xx.2020-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində atasına məxsus mağazada olduğu zaman mağazaya Hacıməmməd adlı polis əməkdaşı gəlmiş, onun şəklini çəkmişdir. Bu zaman o, polis əməkdaşından nə səbəbə şəklini çəkməsini soruşmuş, polis əməkdaşı ona qapalı məkanda qoruyucu tibbi maskadan istifadə etmədiyi üçün çəkdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşının qolundan tutaraq çölə çıxamasını xahiş etmiş, polis əməkdaşı çölə çıxmışdır. Onlar çölə çıxdıqdan sonra təkrar olaraq onun şəklini çəkmişlər və ona bildirmişlər ki, polisin qolundan tutub çölə çıxartdığı üçün cəzalandırılacaqdır. Həmin vaxt o, əsəbiləşərək özündən çıxmış, onların yanında ünvansız küçə söyüşləri söymüşdür. Bu zaman oraya atası Rəfael Qantayev gəlmiş və nə baş verdiyini öyrənmişdir. Polis əməkdaşları onun tibbi maskadan istifadə etmədiyini bildirmişlər. Bu səbəbdən atası da əsəbiləşərək oğluna heç bir maddə ilə cərimə tətbiq etməmələrini bildirmişdir. Həmin vaxt orada mübahisə yaranmış və polis əməkdaşları onu və atası Rəfaeli rayon polis şöbəsinə gətirmişlər. Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, Oloxan oğludur. xx.xx.2020-ci il tarixdə təxminən saat 18 radələrində Qabaqçöl qəsəbəsində çayxanada oturmuşdur. Həmin vaxt tanımadığı kənd sakini «sənin mağazanın qarşısında polis əməkdaşları şəkil çəkirlər» demişdir. O, dərhal mağazaya gəlmiş, oraya gələrkən oğlu Oloxanla polis əməkdaşlarının mübahisə etdiyini görmüşdür. Həmin vaxt qəsəbənin sahə rəisi Elnur mağazaya gəlmişdir. O, əsəbi olduğu üçün uca səslə sahə rəisinə “bu nə məsələdir, heç bir rayonda maska söhbəti yoxdur, yalnız bizdədir demişdir”. Sahə rəisi onu sakitləşdirmək istəmiş, lakin o, əsəbi olduğu üçün onun qanuni tələbinə tabe olmamışdır. Orada mübahisə olduğuna görə mağazanın qarşısına kənd sakinləri toplaşmağa başlamışdır. Həmin vaxt o, polis əməkdaşları ilə mübahisə etmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə də polis əməkdaşları onu və oğlu Oloxanı rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Balakən rayon Polis Şöbəsinin PPX-nin polis serjantıdır. xx.xx.2020-ci il tarixdə Balakən rayon Polis Şöbəsinin PPX-nin polis serjantı Şahid2lə Balakən rayonu Qabaqçöl qəsəbəsində xidmətdə olarkən qəsəbədə karonavirusa qarşı mübarizə ilə bağlı qoruyucu tibbi maskaların istifadəsi ilə bağli reyd keçirilən zaman qəsəbədə mağazaların birində bir nəfər şəxsin mağazanın daxilində-yəni qapalı məkanda tibbi maskadan istifadə etmədiyini görmüşlər. Sonradan adını bildikləri Şəxs qoruyucu tibbi maskadan istifadə etmydiyinə görə onun şəkilini çəkmişlər. Bu zaman həmin şəxs ayağa qalxaraq onun qolundan tutaraq çölə çıxarmış və kobud şəkildə ona “mənim şəklimi niyə çəkirsiz» demişdir. Ona izah edilmişdir ki, karantin qaydaları ilə bağlı qapalı məkanda qoruyucu tibbi maskadan istifadə edilməlidir. O, onların sözlərinə məhəl qoymamış, ucadan küçə söyüşləri söyməyə başlamışdır. Həmin şəxs onların qanuni tələblərinə tabe olmadığına görə növbətçi hissəyə məlumat vermişlər. Daha sonra onların olduğu yerə Oloxanın atası Rəfael Qantayev gəlmiş və onlara «gedin işinizlə məşğul olun» demişdir. Onlar Rəfaelə onların işinə mane olmamalarını bildirmiş, lakin o, onların sözünə məhəl qoymamış və küçə söyüşləri söyməyə başlamış və onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra onların olduqları yerə digər vətəndaşlar da toplaşmışlar. Bu zaman onlar həmin vətəndaşlara karatin qaydaları ilə bağlı oraya toplaşmamalarını, ara məsafəsini qorumalarını və qoruyucu tibbi maskalardan istifadə etmələrini bildirmişlər. Bundan sonra onlarla mübahisə edən həmin şəxsləri rayon polis şöbəsinə gətirilmişlər. Məhkəmə iclasında Şahid2 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 19:25də inzibati qaydada tutulmuş, xx.xx.2020-ci il tarixdə saat 14:00- radələrində azad edilmişdlir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində, xırda xuliqanlığa görə İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirlidir, onun əməli İXM-nin 211.1, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xəta həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə eynidir, bu xətalar İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidirlər. İşin hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh verilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdıran halların olmamasını, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Onun xx xxxxxxxx 2020-ci il tarixdən saat 19:25-dən xx xxxxxxxx 2020-ci il tarixə saat 14:00-a kimi tutulduğu 1 (bir) gün müddət həmin müddətdən çıxılsın və üzərində 29 (iyirmi doqquz) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar