Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-31/2025 22.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci Şamaxı şəhərində anadan olmuş, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 22 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən Əşrəfov X2 Rayon Məhkəməsinin 2(019)-747/2020 və 2(019)-473/2020 nömrəli icra sənədlərinə əsasən 4216.69 manatı tələbkarlara ödəməkdən imtina edir. Bununla da o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 bildirmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-747/2020 və 2(019)-473/2020 nömrəli icra sənədlərinə əsasən cavabdeh Şəxs 4216.69 manat borc tutularaq tələbkarlara ödənilməlidir. Borclu Şəxs həmin borcdan bugünədək 100 manat ödəniş etmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Şəxs borcunu ödəməkdən yayınır. Buna görə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, icra sənədlərinə əsasən 4216.69 manat borcdan hazırda 200 manat tələbkar "X9 Azərbaycan" QSC-nin hesabına ödəniş etmişdir. Onun icra sənədlərini icra etməməsi ağır maddi vəziyyəti ilə bağlı olmuşdur. Belə ki o, təxminən 1 il 6 ay bundan əvvəl ağır qəza keçirmiş, qəzadan əvvəl isə Azərbaycanda olmamışdır. 2 ay əvvəl ailə sürücüsü kimi işə başlamışdır. Borcunu hissə-hissə ödəmək üçün vaxt verilməsini xahiş edir. Himayəsində 2 azyaşlı uşağı vardır. Adına heç bir əmlakı yoxdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ASC-nin və "X9 Azərbaycan" QSCnin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-473/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs cəmi 734.30 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə ödənilməlidir. Balakən Rayon Məhkəməsinin 2(019)-747/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs cəmi 3521,51 manat kredit borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu xərci alınıb “X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-473/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-747/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən 200 manat ödəniş edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:40-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 09:30-da azad edilmişdir. Şəxs himayəsində xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X5 olmaqla iki azyaşlı uşaq vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədlərinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlər onun sözügedən icra sənədləri üzrə borcu üzrlü səbəb olmadan ödəmədiyini göstərir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, səmimi peşmançılığını, ziyandan qismən ödəniş etməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-31/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-31/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver