Məhkəmə qərarları › İş №3(019)-312/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-312/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-312/2020 25.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Hüquqi ünvanı Xaçmaz rayonu ünvan 2 «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur onagörəki, «Şəxs» MMC tərəfindən xx.xx.2019-cu il tarixdə, **********6417 saylı gömrük bəyannaməsi ilə dəyəri 137940 ABŞ dolları olan 22000 kiloqram meşə fındığı yükü Qərb ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilərək, Gürcüstan Respublikasının Zugdidi rayonu, Çitatskari kəndi, Vaşa Pşaveli küçəsi 25 ünvanında qeydiyyatda olan “X7” şirkətinin ünvanına göndərilmiş, İxrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 2259 ABŞ dolları məbləğində xarici valyuta geri qaytarılmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 11000-1356/20 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Şəxs» MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, «Şəxs» MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati materialda olan sənədlərdən görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X2 xx xxxxxxxx 2020-ci il tarixli qərardada əsasən «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə inzibati araşdırma aparılması üçün kifayət qədər səbəblər və inzibati xəta hadisəsinin olduğunu müəyyən edərək inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. «Şəxs» MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş və şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 2259 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə «Şəxs» MMCnin nümayəndəsi X1 Şöbəsinə dəvət olunaraq, sorğu-sual olunmuş və o, izahatında bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə İsveçrənin “İcsquared Gmbh” şirkətinin sifarişi əsasında ümumi dəyəri 137940 ABŞ dolları olan 22000 kiliqram fındıq ləpəsi Gürcüstan Respublikasında yerləşən “X7” şirkətinə satılmışdır. Sifarişçi şirkət olan “İcsquared Gmbh” şirkəti isə yükün hər kiloqramına görə 0.10 ABŞ dolları, yəni 2200 ABŞ dollarını özündə saxlamaqla qalan 135740 ABŞ dollarını «Şəxs» MMC şirkətinə ödəmişdir. 59 ABŞ dolları isə bank xərcləri təşkil etmişdir. Beləliklə, fındıq məhsulunun 137940 ABŞ dolları ümumi məbləğinin mütləq çox hissəsi Azərbaycan Respublikasının müvəkkil edilmiş bankına köçürülmüş, 59 ABŞ dolları bank xərcləri təhşkil etmiş, 2200 ABŞ dolları isə İsveçrənin “İcsquared Gmbh” şirkətinin hesabında qalmış və bu səbəbdən həmin məbləğ «Şəxs» MMC-nin hesabına köçürülməmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Şəxs» MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddərin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, xx.xx.2019-cu il tarixdə İsveçrənin “İcsquared Gmbh” şirkətinin sifarişi əsasında ümumi dəyəri 137940 ABŞ dolları olan 22000 kiliqram fındıq ləpəsi Gürcüstan Respublikasında yerləşən “X7” şirkətinə satılmışdır. Sifarişçi şirkət olan “İcsquared Gmbh” şirkəti isə yükün hər kiloqramına görə 0.10 ABŞ dolları, yəni 2200 ABŞ dollarını özündə saxlamaqla qalan 135740 ABŞ dollarını «Şəxs» MMC şirkətinə ödəmiş, 59 ABŞ dolları isə bank xərcləri təşkil etmişdir. Beləliklə, ixrac olunmuş yükə dair 2259 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbi “İcsquared Gmbh” şirkətinin yükün hər kiloqramına görə 0.10 ABŞ dolları, yəni 2200 ABŞ dollarını özündə saxlaması, 59 ABŞ dollarının isə bank xərclərini təşkil etməsi ilə bağlı olmuşdur. Yəni 2259 ABŞ dolları məbləğin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Şəxs» MMC-nin təqsiri olmadan baş vermişdir. Göstərilənləri, 2259 ABŞ dollarının Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Şəxs» MMC-nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını nəzərə alınaraq, hesab edirəm ki, «Şəxs» MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə, «Şəxs» MMC MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. «Şəxs» MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən «Şəxs» MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, «Şəxs» MMC xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan qalan 2259 ABŞ dolları məbləğində vəsaiti faktiki olaraq əldə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, «Şəxs» MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibinin olmamasına görə «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar