Məhkəmə qərarları › İş №3(019)-317/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-317/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-317/2021 30.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, xx.xx.1980-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, orta ixtisas təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 01.09.2021-ci il tarixdə, saat 11 radələrində Balakən şəhəri M.Müşviq küçəsində yaşadıqları evdə X4 itələyərək yerə yıxmaqla ona qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 29.09.2021-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Yaşadıqları evdə qayınanası Həlimət Məmmədova onunla və əri Azərşən Məmmədovla yola getmir, evdə onlarla kobud rəftar edir, onları təhqir edir. Sonuncu dəfə 01.09.2021-ci il tarixdə saat 13 radələrində yaşadıqları evdə qayınanası Həlimət Məmmədova onunla əsassız yerə mübahisə edərək onu təhqir etmiş, sonra üzərinə hücum çəkərək saçını yolmuş, sonra isə boynuna və sinəsinə dırnaqları ilə xəsarət yetirmiş, qarın boşluğuna yumruqla vurmuşdur. Bu zaman özünü müdafiə etmək üçün Həliməti özündən kənara itələmiş, Həlimət ayağı ilişərək yerə yıxılmışdır. Sonra isə Həlimət Məmmədova əlinə bıçaq götürərək onun üzərinə gəlmiş, lakin bıçaqla ona vurmamış, daha sonra onu yenidən təhqir etmişdir. Mübahisə zamanı Azərşən Məmmədov onların yanında olmamış, Azərşən anası Həlimət Məmmədovanı döyməmiş, həmçinin o da Həliməti döyməmiş, sadəcə onu özündən kənara itələdikdə o, yerə yıxılmışdır. O və əri X14 Məmmədovanı özünü öldürmək həddinə çatdırmamışlar. O, yalan danışır. Mübahisə zamanı yanında azyaşlı uşaqları olmuş, yanında başqa heç kim olmamış, səs-küy yaranmamış, mübahisə evin içərisində baş vermişdir. Onun himayəsində 11 və 9 yaş olmaqla iki azyaşlı uşaq vardır. O, Həlimət Məmmədovanı öldürməklə hədələməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, ünvan 2 ünvanında yaşayır. Son vaxt yaşadıqları evdə oğlu Azərşən Məmmədov və onun həyat yoldaşı Şəxs onunla yol getmirlər. Vüsalə evdə onunla kobud rəftar edir, onu söyüşlərlə təhqir edir. Sonuncu dəfə 01.09.2021-ci il tarixdə saat 11 radələrində Vüsalə evdə onunla əsassız yerə mübahisə etmiş, sonra onu itələyərək yerə yıxmışdır. Həmin gün axşam saatlarında Şəxs yaşadıqları evdə nə üçün onu oğlu Azərşən Məmmədova şikayət etməsini bəhanə edərək onun üzərinə gəlmiş, ayağındakı şəpitləri çıxararaq onun başına bir neçə dəfə vurmuş, tez ondan uzaqlaşaraq DİN-nin 102 xidmətinə şikayət etmişdir. Bu zaman Şəxs onu sözlə öldürəcəyi ilə hədələmişdir. Azərşən Məmmədov və gəlini Şəxs onunla amansız rəftar edərək, onun ləyaqətini alçaldaraq, hədə-qorxu gələrək onu özünü öldürmək həddinə çatdırmışlar. Mübahisə zamanı yanında başqa heç kim olmamış, səs-küy yaranmamış, mübahisə yaşadıqları evin içərisində baş vermiş, gəlini Vüsalə onu sözlə öldürəcəyi ilə hədələmişdir. O, mübahisə zamanı Şəxs vuraraq hər hansı bir xəsarət yetirməmişdir. Şəxs şikayətçidir. Onun barəsində ən sərt tədbirin görülməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı Natiq Muradovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 08.09.2021-ci il tarixli qərarından görünür ki, ünvan 2-də qeydiyyatda olan və yaşayan X6 və Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə qarşılıqlı müraciətləri əsasında aparılmış araşdırma zamanı toplanmış HK-1-707 və HK-1-716 nömrəli materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 134-cü maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin X6 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncuların qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi və gələcəkdə baş verə biləcək hüquqa zidd əməllərin qarşısının alınması məqsədilə ünvan 2-də qeydiyyatda olan və yaşayan X3 ailəsinin münaqişəli ailə kimi Balakən RPŞ-də qeydiyyata götürülməsi məsələsinə baxılması üçün RPŞ-nin İTB-nə, X6 və Şəxs göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsində inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Himayəsində iki azyaşlı uşağın olmasını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halları və məsuliyyəti ağırlaşdırılan halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X12, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar