Məhkəmə qərarları › İş №3(019)-319/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-319/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-319/2025 27.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2, nümayəndəsi Nümayəndə1 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Balakən şəhəri,H.Əliyeva prospekti 9 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada malları gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsini elektron formada tərtib edib göndərmədən Şəxs MMC-nin ünvanına gələn “kənd təsərrüfatında istifadə olunan traktor üçün asma və ya qoşulan otbiçənlər, çayır biçmə makinası, təkərlə ot toplama dırmığı və kənd təsərrüfatında istifadə olunan avanlıqların hissələri” yükünü gömrük postundan keçirməklə Azərbaycan Respublikası ərazisinə gətirilmişdir. Hüquqi şəxs Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) ünvanına idxal olunmuş “Kənd təsərrüfatında istifadə olunan traktor üçün asma və ya qoşulan otbiçənlər, cayır biçmə makinası, təkərli ot toplama dırmığı və kənd təsərrüfatında istifadə olunan avadanlıqların hissələri” yükünün Balakən Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi aparılan zamanı, həmin yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada Qısa idxal bəyannaməsinin təqdim edilmədiyi aşkar olunmuşdur. Buna görə də Şəxs MMC barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir.Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxsn direktoru Nümayəndə2 məhkəmə iclasında inzibati xətanın törədilməsində özlərini təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.1982-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, hazırda Balakən rayonu, Talalar kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır.Uzun müddətdir ki, Azərbaycanda daimi yaşama icazəsi əsasında yaşayır və bu səbəbdən də azərbaycan dilində sərbəst danışa və yaza bilir. Direktoru olduğu Şəxs MMC əsas fəaliyyət istiqaməti olaraq kənd təsərrüfatında istifadə olunan texnikaların idxalı və daxili bazar üçün satışını həyata keçirir. 24 aprel 2025-ci il tarixində, Türkiyə Respublikasının “HARMAK ZİRAAT MAK.SAN. TİC.LTD” şirkətindən 34HVA61/61K11481 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə idxal etdiyi dəyəri 100.764 ABŞ dolları olan kənd təsərrüfatında istifadə olunan traktor üçün asma və ya qoşulan otbiçənlər, təkərli ot toplama dırmığı və kənd təsərrüfatında istifadə olunan avadanlıqların hissələri” yükü Azərbaycan Respublikasının ərazisinə qısa idxal bəyannaməsi təqdim etmədən daxil olmuşdur. Göndərilən mallar barədə şirkət tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmiş, lakin gömrük brokeri tərəfindən edilən diqqətsizlik səbəbindən idxal olunan yüklərə dair qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Bu məsələdə Cəmiyyətin təqsiri yoxdur. Belə ki, "xxxx" MMC idxalla bağlı gömrük prosedurlarını özü birbaşa icra edə bilmədiyindən bu məqsədlə "xxxx" MMC ilə xidmət müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən idxal əməliyyatlarının rəsmiləşdirilməsi, o cümlədən qısa idxal bəyannaməsinin təqdim olunması öhdəliyi tam şəkildə "xxxx" MMC-yə həvalə edilmişdir. Müqaviləyə əsasən "xxxx" MMC malların gömrük rəsmiləşdirilməsi üçün zəruri məlumat və sənədləri vaxtında təqdim etməklə öz öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Lakin müqavilə üzrə öhdəlik götürən "xxxx" MMC-nin əməkdaşı Samir Qasımov səhlənkarlıq (hərəkətsizlik) nəticəsində qanunla nəzərdə tutulmuş qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim etməmişdir. "xxxx" MMC-nin isə bu barədə yalnız inzibati icraat başladıqdan sonra məlumatı olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 485.2-cı maddəsinə əsasən həmin maddənin tərkibinin yaranması üçün Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməlidir. Qeyd edilən hal da tam sübuta yetirilmişdir və onların bu barədə heç bir etirazı yoxdur. Hüquqi şəxslərin inzibati məsuliyyətini müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması yalnız o halda mümkündür ki, “əməl həmin hüquqi şəxsin xeyri və ya maraqlarının qorunması məqsədilə törədilsin. Bu məqsədlə əməli törədən şəxs ya hüquqi şəxsi təmsil edən, ya onun adından qərarlar qəbul edən, ya fəaliyyətinə nəzarət edən vəzifəli şəxs olmalı, ya da bu vəzifəli şəxslər tərəfindən nəzarətin həyata kecirilməməsi nəticəsində hüquqi şəxsin işçisi olmalıdır. Mövcud işdə isə qısa idxal bəyannaməsinin verilməməsinə “Balakəntoxum" MMC-nin xeyrinə, nə də maraqlarının qorunması məqsədilə edilmişdir. Əksinə, bu hal idxalın uzanmasına, məsələnin mübahisələnməsinə, müştərilərə malın vaxtında təhvil verilməməsi və digər hallarla şirkət üçün zərərli olmuşdur. Samir Qasımov özü də Gömrük orqanında təhqiqatçıya verdiyi izahatla etiraf etmişdir ki, bəyannamənin verilməməsi yalnız onun fərdi səhlənkarlığı və diqqətsizliyi nəticəsində bas vermişdir. Lakin gömrük orqanının təhqiqatçısı tərəfindən həmin hallar "xxxx" MMC-nin direktoru Nümayəndə2 izahatı və "xxxx" MMC-nin əməkdaşı Samir Qasımovun izahatı ilə aydınlaşsa da təhqiqatçı İXM-in 485.2-ci maddəsini “Balakəntoxum " MMC-yə tətbiq edərək ittiham irəli sürmüşdür. Təhqiqatçı inzibati xətalara dair işlər üzrə icraat zamanı Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi halını müəyyən etməklə yanaşı izahatlar və digər prosessual hərəkətlərlə əməli törədən şəxsin(brokerin) hərəkətsizliyinin “Balakəntoxum" MMC-nin xeyri və maraqlarının qorunması məqsədilə edilib-edilmədiyini aydınlaşdırmalı, bundan sonra da əməli tövsif edərək hüquqi nəticəyə gəlməli idi. Lakin təhqiqatçı bu yanaşmanı icra etməməklə yanaşı sanki qərəzli olaraq birbaşa 11 avqust 2025-ci il tarixdə "xxxx" MMC barəsində inzibatı xəta protokolunu tərtib etmiş, sonra eyni tarixdə inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etmişdir. Sırf icraat bitdikdən sonra isə prosessual qaydaları kobud surətdə pozaraq 12 avqust 2025-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşı Samir Qasımovun izahatını alaraq izahatı arxa tarixlə iş materiallarına daxil etmişdir.İşin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 Cəmiyyətin direktoru Nümayəndə2 ilə eyni məzmunlu izahat verərək işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəisi Rövşən Ağazadə tərəfindən Balakən Gömrük İdarəsinin rəisi Kamran Yusifova ünvanlanmış 01.2025-ci il tarixli raportda göstərilmişdir ki, “Məlumat üçün bildiririk ki, xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) ünvanına idxal olunmuş “Kənd təsərrüfatında istifadə olunan traktor üçün asma və ya qoşulan otbiçənlər, cayır biçmə makinası, təkərli ot toplama dırmığı və kənd təsərrüfatında istifadə olunan avadanlıqların hissələri” yükünün Balakən Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi aparılan zamanı, həmin yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada Qısa idxal bəyannaməsinin təqdim edilmədiyi aşkar olunmuşdur”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannamənin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydaların 1-ci maddəsinə əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 21.3-cü və 22.2-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən qaydaları müəyyən edir. 1.2. Hər bir şəxs gömrük orqanları ilə münasibətlərində Gömrük Məcəlləsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər. 1.3. Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi broker təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün , yaxud təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün fəaliyyət göstərir. Broker təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün fəaliyyət göstərdiyindən yol verilən xətaya görə broker deyil, təmsil etdiyi şəxs məsuliyyət daşıyır. Hazırkı işdə də Balakən Gömrük İdarəsi haqlı olaraq inzibati xəta haqqında protokolu broker barəsində deyil, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində tərtib etmişdir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət dəymiş ziyanla bağlı reqress qaydasında "xxxx" MMC-ə qarşı iddia qaldıra bilər. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əməlin həmin hüquqi şəxsin xeyri və ya maraqlarının qorunması məqsədilə törədilməli olması barədə Şəxsn nümayəndələrinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər və hüquqi şəxslər üçün məsuliyyət nəzərdə tutulmuşdur. Buradan da aydın olur ki, qanunverici qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsini hüquqi şəxsin xeyri və ya maraqlarının qorunması məqsədilə törədilən hərəkət kimi müəyyən etmişdir.Odur ki, Balakən Toxum” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndələrinin dəlilləri əsaslı hesab olunmur. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün min manat məbləğində, hüquqi şəxslər üçün min beş yüz manat məbləğində cərimə tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyət (VÖEN:**********) hüquqi şəxs olmasını, törədilmiş xətanın xarakterini,onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar