Məhkəmə qərarları › İş №3(019)-322/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-322/2025

16.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-322/2025 16.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X1 Bölməsinin sahə rəisi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Balakən rayonunun Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 3ində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 15 avqust 2025-ci il tarixdə saat 16:00 radələrində sərxoş vəziyyətdə Balakən şəhəri, N.Nərimanov küçəsində uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid2 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X1 Bölməsinin sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 raportu əsasında ünvan 3 sakini Şəxs ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xətalar haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü ünvan 3 sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək göstərdi ki, o, təxminən bir neçə gün öncə Balakən şəhəri H.Əliyev prospektində rayon prokurorunun xidməti avtomobilinin arxasında özünə məxsus avtomobil ilə işıqforda durarkən yüksək səslə musiqiyə qulaq asdığına və yol hərəkəti qaydalarını pozduğuna görə yol patrul xidməti əməkdaşları tərəfindən avtomobili duracağa yerləşdirilmişdir. Buna görə də o, 15 avqust 2025-ci il tarixdə saat təxminən 16 radələrində rayon prokurorundan üzr istəmək üçün prokurorluğun qarşısına gəlmişdir. Həmin vaxt o, içkili halda olmuşdur.Bu zaman rayon polis şöbəsinin ximəti əməkdaşları onu qəbul etmiş və yol verdiyi nöqsanları onun nəzərinə çatdırmışlar. Etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Balakən Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2011-ci ildən DİO-da, 2025-ci ildən isə tutduğu vəzifədə xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2la birlikdə Balakən şəhəri N.Nərimanov küçəsində xidmətdə olduqları zaman həmin küçədə yerləşən Balakən RPŞ-nin inzibati binasının önündə bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edib onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs təxminən 10 dəqiqə onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də onlar həmin şəxsi özləri ilə birlikdə Balakən RPŞ-nə gətirmişlər. RPŞ-də olan zaman həmin şəxsin ünvan 3 sakini Şəxs olduğu məlum olmuşdur. Bundan sonra o,bu barədə RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən, Balakən Rayon Polis Şöbəsinin PPXB polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 avqust 2025-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 avqust 2025-ci il tarixdə saat 16:45 radələrində inzibati qaydada tutulmuş , 16 avqust 2025-ci il tarixdə saat 11:30-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 avqust 2025-ci il tarixli 897 nömrəli sərxoşluğun hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 15 avqust 2025-ci il tarixdə Şəxs 1,038 dərəcəli sərxoş olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16 avqust 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 3i ünvanında yaşayan xx.xx.1994-cü il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə, xx.xx.2025-ci il tarixdə isə Azərbaycan Respublikası İXM-ninin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. X2 Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı bir il ərzində təkrar törətməsi və hazırkı inzibati xətaları sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətaların xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, onun məsuliyyətini ağırlaşdıran halları, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli,barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 avqust 2025-ci il tarixdə saat 16:45-də inzibati qaydada tutulmuş, 16 avqust 2025-ci il tarixə saat 11:30-da azad edilsə də, faktiki olaraq polis əməkdaşlarının nəzarəti altında, azadlığı məhdudlaşdırılmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 15 avqust 2025-ci il tarixdə saat 16:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar