Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-335/2021 19.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X7, zərərçəkmiş şəxs X1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X5 iştirakı ilə, xx.xx.2005-ci ildə Balakən şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 29.08.2021-ci il tarixdə, saat 15:00 radələrində Balakən rayonu Hənifə kəndində qonşusu X2 döyməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı,1157018 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi olan anası X5 və müdafiəçisinin iştirakı ilə dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. 29.08.2021-ci il tarixdə səs-küy eşidərək yaşadığı evin həyətinə gəlmiş, bu zaman qonşusu Rəşxəndənin anası Xəyalə Hətəmovaya vurduğunu görüb, onları ayıran vaxtı Rəşxəndənin sifətinə əlavə olaraq 1 dəfə ayağı ilə vurmuşdur. Rəşxəndə ilə aralarında mübahisənin özlərinin yaşadığı evin həyətyanı sahəsində baş vermişdir. Rəşxəndənin onların barəsində qeyd etdiyi xüsusatlar yalan və böhtandır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, Şəxs onun qonşusudur. 29.08.2021-ci il tarixdə həyat yoldaşının təsərrüfatında olan məxsus olan 1 baş inəyi aralıqda olan onun həyətyanı sahəsinə düşən çəkil ağacına bağlayıb çıxıb getmişdir. Həmin vaxt evinin həyətində yerdə əyləşib qoz təmizləmiş, bu vaxt Xəyalənin həyat yoldaşı Ramiz onu çağırıb nəyə görə inəyin boynundakı ipin uzunluğunu çox qoymağını, nəticədə inəyin onun üzüm ağacının yarpağını yediyini demişdir. Ramizə ipi düzəldəcəyini dediyi vaxt Xəyalə onun söhbətinə müdaxilə edərək ünvanına nalayiq ifadə işlətmişdir. Xəyaləyə cavab verərək yaşadığı evin qarşısında qoz təmizlədiyi vaxt Xəyalə əlində dəmir boru ilə ona yaxınlaşaraq ona vurmuş, daha sonra isə yerdən çubuq götürüb qollarına vurmuşdur. Xəyalə ilə əlbəyaxa olduğu zaman Xəyalənin oğulları Rəvan ilə Mais gələrək Rəvanın əlində atvyorka ilə onun gözünün kənarına xəsarət yetirmiş, həmçinin Rəvan, Mais və Xəyalə ilə birlikdə birləşib onu yumruq və təpiklə yaşadığı evin qarşısında döymuşlər. Ramiz isə kənardan dayanıb onun ünvanına nəlayiq ifadələr işlədib təhqir etmişdir. Hadisə baş verdiyi zaman ətrafda başqa heç kim olmamışdır. Şəxs şikayətçidir. Onun barəsində ən sərt tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, 29.08.2021ci il tarixdə yaşadığı evin həyətində qonşusu Rəşxəndəyə malına sahib çıxmasını və bir daha ona məxsus olan aralıqdakı üzüm ağacının yarpağını yeməməsini demişdir. Həmin vaxt Rəşxəndə qəfildən arxadan üstünə əlində bıçaqla hücum etdiyini görüb həyat yoldaşı Xəyalə Hətəmova onun əlindən bıçağı alıb, yerə yıxıb Rəşxəndinin sifətinə yumruqlar vurub onu döymüşdür. Bu vaxt səs-küyə oğlu Rəvan gələrək anasını ayıran vaxtı Rəşxəndənin sifətinə əlavə olaraq 1 dəfə ayağı ilə vurmuşdur. Rəşxəndə ilə aralarında mübahisənin özünün yaşadığı evin həyətyanı sahəsində baş vermişdir. Rəşxəndənin onun və övladları barəsində qeyd etdiyi xüsusatlar yalan və böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 da X13 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Balakən rayon Hənifə kənd sakini X1 şikayəti əsasında toplanmış HK-1-698 saylı material üzrə cinayət İşinin başlanması rədd edilmiş, X15 16 yaşına çatmamış şəxs olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılmasından imtina edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, X3 göndərilmiş, X9 və Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.2-ci maddəsində inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xətanı törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xətanı törədərkən yetkinlik yaşına çatmayan şəxs olması və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı, qanuni və ədalətli hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X10 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X10 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-335/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-335/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver