Məhkəmə qərarları › İş №3(019)-336/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-336/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-336/2022 07.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 22.05 radələrində yol-nəqliyyat hadisəsi törədərək idarə etdiyi avtomaşında əyləşən Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirməsi əsası ilə Balakən rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:05 radələrində özünə məxsus VAZ-2107 markalı **-RF-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən rayonu istiqamətindən Balakən rayonu Talalar kəndinə getmişdir. Avtomaşınında ondan başqa qohumu və qonşusu olan Zərərçəkmiş şəxs da olmuşdur. Balakən rayonu Talalar kəndi ərazisində “Karvan” şadlıq sarayının yaxınlığında asvalt yolun sağ tərəfi ilə onun üzərinə qaçaraq gələn atları görmüş, bu zaman idarə etdiyi maşının sürətini azaltmış, lakin qarşı tərəfdən gələn atlardan birini idarə etdiyi avtomaşını ilə vurmuşdur. Həmin atın yanında olan balaca at (qulun) isə maşınının ön şüşəsinə çırpılaraq salona girmişdir. Hadisə baş verən zaman o və onun yanında qabaq tərəfdə oturan qohumu və qonşusu Zərərçəkmiş şəxs müxtəlif dərəcəli xəsarətlər almışlar. Onun üzərinə doğru gələn atları görəndə aralarında 30 metr məsafə olmuş, o, 80-90 km/saat sürətlə getmişdir. Həmin vaxt onun üzərinə doğru gələn atları görmüş, tez idarə etdiyi maşının sürətini azaltmış, idarə etdiyi maşının sürətini azaldaraq 50 km/saat sürətlə hərəkət etdiyi zaman üzərinə doğru gələn atlar onun maşınına çırpılmış və nəticədə maşınının kapot hissəsi yararsız hala düşmüş və maşınının ön aynası sınmışdır. Hadisə baş verəndən sonra o, idarə etdiyi maşını saxlamışdır. O və qonşusu Zərərçəkmiş şəxs maşından düşmüş, yaxınlıqda olan bulaqdan su içmiş, əl-üzlərini yumuşlar. Həmin vaxt yoldan təcili tibbi yardım maşını keçmiş, ətrafda olan adamlar təcili tibbi yardım maşınını saxlamış, onlar həmin təcili tibbi yardım maşınına minərək Balakən Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada onlara tibbi yardım göstərilmiş, sonra isə o, Zərərçəkmiş şəxslə hadisə yerinə qayıtmışlar. Hadisə yerinə gələndə Balakən RPŞ-nin əməkdaşları hadisə yerini müayinə etmişlər. Polis əməkdaşları hadisə yerini müayinə edib yekunlaşdırdıqdan sonra izahatını almaq üçün onu Balakən RPŞ-nə dəvət etmişlər. O, hadisə baş verən zaman spirtli içkinin və psixotrop maddənin təsiri altında olmamış, onun avtomaşınında heç bir nasazlıq olmamışdır. Yol-nəqliyyat hadisəsi baş verən zaman onun avtomaşınında ondan başqa qohumu və qonşusu olan Zərərçəkmiş şəxs da olmuşdur. Onun B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi və digər rəsmi sənədləri vardır. Yolnəqliyyat hadisəsi zamanı o, müxtəlif dərəcəli bədən xəsarətlərini almış və aldığı xəsarətlərin dərəcəsini bilmək üçün məhkəmə-tibbi ekspertin müayinəsindən keçmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı tələb və şikayəti yoxdur. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:05 radələrində qonşusu və qohumu olan Şəxs ilə birlikdə ona məxsus olan etibarnamə əsasında idarə ediyi “VAZ-2107” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən şəhər mərkəzindən Balakən rayonu Talalar kəndinə öz evlərinə getmiş, bu zaman həmin avtomaşının qabaq tərəfində oturmuşdur. Avtomaşında mobil telefonunda olan videolara baxdığı üçün yola baxmamış, ona görə də yolda olan atları görməmişdir. Qohumu və qonşusu olan Şəxs ‘'VAZ-2107” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomaşını təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Şəxs idarə etdiyi “VAZ- 2107” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə atlar gəlmiş,, həmin atlardan ikisi Şəxs idarə etdiyi avtomaşınla toqquşmuşdur. Bu zaman balaca at, yəni qulun avtomaşının ön şüşəsindən salona girmiş, həmin atın balasını (qulunu) ətrafda olan adamlar dartaraq salondan çıxarmışlar. Sonra o, Arzumanla maşından yerə düşmüş, yaxında olan bulaqda əl-üzlərini yumuşlar. Daha sonra hadisə yerinə təcili tibbi yardlım maşını gəlmiş və onları Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər onlara tibbi yardım göstərmiş, sonra onlar xəstəxanadan çıxaraq hadisə yerinə gəlmişlər. Həmin vaxt hadisə yerində Balakən RPŞ-nin əməkdaşları olmuş, polis əməkdaşları hadisə yerini müayinə etmiş, hadisə yerini müayinə edib bitirdikdən sonra onu və Şəxs izahatlarını almaq üçün Balakən RPŞ-yə dəvət etmişlər. Şəxs idarə etdiyi avtomaşında heç bir nasazlıq olmamışdır. Yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış və aldığı xəsarətlərin dərəcəsini bilmək üçün məhkəmə-tibbi ekspertin müayinəsindən keçmişdir. Hal-hazırda Şəxs ilə barışmışdır. Şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyan tam şəkildə ona ödənilmişdir. Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 319 nömrəli rəyindən görünür ki, Şəxs müəyyən edilmiş xəsarətlər-sol saidində çoxsaylı səthi kəsilmiş yaralar iti kənara malik bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il ildə baş vermiş yolnəqliyyat hadisəsi zamanı sınmış şüşə qəlpələrinin təsirindən əmələ gələ bilərdilər, sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 320 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-alın nahiyəsində əzilmiş yara bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Məhəmməd Xocaxovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə Balakən rayonu Talalar kənd sakinləri Şəxs və Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Balakən RMX-yə müraciət etmələri əsasında toplanmış HK-1-598 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Balakən rayonu Talalar kənd sakini Şəxs barəsində inzibati tədbir görülməsi üçün Balakən RPŞ-nin DYB-nə göndərilməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-2107 minik markalı, 10RF423 dövlət qeydiyyat nişanlı avtomobil Şəxs adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 212 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şəxs ayıq olduğu həmçinin alkoqolun qəbulu əlamətlərinin olmadığı qeyd edilmişdir. İşə əlavə olunan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan könüllü olaraq tam şəkildə ona ödənilmişdir. O, Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzədə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 22.05 radələrində yol-nəqliyyat hadisəsi törədərək idarə etdiyi avtomaşında əyləşən Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirməsi Şəxs və Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatları, xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, hadisə yerinin sxemi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 320 nömrəli rəyi, Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Məhəmməd Xocaxovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı və sair sübutlarla tam təsdiq olunur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngüləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normalarının tələbinə əsasən inzibati xəta törətməsindən səmimi peşimançılığını,vurulmuş zərərin əvəzini zərərçəkmiş şəxsə könüllü sürətdə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə inzibati xəta törətməsini və hadisə nəticəsində özünün də dərəcəsi təyin olunmayan bədən xəsartləri almasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşmançılığı, vurulmuş zərərin əvəzini zərərçəkmiş şəxsə könüllü sürətdə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ilk dəfə inzibati xəta törətməsi və hadisə nəticəsində özünün də dərəcəsi təyin olunmayan bədən xəsartləri alması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar