Məhkəmə qərarları › İş №3(019)-336/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-336/2023

05.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-336/2023 05.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis X1 Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi X3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Balakən rayonu Talalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, işləməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 19.15 radələrində Balakən rayonu Talalar kəndində küçədə nalayiq ifadələr işlərədək ictimai qaydanı pozmuş, bu hərəkətlərinin qarşısını almağa dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işlərə baxılması Balakən Rayon Məhkəməsinə aid olduğundan, onların bir icraatda məhkəmədə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin o cümlədən 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXMnin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Balakən rayonu Talalar kəndində olmuş, bu zaman polis əməkdaşları qonşusu olan X2 evinə gəlmişlər. O, bunu görən zaman dərhal qonşusu Mikayılgilə getmişdir. Həmin gün saat 19.15 radələrində polis əməkdaşları Mikayılgilə gələn zaman onlara maneçilik törətmiş, ucadan ünvanlı və ünsansız söyüşlər söyərək polis əməkdaşlarını həyətdən qovmağa başlamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, onlara məhəl qoymayaraq yenə öz hərəkətlərini davam etdirməyə başlamışdır. Daha sonra polis əməkdaşları onu Balakən RPŞ-yə gətirmişlər. Etdiyi əməldən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı vardır. Bu halların ona tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmaqla, pay torpağında yerləşən kolluq ərazidə və həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olan X2 pay torpağına və həyətyanı torpaq sahəsinə o, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Tamerlan Qurbanov və Balakən RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Cuma Mamedov xx.xx.2023-cü il tarixdə saat 19.15-də baxış keçirən zaman qonşuluqda yaşayan bir nəfər şəxs həmin ünvana gələrək, uca səslə onların ünvanına, eyni zamanda ünvansız söyüş ifadələri işlədərək, onları həyətdən qovmağa cəhd etmişdir. Onlar həmin şəxsə özlərini dəfələrlə təqdim edib, qanunu ona izah etməyə və onu nizam-intizama dəvət etməyə çalışsalar da, o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, polis əməkdaşlarının üstünə yeriyərək, onlardan həyəti tərki etmələrini tələb etmişdir. Onlar dəfələrlə həmin şəxsi xəbərdar etsələr də, onlara qəsdən tabe olmadığı üçün həmin şəxsi qanuni tədbir görülməsi üçün Balakən RPŞ-yə gətirmişlər. Balakən RPŞ-də olan zaman həmin şəxsin xx.xx.1978-ci il təvəllüdlü, Balakən rayonu Talalar kənd sakini Şəxs olması məlum olmuşdur. Bundan sonra o, ictimai qaydanı pozmaqla yanaşı, onların qanuni tələblərinə qəsdən tabe olmayan Şəxs barəsində qanuni tədbir görülməsi üçün Balakən RPŞ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X16 da şahid X5 izahatına uyğun izahat verərək, onun izahatında göstərdiyi halları təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* №-li inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20.00-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 13.00-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından həmçinin görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməmişdir. İş materiallarına əlavə olunmuş portal məlumatlarından çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 olmaqla Şəxs himayəsində iki azyaşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və İXM-nin 34.3-cü maddəsi əsasında Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları eyni vaxtda-xx.xx.2023-cü il tarixdə saat 19.15-də törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Ona görə də İXM-nin 34.3-cü maddəsi maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağın olmasını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, himayəsində iki azyaşlı uşağın olması və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cu maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs xx.xx.2023-cü il saat 20.00-dan xx.xx.2023-cü il saat 13.00-dək iki gün inzibati qaydada tutulması nəzərə alınmaqla ona təyin ediləcək cərimə tənbehinin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimənin yuxarı həddinin dörddə üç hissəsindən çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X17, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X12 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 manat məbləğində inzibati qaydada cərimə edilsin; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun xx.xx.2023-cü il saat 20.00-dan xx.xx.2023-cü il saat 13.00-dək iki gün inzibati qaydada tutulması nəzərə alınmaqla bu cərimə tənbehi yüngülləşdirilsin və Şəxs üzərində qəti olaraq 70 (yetmiş) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X12 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar