Məhkəmə qərarları › İş №3(019)-337/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-337/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-337/2024 30.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli,evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış,Balakən rayonu Yeni Şərif kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində sərxoş vəziyyətdə,Balakən rayonu Talalar kəndi ərazisində yerləşən “Karvan” şadlıq sarayının həyətində-ictimai yerdə ucadan ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları X8 və X1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X7 sahə rəisi X9 məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri, polis leytenantı Rasul Umarovun raportu əsasında Balakən rayonu Yeni Şərif kənd sakini Şəxs ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xətalar haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü Balakən rayonu Yeni Şərif kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi vardır.Odur ki,onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, Balakən rayonu Talalar kəndində yerləşən “Karvan” Şadlıq sarayında dostunun toyunda iştirak etmişdir. Toyda yemək yemiş və spirtli içki qəbul etmişdir. Daha sonra o, şadlıq sarayının yaxınlığında yerləşən kafeye getmiş və bir az orada oturduqdan sonra təkrar şadlıq sarayının həyətinə qayıtmışdır. Avtopatrul maşınının içində bir nəfərin maşını təpiklədiyini eşitmişdir. Ona maşında olan şəxsin qardaşı olduğunu demişlər.O, maşına minmiş,maşındakı şəxsin tanışı Zaur adlı şəxsin olduğunu görmüşdür. Polis əməkdaşları Zaurla bərabər onu da Polis Şöbəsinə gətirmişlər. Əməlindən peşimandır. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB tağım komandiri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 22:30 radələrində Rayon Polis Şöbəsinin PPXB-nin polis serjantları Human Nurməmmədov və X6 şəhəri H.Əliyev prospektiində 1 nömrəli marşurutda avtopatrul ilə xidmətdə olan zaman RPŞ-nin Növbətçi hissəsindən padioötürücü vasitəsi ilə onlara Balakən rayonu Talalar kəndində yerləşən “Karvan” şadlıq sarayında mübahisə olduğunu bildirərək, təcilli ora yaxınlaşmaları barədə göstəriş verilmişdir. Onlar avtopatrul ilə “Karvan” şadlıq sarayına yaxınlaşan zaman orada üç nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək bir-biri ilə mübahisə etdiklərini görmüşlər.Onlar avtoputruldan yerə düşmüş və həmin şəxslərə yaxınlaşan zaman həmin şəxslərdən biri oradan uzaqlaşaraq şadlıq sarayının içərisinə girmişdir. Ona görə də onlar digər iki şəxsə yaxınlaşaraq onlara özlərini təqdim etmiş və ictimai yerdə nalayiq ifadələr işlətmələri inzibati məsuliyyət yaratdığını onlara izah etmiş və onları nizam-intizama dəvət etmişlər.Həmin şəxslər onların tutduqları iradlara məhəl qoymamış,onların qanuni tələblərinə tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətməyə davam etmişlər.Buna görə də avtopatrulda olan polis əməklaşlarının köməkliyi ilə həmin 2 nəfər şəxsi özləri ilə birlikdə Rayon Polis Şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində həmin şəxslərin Balakən rayonu Yeni Şərif kənd sakinləri X14 və Şəxs olduqlarını, oradan uzaqlaşan şəxsin isə Balakən rayonu Meşəşambul kənd sakini X2 bilmişlər. Bundan sonra bu barədə tədbir görülməsi üçün RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Balakən Rayon Polis Şöbəsinin PPXB polis nəfəri vəzifəsində xidmət edən X5 şahid X8 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 iyul 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 iyul 2024-cü il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuş,30 iyul 2024-cü il tarixdə saat 11:30-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29 iyul 2024-cü il tarixli 951 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 28 iyul 2024-cü il tarixdə saat 23:26-da 0,443% sərxoş olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Yeni Şərif kənd sakini xx.xx.1995-ci il təvəllüdlü Urkayev X16 inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur və inzibati xətaları sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları-əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar