Məhkəmə qərarları › İş №3(019)-338/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-338/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-338/2024 30.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Meşəşambul kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində sərxoş vəziyyətdə,Balakən rayonu Talalar kəndi ərazisində yerləşən “Karvan” şadlıq sarayının həyətində ictimai yerdə ucadan ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X4 sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri, polis leytenantı Rasul Umarovun raportu əsasında Balakən rayonu Meşəşambul kənd sakini Şəxs ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xətalar haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki,xx.xx.1989-cu il təvəllüdlü Balakən rayonu Meşəşambul kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi vardır.Odur ki, onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o,Balakən rayonu Talalar kəndində yerləşən “Karvan” Şadlıq sarayında dostunun toyunda iştirak etmişdir. Toyda yemək yemiş və az miqdarda spirtli içki qəbul etmişdir. Saat təxminən 21 radələrində o, şadlıq sarayının həyətinə çıxaraq orada telefonla danışmışdır. O, ictimai yerdə ünvansız nalayiq ifadələr işlətməmiş, sadəcə olaraq şadlıq sarayının həyətində uca səslə telefonla danışmış, kiminsə ünvanına nalayiq ifadələr işlətməmişdir. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 22:30 radələrində Rayon Polis Şöbəsinin PPXB-nin polis serjantları Human Nurməmmədov və X3 şəhəri H.Əliyev prospektiində 1 nömrəli marşurutda avtopatrul ilə xidmətdə olan zaman RPŞ-nin növbətçi hissəsindən padioötürücü vasitəsi ilə onlara Balakən rayonu Talalar kəndində yerləşən “Karvan” şadlıq sarayında mübahisə olduğunu bildirərək,təcilli ora yaxınlaşmaları barədə göstəriş verilmişdir.Onlar avtopatrul ilə “Karvan” şadlıq sarayına yaxınlaşan zaman orada üç nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək bir-biri ilə mübahisə etdiklərini görmüşlər.Onlar avtopatruldan yerə düşmüş və həmin şəxslərə yaxınlaşan zaman həmin şəxslərdən biri oradan uzaqlaşaraq şadlıq sarayının içərisinə girmişdir.Ona görə də onlar digər iki şəxsə yaxınlaşaraq onlara özlərini təqdim etmiş və ictimai yerdə nalayiq ifadələr işlətmələri inzibati məsuliyyət yaratdığını onlara izah etmiş və onları nizam-intizama dəvət etmişlər. Həmin şəxslər onların tutduqları iradlara məhəl qoymamış, onların qanuni tələblərinə tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətməyə davam etmişlər. Buna görə də avtopatrulda olan polis əməklaşlarının köməkliyi ilə həmin 2 nəfər şəxsi özləri ilə birlikdə rayon Polis Şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində həmin şəxslərin Balakən rayonu Yeni Şərif kənd sakinləri X9 və X6 olduqlarını , oradan uzaqlaşan şəxsin isə Balakən rayonu Meşəşambul kənd sakini Şəxs olduğunu bilmişlər. Bundan sonra bu barədə tədbir görülməsi üçün RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Balakən Rayon Polis Şöbəsinin PPXB polis nəfəri vəzifəsində xidmət edən X2 şahid X5 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29 iyul 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 iyul 2024-cü il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuş, 30 iyul 2024-cü il tarixdə saat 11:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Yeni Şərif kənd sakini xx.xx.1989-cu il təvəllüdlü Şəxs inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir,onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, inzibatı xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı, törədilmiş xətaların xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 29 iyul 2024-cü il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuş və 30 iyul 2024-cü il tarixə saat 11:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı 01 (bir) gün müddət ona təyin ediləcək inzibati həbs müddətinə daxil edilməklə həmin müddətdən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 04 (dörd ) gün müddətə inzibati həbs edilsin. Onun 29 iyul 2024-cü il tarixdə saat 11:00-dan 30 iyul 2024-cü il tarixə saat 11:00-a kimi inzibati qaydada tutulduğu 01 (bir) gün müddət həmin müddətdən çıxılsın və üzərində 03 (üç) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən saat 14:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar