Məhkəmə qərarları › İş №3(019)-340/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-340/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-340/2022 13.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsini elektron formada tərtib edib göndərmədən xx.xx.2022-ci il tarixdə CC156JJ/BT722B qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə idxal olunmuş “qabığı təmizlənmiş fındıq ləpəsi” yükünü Qərb Ərazi Baş Gömrük idarəsinin “Mazımqara” gömrük postundan keçirtmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN **********) sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN **********) nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Şəxs MMC 2006-cı ildə təsis edilmişdir və müəssisənin əsas fəaliyyəti Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. 10 sentyabr 2021-ci il tarixində İtaliya Respublikasının “FERRERO” şirkətinə ümumi dəyəri 6547200,00 (altı milyon beş yüz qırx yeddi min iki yüz) dollar olan 1056000,00 (bir milyon əlli altı min) kiloqram həcmində qabığı təmizlənmiş fındıq ləpəsinin satılması üçün ********** saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə dəyəri 148800 ABŞ dolları olan 24000 kiloqram fındıq ləpəsi yükü xx.xx.2022-ci il tarixində **********3949 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək “FERRERO” şirkətinin ünvanına göndərilmişdir. Lakin göndərilən fındıq ləpəsinin keyfiyyəti “FERRERO” şirkətini qane etməmiş, məhsulun tələblərə cavab vermədiyini əsas gətirərək yükü geri qaytarmışdır. Yükü gətirən avtomaşının sürücüsünə onlar əvvəldən xəbərdarlıq etmişlər ki, Azərbaycana gələrkən onlara məlumat versin ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl onlar elektron qaydada qısa idxal bəyannaməsinin təqdim etsinlər.Lakin onlara malların gətirilməsi barədə məlumat verilməmiş, bu səbəbdən də onlar elektron qaydada qısa idxal bəyannaməsini təqdim etməmişlər. İşin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən Gömrük postunun rəisinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinə yazdığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, "xxxx" MMC (VÖEN **********) ünvanına BT722B qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə idxal olunmuş “meşə fındığı (CORYLLUS SPP) qabığı təmizlənmiş” yükünü Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsini elektron formada tərtib edib göndərməmişdir. İşdə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC (VÖEN**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün min manat məbləğində, hüquqi şəxslər üçün min beş yüz manat məbləğində cərimə tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC (VÖEN **********)-nin hüquqi şəxs olmasını, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin, 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar