Məhkəmə qərarları › İş №3(019)-342/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-342/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-342/2024 14.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, subay, Balakən rayon X7 çilingər işləyən, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1ində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 26 iyul 2024-cü il tarixdə saat 10:00 radələrində Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən, çayxanada pul müqabilində kart ilə qumar oyununda iştirak etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri ,polis leytenantı Şahid2 raportu əsasında başlanmış inzibati xəta haqqında icraatın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin ifadələri alınmış və ünvan 1i ünvanında yaşayan, xx xxxx 1992-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, ünvan 1ində valideynləri ilə birlikdə yaşayır. 2016-cı ildən Balakən rayon Qaz idarəsində çilingər işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən “Seymurun kafesi” kimi tanıdığı kafeyə iş yoldaşları X4, X5,X2 və X3 ilə birlikdə çay içmək üçün getmişlər. Həmin kafenin ikinci mərtəbəsinə qalxaraq orada çay içmək üçün əyləşmişlər. Çay gəldikdən sonra stolun üstündəki kartı götürüb 5 nəfərə “duraki” oyunu oynamağa başlamışlar. Onlar oynadıqdan bir neçə dəqiqə sonra polis əməkdaşları kafeyə daxil olmuş və onların əyləşdiyi stola yaxınlaşaraq onlara kart oynadıqlarını bildirmişlər və onlarla birlikdə rayon polis şöbəsinə getmələrini bildirmişlər. Onlar polis əməkdaşlarına pəncərənin üstündə olan 3 manatın çayın pulu olduğunu və pulla qumar oynamadıqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmiş, onlar da polis şöbəsinə getmişlər. Onlar pulla qumar oynamamış, stolun üzərində olan 3 manat pul çayın pulu olmuşdur. İşin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, RPŞ-nin PPXB-nin tağım komandiri Şahid2 ilə Balakən şəhərində xidmətdə olduqları zamanı Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən çayxanada 5 nəfər şəxsin puldan kart ilə qumar oyunu oynamaları barədə məlumat daxil olmuşdur. Buna görə də onlar həmin çayxanaya getmişlər. Bu zaman 3 manat qumar pulunun pəncərənin qırağına qoyulduğunu, stolda əyləşən 5 nəfər şəxsin hər birinin əllərində kart olduğunu, udub-uduzduqları pulları isə stolun üzərində saxlamayaraq bir-birlərini ötürdüklərini görmüşlər. Buna görə də qumar oyununda istifadə edilən kartları və 3 manat pulu stolun üstündən götürərək həmin şəxsləri özləri ilə birlikdə Balakən rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində həmin şəxslərin Balakən rayonu Talalar kənd sakini X2, Hənifə kənd sakini Şəxs, Qazma kənd sakini X4,Qullar kənd sakini X5 və Qazma kənd sakini X3 olduqları məlum olmuşdur. Bundan sonra həmin şəxslərin barələrində qanunamüvafiq tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən RPŞ-si PPX-nin taqım komandiri vəzifəsində xidmət edən Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əbdulrəhimov Тural Həsrət oğlu göstərdi ki, Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən kafeni o işlədir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında 5 nəfər şəxs kafeyə gəlmiş və kafenin ikinci mərtəbəsinə qalxaraq çay sifariş vermişlər və orada oturub çay içmişlər.Bir neçə dəqiqə sonra kafeyə polis əməkdaşları gəlmiş və kafedə olan 5 nəfər şəxsin kartla qumar oynadıqlarını müəyyən etmişlər. Həmin vaxt özü orada olmamış, kafenin birinci mərtəbəsində olan müştərilərə xidmət etmişdir. Kafedə domino və nərd vardır. Kafedə kartla heç bir oyun oynanılmır,onların kafesində kart yoxdur və olmamışdır. Şəxs və digərləri kartı özləri ilə gətirmişlər. İşdə olan Balakən rayon Polis Şöbəsi tərəfindən 29 iyul 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Balakən rayonu Talalar kənd sakini, xx.xx.1992-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə isə həmin Məcəllənin 525-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Qumar deyil,duraki oyunu oynamaları, kartın çayxanada stolun üstündə olması, 3 manat pulun “çay pulu” olması barədə Şəxs göstərdiyi xüsusatlar məhkəmə iclasında digər sübutlarla təkzib olunduğundan sübut kimi qəbul olunmur. Belə ki, məhkəmə iclasında şahid Əbdulrəhimov Тural Həsrət oğlunun ifadəsi ilə müəyyən edildi ki, kafedə kart olmamış, Şəxs və digərləri kartı özləri ilə gətirmişlər. Bundan başqa polis əməkdaşlarının izahatından aydın oldu ki, Şəxs və digərlərinin qumar oynamaları barədə bir nəfər vətəndaş onlara məlumat vermişdir. Bundan başqa Şəxs və digərlərinin içdikləri çayın dəyəri 2 manat olduğu halda, 3 manat pul aşkar olunmuşdur. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını, nəzərə alaraq onun barəsində oyun ləvazimatı, qumara qoyulmuş 03 (üç) manat pul dövlət nəfinə müsadirə edilməklə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, Balakən Rayon Polis Şöbəsində saxlanılan oyun ləvazimatı, qumara qoyulmuş 03 (üç) manat pul dövlət nəfinə müsadirə edilməklə 3000 (üç min) manat miqdarında cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar