Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-343/2021 12.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə hüquqi ünvanı Zaqatala rayonu Yuxarı Tala kəndi olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: "xxxx" MMC tərəfindən 24.02.2021-ci il tarixdə **********3009 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 136080 ABŞ dolları olan 21000.00 kq Meşə findiğinın Qərb Ərazi Baş Gömrük İdarəsinin Baiakən Gömrük Postunda rəsmiləşdirilərək Moskva şəhəri 2-ci Novokuzneskiy döngəsi 13/15 ünvanında qeydiyyatda olan ”Ront Front” ASC ünvanına konsiqnasiya yolu ilə ixrac olunması, həmin malın dəyərindən 135480.6 ABŞ dolları ixracatçının müvəkkil bankdakı valyuta hesabına ödənilməsi, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 599.40 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmaması əsası ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 27.10.2021-ci il tarixli, 11000-1490/21 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərdi ki, təmsil etdiyi şirkətin əsas fəaliyyəti fındıq ləpəsinin əhalidən tədarükü, emalı və xarici ölkələrə satışından ibarətdir. 05.12.2018-ci il tarixdə Rusiya Federasiyasının “Rot Front” şirkəti ilə Şəxs MMC arasında kiloqramı 6,48 AB$ dolları olmaqla 21000 kiloqram fındıq ləpəsinin satılması ücün RF/KHE/20 19 saylı müavilə və bu müaviləyə 3 saylı əlavə razılaşma bağlanmışdır. Bağlanılmış müqaviləyə əsasən ümumi dəyəri 136080 ABŞ dolları olan 21000 kiloqram fındıq ləpəsi yükü 24.02.2021-ci il tarixində **********3009 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək Rusiya Federasiyasına göndərilmişdir. Həmin malın dəyərindən 135480.6 ABŞ dolları onların müvəkkil bankdakı valyuta hesabına ödənilmişdir. İxrac olunmuş yükə dair 599.40 ABŞ dolları məbləğində xarici valyutanın qeri qaytarılmamasının səbəbi göndərilən malın quruması olmuşdur və bu səbəbdən də “Rot Front” şirkəti məktub qöndərərək 599.40 ABŞ dolları vəsaitin ödənilməyəcəyini bildirmişdir. Bu xətanın törədilməsində heç bir təqsirləri yoxdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 05.12.2018-ci il tarixdə Rusiya Federasiyasının “Rot Front” şirkəti ilə Şəxs MMC arasında kiloqramı 6,48 AB$ dolları olmaqla 21000 kiloqram fındıq ləpəsinin satılması ücün RF/KHE/20 19 saylı müavilə və bu müaviləyə 3 saylı əlavə razılaşma bağlanmışdır. Bağlanılmış müqaviləyə əsasən ümumi dəyəri 136080 ABŞ dolları olan 21000 kiloqram fındıq ləpəsi yükü 24.02.2021-ci il tarixində **********3009 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək Rusiya Federasiyasına göndərilmişdir. Həmin malın dəyərindən 135480.6 ABŞ dolları ixracatçının müvəkkil bankdakı valyuta hesabına ödənilmişdir. İxrac olunmuş yükə dair 599.40 ABŞ dolları məbləğində xarici valyutanın qeri qaytarılmamasının səbəbi göndərilən malın quruması olmuşdur və bu səbəbdən də “Rot Front” şirkəti məktub qöndərərək 599.40 ABŞ dolları vəsaitin ödənilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasınınmüvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, qalan 599.40 ABŞ dollarının ödənilməməsinə səbəb həmin məbləğdə malın quruması olmuş və bu səbəbdən idxalçı şirkət həmin 599.40 ABŞ dolları (1018.98 manat) məbləğin Şəxs MMC-yə ödənilməsindən imtina etmişdir. Yəni 599.40 ABŞ dolları (1018.98 manat) məbləğin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri olmadan baş vermişdir. Göstərilənləri, 599.40 ABŞ dollarının (1018.98 manat) Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını nəzərə alınaraq, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən, ŞəxsMMC-nin Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki bu vəzifə onun üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin dispozisiyasında nəzərdə tutulduğu kimi, Şəxs MMC xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan 599.40 ABŞ dolları (1018.98 manat) məbləğində vəsaiti faktiki olaraq əldə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53,105.1,114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibinin olmamasına görə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-343/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-343/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver