Məhkəmə qərarları › İş №3(019)-352/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-352/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-352/2021 02.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1984-cü ildə Şuşa rayonunun Allahqullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs oğlu barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 01 noyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Balakən şəhəri H.Əliyev prospektində ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və həmin vaxt onu intizama dəvət edən Balakən rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X4 məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 oğlunun raportu əsasında,onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, şahidlərin ifadələri alınmış və ünvan 4 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, ünvan 5 ünvanında yaşayır, ABAD-da bağman işləyir. 01 noyabr 2021-ci il tarixdə saat 18 radələrində işdən çıxıb evə gedən zaman iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək onu rayon polis şöbəsinə dəvət etmişlər.O da onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. O,heç kimi söyüb təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis polkovnik-leytenantı Şahid2 göstərdi ki, 1991-ci ildən DİO-da xidmət edir. 2021-ci ilin mart ayından Balakən rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili vəzifəsində çalışır. 22.04.2021-ci ildə Balakən şəhər sakini X1 məxsus Balakən şəhəri, Mir Cəlal küçəsində yerləşən yaşayış evindən pul və qızıl zinət əşyalarının oğurlanmasında şübhəli bilinən 24.08.1988-ci il təvəllüdlü, Balakən şəhərində yaşayan, Şuşa rayon Allahqullar kənd sakini Şəxs 01.11.2021-ci il tarixdə saat 18 radələrində RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1la birlikdə Balakən şəhəri, H.Əliyev prospektində olan ASAN xidmətin qarşısında Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şəxs onlarla birlikdə avtomobilə əyləşmişdir. H.Əliyev prospekti ilə hərəkətdə olduqları zaman ona rayon ərazisində baş verən cinayət hadisəsi ilə bağlı RPŞ-nə dəvət edildiyini demişlər. Həmin vaxt Elman onlarla RPŞ-nə getməkdən imtina etmiş və ucadan onların ünvanına və ünvansız nalayiq söyüşlər söyməyə başlamış, düşüb qaçmağa cəhd etmişdir.Onlar onu nə qədər nizam intizama dəvət etsələr də, o, öz qanunsuz hərəkətlərini davam etdirirmişdir. Onlar Elmanı RPŞ-nə gətirmişlər, orada da Elman öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onun etdiyi qanunsuz hərəkətlər barədə Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili , Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 01 noyabr 2021-ci il saat 18:30-da inzibati qaydada tutulmuş, 02 noyabr 2021-ci il tarixdə saat 10:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs oğluna həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs oğlunun hüquqlarının müdafiəsinə 01 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs oğluna göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Onun bir gün tutulub saxlandığı müddət inzibati həbs müddətinə daxil edilib həmin müddətdən çıxılsın ,üzərində qəti olaraq 07 (yeddi)gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 02 noyabr 2021-ci il tarixdən saat 11:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar