Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-353/2020 26.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) DYPB-nin YNHÜ baş inspektoru, polis baş leytenantı X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Balakən rayonu Şərif kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:30-radələrində idarə etdiyi Renault Megane markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu Talalar kəndindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən, manevr qaydalarını pozaraq qarşısında olan at arabasını vurmuş, nəticədə at arabasında olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət almışlar. Bu barədə Balakən RPŞ-nin DYPB-nin YNHÜ baş inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Onun adına Renault Megane markalı, **-TN-*** dövlət nömrə nişanlı boz rəngli avtomaşını vardır. O, 30 ildir ki, avtomaşın idarə edir və hal-hazırda da nəqliyyat vasitəsini idarə etmək üçün B kateqoriyalı sürücülük vəsiqəsi vardır. Avtomaşına dair icbari sığortası vardır, avtomaşının texniki baxışdan keçməsinə dair bütün sənədləri qaydasındadır. xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində avtomaşın ilə ailəsi ilə birlikdə Balakən rayonu Şərif kəndində yaşayan atası evindən Balakən şəhərinə yaşadığı evə gəlmişdir. Təxminən iki saat müddətində yağan yağış yenicə dayanmış və asfalt da yaş olmuşdur. O, avtomaşını 40-50 km/saat sürəti ilə yolun sağı ilə idarə edərək, Balakən rayonu Talalar kəndinə çatmışdır. Bu zaman qabaqda nəyinsə hərəkətdə olduğunu hiss etmişdir. O, avtomaşının yaxın vuran işığından uzaqvuran işığına keçdikdə qarşıda at arabasının getdiyini görmüşdür. Həmin at arabasının arxasında heç bir işıq əks etdirən nişanlar olmamışdır. At arabasının qabaq və arxa hissəsində işıq əsketdirici nişanlar olmalıdır. Bu da olmadıqda at arabasını sürən şəxs əlində fənərlə işıq salmalıdır ki, kənardan at arabası getdiyi bilinsin. At arabasının içərisində kişi və arvad var idi. O, avtomaşının əyləcini bassa da, artıq gec olmuş və ata arabasını arxadan vurmuşdur. Bu zaman kişi və arvad arabadan yerə düşmüşlər. At isə araba ilə gedərək, yolun sağ tərəfində su arxına aşmışdır. O, onların ikisinə də yardım edilməsi üçün tez oraya təcili tibbi yardım avtomaşını çağırmış və ikisini də təcili tibbi yardım avtomaşınına qoyaraq, Zaqatala mərkəzi xəstəxanasına aparmışlar. Sonradan zərərçəkmiş şəxslərin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olması müəyyən edilmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 400 manatdan artıq maddi yardım etmiş və onlar üçün hətta Bakıdan iynə-dərmanlar da göndərmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 at arabasından düzgün istifadə etmədiklərinə görə onun avtomaşını at arabasını arxadan vurması nəticəsində onun avtomaşınına 2500-3000 manat ziyan dəymişdir. Himayəsində xx.xx.2013-cü il tarixdə doğulmuş X1 adında bir uşaq vardır. İnzibati xəta törətməsindən səmimi peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat ziyan vurmamışdır, 2000 manat ziyan məbləği ilə qətiyyən razı deyildir. Zərərçəkmiş şəxslərə 400 manat və iynə-dərman verməklə onlara vurduğu ziyanı tam ödəmişdir. Ziyan vurma məsələsinin inzibati tənbeh etmə ilə eyni vaxtda baxılmasına və bu barədə qərar çıxarılmasına etiraz edir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, özünə məxsus at arabası vardır. xx.xx.2020-ci il tarixdə, saat 18-19 radələrində yoldaşı Xalisət ilə birlikdə Talalar kəndində yaşayan qızı Vüsaləgilə qonaq getmişlər. Saat təxminən 22-23 radələrində qızı Vüsaləgildən çıxaraq yoldaşı Xalisət ilə birlikdə özünə məxsus at arabası ilə Balakən rayonu Tülü kəndi istiqamətinə gəlmişlər.Talalar kəndi ərazisinə çatdıqda arxadan sürətli maşın işıqları gəldiyini görmüşlər. Həmin vaxtı o, at arabasının bir təkərini asfalt yolunun kənarına çıxarmış, lakin arxadan gələn həmin avtomaşın at arabasının arxasından vuraraq onu və yoldaşını yolun kənarında olan su arxına tullamışdır. Bundan sonra o, özünə gələndə Zaqatala mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Sonradan avtomaşınla onların arabasını vuranın Şəxs olduğunu bilmişdir. Şəxs tərəfindən onlara vurulan zərərin əvəzində 360 manat ödənilmişdir. Lakin bu onları qane etmir. Belə ki, onlara ümumilikdə 2000 manat ziyan vurulmuşdur. Ona görə də onlara vurulmuş əmlak zərərinin ödənilməsi barədə inzibati tənbeh vermə ilə eyni vaxtda hazırki iş üzrə qərar çıxarılmalıdır. Şəxs şikayətçidir. Onun barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Şəxs tərəfindən onlara vurulan zərərin əvəzində 360 manat ödənildiyini, lakin bunun onları qane etmədiyini, onlara ümumilikdə 2000 manat ziyan vurulduğunu bildirmişlər. İşdə olan Balakən RPŞ-nin müstəntiqi polis mayoru Tural Mahatovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə aparılmış araşdırma zamanı toplanılmış materialda cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələrinin tərkibi olduğundan, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası İXM-nin 338.5.3-cü maddəsinin tərkibi olduğundan Şəxs və Zərərçəkmiş şəxs1 barəsində inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin DYPB-nə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna və maraqlı şəxslərə göndərilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 460 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarət - arxa təpə nahiyəsində dərialtı hematoma və çapıq toxuma - küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. İşdə olan MTE-nin xx.xx.2020-ci il tarixli, 461 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarət - sol təpə nahiyəsində yumşaq toxumaların əziyi və sağ dizində əzilmiş yara-bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 275 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində ayıq olmuşdur. İşə əlavə olunan xx xxxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası İXM-nin 338.5.3-cü maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə olunan xx xxxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası İXM-nin 338.5.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 40 (qırx) manat cərimə edilmişdir. İşə əlavə olunan şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, X1 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını, himayəsində bir azyaşlı uşağın olmasını, vurulmuş zərərin əvəzinin könüllü surətdə qismən ödənilməsini və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halları və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsh Səməd oğlu tərəfindən onlara 2000 manat ziyan vurulduğunu, bunun 360 manatının ödənildiyini bildirmiş, onlara vurulmuş ziyanın tam şəkildə ödənilməsi barədə inzibati tənbeh vermə ilə eyni vaxtda qərar çıxarılmasını xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsh Səməd oğlu isə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat ziyan vurmadığını, 2000 manat ziyan məbləği ilə qətiyyən razı olmadığını, zərərçəkmiş şəxslərə 400 manat və iynə-dərman verməklə onlara vurduğu ziyanı tam ödədiyini, ziyan vurma məsələsinin inzibati tənbeh etmə ilə eyni vaxtda baxılmasına və bu barədə qərar çıxarılmasına etiraz etdiyini bildirmişdir. Hesab edirəm ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğu üçün hazırki iş üzrə inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə baxılması qeyri-mümkündür və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi məsələsi ilə bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğu üçün hazırki iş üzrə inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə baxılması qeyri-mümkün hesab edilsin; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi məsələsi ilə bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-353/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-353/2020
26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver