Məhkəmə qərarları › İş №3(019)-359/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-359/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-359/2020 24.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, hüquqi ünvanı ünvan 2 mənzil 15 olanhüquqi şəxs “X1” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 347-ci maddəsilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs “X1” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, AP0173866 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilir ki, “X1” MMC xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana göndərməmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X1” MMC və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə baxılmasını təxirə salmaq barədə onlardan vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1” MMC-nin əməlində inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında materiallardan görünür ki, hüquqi şəxs “X1” MMC-nin hüquqi ünvanı Balakən rayonu, Rafiq Səmədov küçəsi, ev 16, 15 saylı mənzildir. İş materiallarına əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs “X1” MMC-nin qeyd edilən ünvanına mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə heç bir sorğu göndərilməmişdir. Sorğu ünvan 3 m100 ünvanına göndərilmişdir ki, həmin ünvan da “X1” MMC-nin hüquqi ünvanı deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqan və ya vəzifəli şəxs tərəfindən “X1” MMC-nin Balakən rayonu, Rafiq Səmədov küçəsi, ev 16, 15 saylı ünvanına belə sorğunun göndərilməsi və “X1” MMC-nin bu sorğunu almasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İş materialları ilə “X1” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, “X1” MMS-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, “X1” MMS barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: “X1” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar