Məhkəmə qərarları › İş №3(019)-359/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-359/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-359/2024 26.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs -Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Balakən şəhərində anadan olmuş, Ali təhsilli, evli, "xxxx" MMC-də satış mühəndisi işləyən, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1-də yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs 02 avqust 2024-cü il tarixdə təxminən saat 00:24 radələrində Balakən şəhəri H.Əliyev prospektində “DAEWOO NEXİA” markalı 90 FF353 dövlət nömrə nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi işdə olan sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:24 radələrində Balakən Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru Şahid1 ilə birlikdə Balakən şəhərində xidmətdə olduqları zaman “DAEWOO NEXİA” markalı 90 FF353 dövlət nömrə nişanlı avtomaşının Balakən şəhəri H.Əliyev prospektində surətlə gəldiyini görərək həmin avtomaşını saxlatmışlar. Onlar sürücüyə yaxınlaşdıqlarında sürücünün sərxoş olduğunu görmüşlər. Bundan sonra sürücü Şəxs sərxoşluğu həkim tərəfindən alkotester vasitəsi ilə yoxlanmış və sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanında yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs izahatında göstərdi ki, ünvan 2 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə özünə məxsus DAEWOO NEXİA markalı 90FF353 dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən DYPX-i əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin gün o, spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. Səhəri günü o, gedib Şəki şəhərində müayinədən keçmiş və onun spirtli içki qəbul etmədiyi təsdiq olunmuşdur. Buna baxmayaraq əsassız olaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Onun həmin vaxt avtomaşını sərxoş idarə etməsinə dair heç bir sübut yoxdur. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir. 02 avqust 2024-cü il tarixdə yol patrul xidməti inspektoru Nümayəndə ilə Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olmuşlar. Həmin gün saat təxminən 00:24 radələrində bir avtomaşının surətlə gəldiyini görüb avtomobili saxlatmışlar. Bu zaman DAEWOO NEXİA markalı 90FF353 dövlət nömrə nişanlı avtomobillin sürücüsü Şəxs sərxoş vəziyyətdə avtomobili idarə etməsi məlum olmuşdur. Həmin vaxt sürücü özü də sərxoş olduğunu bildirmişdir. Bundan sonra sürücü Şəxs sərxoşluğu həkim tərəfindən alkotester vasitəsi ilə yoxlanmış və sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi bir daha təsdiq olunmuşdur. Odur ki, “DAEWOO NEXİA” markalı 90FF353 dövlət nömrə nişanlı avtomobil mühafizə olunan duracağa yerləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindlirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Balakən Rayon Mərkəzi Xəstəxanasında təcilli çağırışçı həkim vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində polis əməkdaşları tərəfindən şöbəyə bir nəfər şəxs gətirilmiş və alkotestr vasitəsilə həmin şəxsin sərxoşluq vəziyyəti yoxlanılmış və həmin şəxsin sərxoş olması müəyyən edilmişdir. Sürücü özü də alkoqol qəbul etdiyini bildirmişdir. Bununla əlaqədar şəxsin sərxoş olması barədə rəy verilmişdir. İş materiallarına əlavə edilmiş 02 avqust 2024-cü il tarixli 957 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:09-radələrində 0,372 promill sərxoş olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 02 avqust 2024-cü il tarixli 600 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:17-də qanda alkoqol aşkar olunmamış, o, ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya –epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq olunmuş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs 02 avqust 2024-cü il tarixdə təxminən saat 00:24 radələrində Balakən şəhəri H.Əliyev prospektində “DAEWOO NEXİA” markalı 90 FF353 dövlət nömrə nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 02 avqust 2024-cü il tarixdə təxminən saat 00:24 radələrində alkoqol qəbul etməməsi, sərxoş olmaması barədə Şəxs göstərdiyi xüsusatlar digər sübutlarla 02 avqust 2024-cü il tarixli 957 nömrəli sərxoşluq hallarının bütün nöbvlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokol,şahidlərin ifafdələri ilə təkzib edildiyindən qəbul edilmir. Onun təqdim etdiyi 02 avqust 2024-cü il tarixli 600 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə bağlı qeyd edilməlidir ki, həmin aktın özündən görünür ki,Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:17-də, yəni birinci müayinədən 12 saat sonra müayinədən keçmişdir. Eyni zamanda həmin sənədi verən müəssisənin adı məlum deyildir. Sənədin yuxarı hissəsindəki möhürdə narkoloq X1 qeyd edilmiş, sənədin sonunda isə müayinənin “Atayeva R.” adlı tibb işçisinin aparması qeyd edilmişdir. Qeyd edilənlərə əsasən həmin sənəd sübut kimi qəbul edilmir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə,inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması inzibati tənbehləri nəzərdə tutulmuşdur İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar