Məhkəmə qərarları › İş №3(019)-360/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-360/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-360/2020 23.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, Balakən şəhəri R.Səmədov küçəsi ev 16 mənzil 15 ünvanında qeydiyyatda olan hüquqi şəxs “X2” MMC barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, “X2” MMC xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana göndərməmişdir. İşə baxılmasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2” MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2” MMC-nin əməlində inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsindəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında materiallardan görünür ki, hüquqi şəxs “X2” MMC-nin hüquqi ünvanı Balakən rayonu, Rafiq Səmədov küçəsi, ev 16, 15 saylı mənzildir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs “X2” MMC-in qeyd edilən ünvanına heç bir sorğu göndərilməmişdir. Sorğu Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ev 180/20 ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, “X2” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan işin icraatına inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar