Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-361/2024 13.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay , işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 10 avqust 2024-cü il tarixdə saat 16:00 radələrində Balakən şəhəri N.Nərimanov küçəsində şəxsi istehlak miqdarında-narkotik vasitə olan marixuana qəbul etmişdir. O, həmin vaxt ünvan 3 ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin NMQ əməliyyat müvəkkili , polis baş leytenantı Şahid1 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin ifadələri alınmış və ünvan 1 ünvanında yaşayan,xx.xx.1976-cı ildə anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs göstərdi ki, onda narkotik vasitə olmamışdır və o, ictimai qaydanı pozmamışdır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2012-ci ildən DİOda, tutduğu vəzifədə isə 2023-cü il tarixdən xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, RPŞ-ninin İTB-nin polis nəfəri Şahid2la birlikdə Balakən şəhəri N.Nərimanov küçəsində xidmətdə olduqları vaxt bir nəfər şəxsin küçədə ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq ona ictimai qaydanı pozduğunu bildirən zaman həmin şəxsin hərəkətlərindən onun narkotik vasitənin təsiri altında olduğundan şübhələnmişlər.Buna görə də həmin şəxsi özləri ilə rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra o, bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zeynalabdin oğlu Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 avqust 2024-cü il tarixdə saat 16:15-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 16:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 avqust 2024-cü il tarixli 2839/2024 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik (THC)- aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 12 avqust 2024-cü il tarixdə verilmiş 1351 nömrəli rəydən görünür ki, Şəxs-narkotik vasitələrdən sui-istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkotmaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1976-cı il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Onda narkotik vasitə olmaması, ictimai qaydanı pozmaması barədə Şəxs göstərdiyi xüsusatlarla bağlı qeyd edilməlidir ki,Şəxs Balakən rayon Polis Şöbəsinə verdiyi ifadəsində göstərmişdir ki, 10 avqust 2024-cü il tarixdə yol kənarında tapdığı şəxsi istehlak miqdarında olan narkotik vasitəni qəbul etmişdir. Bundan sonra o, saat 16 radələrində küçəyə çıxmışdır. Narkotikin təsiri altında olduğuna görə küçədə özündən asılı olmayan səbəbdən ucadan ünvansız nalayiq söyüşlər söymüşdür.Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq,ictimai qaydanı pozduğunu bildirmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər.Törətdiyi əməldən peşmandır, özündə olmadan etmişdir. Bundan başqa şahidlərin ifadələri və işdə olan ekspert rəyləri ilə Şəxs göstərdilyi xüsusatlar təkzib olunur. Odur ki, Şəxs göstərdiyi xüsusatlar qəbul olunmur. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında isə iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilmiş xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Hesab edirəm ki, Şəxs barəsində cərimə tənbehi İnzibati Xətalar Məcəlləsinin 31.4-1ci maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq olunmalıdır. Həmçinin ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən: 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.6. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 37.8 İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniyadan məcburi müalicə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X2 Şəxsinə göndərilsin. Qərarın icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-361/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-361/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver