Məhkəmə qərarları › İş №3(019)-364/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-364/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-364/2022 17.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, müdafiəçi-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, İİİ qrup əlil,evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Mahamalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında icraat başlanmışdır ki , o, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən , yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək “Piriora” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri R.Səmədov küçəsində hərəkətdə olarkən avtomaşını qəflətən sürətləndirməklə təkərləri yolun səthi ilə sürtünməsi səslərini çıxarmış və əhalinin dincliyini pozaraq avtoxuliqanlıq etmiş, küçədə uca səslə qışqıraraq əsassız mübahisə yaradaraq ictimai qaydanı pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşları Şahid1 və Şahid2 Müsənnif oğlunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin YRX-nin baş inspektoru, polis baş leytenantı Şahid1 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir.Onun tərəfindən şahidlərin ifadələri alınmış və Balakən rayonu Mahamalar kəndində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, Balakən rayonunun Mahamalar kəndində yaşayır, “Piriora” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində özünə məxsus “Piriora” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri R.Səmədov küçəsində işıqforda maşını saxlayarkən Balakən Rayon Polis Şöbəsinin DYPB-nin YRX-nin inspektoru ona yaxınlaşmış və bildirmişdir ki, Polis Şöbəsinə getməlidir. O, bunun səbəbini soruşmuş, lakin ona heç nə izah olunmamışdır. Bundan sonra onu maşını ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. O,avtoxuliqanlıq,xırda xuliqanlıq etməmiş,polisin qanuni tələbinə əməl etmişdir. O,uşaqlıqdan üçüncü qrup əlildir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Balakən rayonunun Xalatala kəndində ailəsi ilə birlikdə yaşayır. 2012-ci ildən DİO-da, 2021 -ci ildən Balakən Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nini baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 14:30 radələrində o və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid2 **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı BMW markalı xidməti avtomobildə Balakən şəhəri R.Səmədov küçəsində xidmətdə olduqları zaman Piriora markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün avtomobili qəflətən sürətləndirməklə təkərlərinin yolun səthi ilə sürtünməsi səslərini çıxarmasını, bir neçə avtomaşını ötüb keçməsini, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edib yol hərəkəti qaydalarını davamlı olaraq pozduğunu görmüşlər.Buna görə də həmin avtomobil tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı sürücü avtomobildən yerə düşərək onlarla küçədə uca səslə mübahisə etməyə başladı. Onu sakitləşdirməyə çalışaraq dəfələrlə onu nizam-intizama dəvət etsələr də sonradan Balakən rayonu Mahamalar kənd sakini, xx.xx.1996-cı il təvəllüdlü Şəxs olduğu məlum olan sürücü, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini küçədə təxminən 5 dəqiqə davam etdirmişdir. Bu səbəbdən də yol hərəkəti qaydalarını pozmaqla avtoxuliqanlıq edib onların qanuni tələblərinə qəsdən tabe olmayan Şəxs özləri ilə birlikdə Balakən rayon Polis şöbəsinə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Müsənnif oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 oktyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022 -ci il tarixdə saat 15:00da inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 11:45-də azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışdan görünür ki, 20 oktyabr 2022-ci il tarixdə anadan olmuş Şəxs 23 may 2014-cü ildən İİİ qrup əlildir. İşdə olan 17 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Şəxs 17 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində ,polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir,onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Eyni zamanda hesab edirəm ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən: 511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə hər hansı sübut təqdim edilmədi. Eyni zamanda tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Piriora markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri R.Səmədov küçəsində hərəkətdə olarkən avtomaşını qəflətən sürətləndirməklə təkərləri yolun səthi ilə sürtünməsi səslərini çıxarması və əhalinin dincliyini pozması qeyd edilmişdir. X2 Məcəlləsinin 511.1.3-cü maddəsində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs idarə etdiyi Piriora markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri R.Səmədov küçəsində hərəkətdə olarkən avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması hərəkətini törətməsi məhkəmə iclasında təsdiq olunmadığından onun əməlində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, onun bir il ərzində eyni inzibati xətanı təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, İİİ qrup əlil olmasını və onun əlilliyinin 18 yaşınadək müəyyən edilməsini, məsuliyyəti ağırlaşdıran halı, törədilmiş xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, 535.1-ci maddəsi ilə 150 manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar