Məhkəmə qərarları › İş №3(019)-365/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-365/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-365/2024 03.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xətra haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri M.İbrahimov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 272.3-cü maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Balakən rayonu Qabaqçöl ərazisindən keçən Mazımçaydan 18 ədəd şamayı növünə məxsus balıqları tordan istifadə etməklə qadağan olunmuş üsulla ovlamışdır. Bu barədə Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahəsi rəisi X3 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə özünü təqsirli bilməyərək, balıq tutmaq üçün ov hüququnun olmadığını, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Balakən rayonu Qabaqçöl ərazisindən keçən Mazımçaydan 18 ədəd şamayı növünə məxsus balıqları tor vasitəsilə ilə deyil qarmaqla tutduğunu, qarmağı çaya atdıqda onun tora ilişdyini və qarmağı çaydan torla çıxardığını, həmin torun ona məxsus olmadığını, əvvəllər inzibati məsuliyyətə cəlb olunmadığını bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Balakən rayonu Qabaqçöl ərazisindən keçən Mazımçaydan 18 ədəd şamayı növünə məxsus balıqları tordan istifadə etməklə qadağan olunmuş üsulla ovladığının iş materialları ilə, o cümlədən işə əlavə olunmuş 01 ədəd DVD diskindəki videogörüntülərlə təsdiq olunduğunu və Şəxs barəsində İXM-nin 272.3-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlandığını bildirərək, Şəxs barəsində qanuni qərarın çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Balakən RPŞ-nin Qabaqçöl PB-nin polis nəfəri, polis serjantı X6 RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində o, Balakən RPŞ-nin Qabaqçöl PB-nin polis nəfəri, polis kiçik serjantı Fərhad Usubov və polis sıravisi X4 rayonu Qabaqçöl qəsəbəsi ərazisində xidmətdə olduqları zaman 1 nəfər şəxsin Mazımçaydan tor və qarmaq ilə 18 ədəd balıq ovladığını aşkar etmişlər. Buna görə də onlar həmin şəxsi Balakən RPŞ-yə gətirmişlər. RPŞ-də olan zaman həmin şəxsin Balakən şəhəri M.İbrahimov küçəsində yaşayan xx.xx.1961-ci il təvəllüdlü Şəxs olduğu məlum oldu. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Balakən rayonu Qabaqçöl ərazisindən keçən Mazımçaydan Şəxs ovladığı 18 ədəd balıqlar qidaya yararsız olduğundan məhv edilmişdir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD diskində olan videogörüntülərə baxış zamanı və fotoşəkillərdə Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Balakən rayonu Qabaqçöl ərazisindən keçən Mazımçaydan 18 ədəd balıqları tor vasitəsilə qadağan olunmuş üsulla ovladığı müəyyən olunmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Balakən rayonu Qabaqçöl ərazisindən keçən Mazımçaydan 18 ədəd balığı torla deyil qarmaqla ovladığı barədə məhkəmə iclasında verdiyi izahatında bildirdiklərini özünümüdafiə kimi qəbul etməklə həmin məlumatları mötəbər saymır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Balakən rayonu Qabaqçöl ərazisindən keçən Mazımçaydan 18 ədəd şamayı növünə məxsus balıqları məhz tordan istifadə etməklə qadağan olunmuş üsulla ovlaması işdəki mötəbər sübutlarla, o cümlədən 01 ədəd DVD diskində olan videogörüntülərlə və fotoşəkillərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində məsuliyyət nəzərdə tutulmuş və həmin maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə, yaxud altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 sentyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 272.3cü maddəsilə düzgün tövsif edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə və iş materiallarına əsasən ilk dəfə inzibati xəta törətiməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Şəxs xüsusi hüququ (ov etmək hüququ) olmamışdır. Ona görə də hazırki iş üzrə Şəxs münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 sentyabr 2023-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balakən rayonu Qabaqçl ərazisində 18 ədəd şamayı növünə aid balıq tutması ilə vurulmuş ziyanın dəqiq məbləğini müəyyən etmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Balakən RPŞ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda həmin balıqların ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin 594 manat təşkil etməsi göstərilir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi həmin xx.xx.2024-cü il tarixli məktubda həmin 594 manat ziyan məbləğinin sözügedən balıqların hansı ölçüdə və çəkidə olması, bu növ balıqların hansı bazar qiymətində olmasına aid məlumatlar əsasında və ya digər hansısa kriteriyalar və qanun norması əsasında hesablanmasını göstərməmiş, nəyə görə bu balıqların ovlanması nəticəsində ziyan məbləğinin məhz 594 manat olması əsaslandırılmamışdır. Həmçinin işdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs ovladığı həmin 18 ədəd balıq qidaya yararsız olduğundan məhv edilmişdir. Yəni həmin balıqların ölçüsü, çəkisi və çəkiyə uyğun qiymətinin nə qədər təşkil etməsi müəyyən edilməmişdir. Balıqların qiyməti və nəticədə onların ovlanması nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertiza da təyin edilməmiş və həmin ekspertizanın rəyi alınıb iş materiallarına əlavə edilməmişdir. Belə olan halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin həmin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmiş ovlanmış balıqlarla bağlı vurulmuş ziyanın 594 manat təşkil etməsi əsaslı şübhə doğurur. Ona görə də hazırki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məbləği şübhə doğuran 594 manat ziyanın tutulması barədə qərar qəbul olunmur. Ancaq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət olmuş Balakən RPŞ-də saxlanılan 1 ədəd tor müsadirə edilməklə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət olmuş Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd tor müsadirə edilməklə 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar