Məhkəmə qərarları › İş №3(019)-37/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-37/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-37/2021 05.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, X3 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi, polis baş leytenantı X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X14 iştirakı ilə, xx.xx.1993-cı ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati, Balakən rayonu Talalar kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrilə icraatı başlanmış Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X16 tərəfindən Şəxs barəsində xx.xx.2021-ci il tarixdə, saat 00:25 radələrində Balakən şəhəri, R.Səmədov küçəsində ictimai yerdə polisin ünvanına və ünvansız ucadan söyüşlər söyərək, ictimai qaydanı pozması və polis əməkdaşlarının onu nizam-intizama dəvət etməsinə məhəl qoymayaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması əsası ilə xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* №-li və xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Talalar kəndində ailəsi ilə yaşayır. X7 onun həmkəndlisidir. Onunla həmişə yaxşı münasibətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə, saat təxminən 19-20 radələrində o, Vüqarla birlikdə Balakən rayonunda yerləşən bir neçə kafedə olmuşlar. Həmin vaxtı onlar bir neçə şüşə pivə içmişlər. Bundan sonra yoldan keçən avtomobillərdən birini saxlatdırıb, yaşadıqları Talalar kəndinə getmək üçün yola çıxmışlar. xx.xx.2021-ci il tarixdə, saat 00:10 radələrində Balakən şəhəri, R. Səmədov küçəsində olduqları zaman o, yol ilə gedən YPB-nin xidməti avtomobilinə əli ilə saxlama işarəsi vermişdir. YPX-nin avtomobilinin sürücüsü onun yanında avtomobili saxlamışdır. Onlardan özlərini yaşadıqları Talalar kəndinə yola salmalarını tələb etmişlər. Onlar orada olan zaman PPX-nin avtomobili onların yanında avtomobilini saxlamışdır. PPX-nin əməkdaşı onlara yaxınlaşıb, xüsusi qoruyucu maskadan istifadə etməmələrinin səbəbini soruşmuşdur. O da onlara müharibədə iştirak etdiyini, maskaları olduğunu, lakin maskadan istifadə edə bilmədiyini demişdir. Bu zaman onların arasında narazılıq yaranmışdır. O, içkili olduğu üçün nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət edəndə, bu tələbə tabe olmamış, söyüş söyməkdə davam etmiş, o cümlədən polis əməkdaşlarının ünvanına söyüşlər söymüşdür. İnzibati xətaları törətməsini etiraf edir və bu xətaları törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halın ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X16, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, İXM-nin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin DYPB-nin rəisi X15 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 00.25 radələrində Balakən şəhəri, R.Səmədov küçəsində xidmətdə olarkən Vaz 2107 markalı avtomaşını saxlamışlar. Sonradan adlarının Şəxs və X7 olduğu bilinən 2 nəfər şəxs onlara yaxınlaşmış və onlara “rayon ərazisində əlimizlə sizin idarə etdiyiniz avtomaşını saxlamağı tələb etdik, nə üçün avtomaşını saxlamadınız?” demişlər. Onlara “əgər sizin bizə saxlamağı işarə etdiyizi görsə idik mütləq saxlayar, hansı köməkliyə ehtiyac olduğunu müəyyənləşdirərdik” deyə izah etmişlər. Ancaq onlar öz sözlərində israr etmiş, get-gedə səs tonlarını artıraraq, kobud rəftara başlamışlar. Onlar əlavə olaraq döyüşdən gəldiklərini, əgər istəsələr, onların başlarına oyun açacaqlarını demişlər. Polis əməkdaşları kimi həmin şəxslərin spirtli içkinin təsiri altında olduğunu müəyyən etmiş və onları nizam- intizama çağırmışlar. Eyni zamanda Şəxs və X7 tibbi maskadan istifadə etməyərək, ictimai yerdə gəzdiyi üçün onlardan tibbi maska taxmağı tələb etmişlər. Ancaq onlar kobud tərzdə danışmalarını davam etdirmiş, polis əməkdaşları kimi onların qanuni tələblərinə məhəl qoymayaraq, onlara qarşı təhqiramiz ifadələr işlətməyə, xidməti avtomaşının təkərlərinə təpik zərbələri endirməyə başlamışlar. Vəziyyətin belə olduğunu gördükdən sonra efir vasitəsi ilə onlar YPX-nin ərazidə olan digər əməkdaşlarını və PPXnin əməkdaşlarını qeyd olunan ünvana çağırmışlar. Bu halda da, Şəxs və X7 öz intizamsız davranışlarını davam etdirmiş, onları nizam-intizama çağırmalarına məhəl qoymamış və oraya gəlmiş bütün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmişlər. Aparılan bütün profilaktiki söhbətlər nəticə vermədiyi üçün onlar PPXB-nin əməkdaşlarının köməyi ilə Şəxs və X4 Balakən RPŞ-yə gətirmişlər. Burada da onlar öz hərəkətlərini davam etdirərək, Balakən RPŞ-nin inzibati binasının divarlarına yumruq vurmağa və polis əməkdaşlarına söyüş söyməyə başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin YPX-nin əməkdaşları X12 və X2 da şahid X8 izahatına uyğun izahat verərək, onun izahatında qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPX-nin əməkdaşı X13 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə, 00:20 radələrində Balakən RPŞ- nin DYPB-nin rəisi, polis mayoru Babək Dadaşov və DYPB-nin YPX-nin inspektoru, polis serjantı Mahir Qarayevlə birlikdə Balakən şəhəri, R.Səmədov küçəsində xidmətdə apardıqları zaman sonradan adlarının Şəxs və X7 olması məlum olan şəxslər onlara yaxınlaşmışlar. Şəxs onlara “əl ilə işarə edirəm, niyə saxlamırsız, biz qaziyik, sizin başınıza oyun açarıq” demişdir. Hər ikisi ünvansız nalayiq söyüşlər söyərək, səs-küy yaratmışlar. Şəxs və X4 intizama dəvət etsələr də, onlar tələblərinə məhəl qoymayaraq, nalayiq ifadələr işlətməklə səs-kuy yaradaraq, öz hərəkətlərini davam etdirmişlər. Şəxs və X7 ilə söhbət zamanı onlardan kəskin alkoqol iyi gəldiyindən, onların sərxoş olması şübhə doğurduğundan əraziyə rabitə vasitəsilə PPXB-nin əməkdaşlarını dəvət etmişlər. PPXB- nin əməkdaşları həmin yerə gəldikdə qeyd edilən şəxslər onları da təhqir etməyə başlamışlar. Onları Balakən RPŞ-yə dəvət etdikdə xidməti avtomobilə əyləşməkdən imtina etməklə tabesizlik göstərməkdə davam etmişlər. Sonra Şəxs və X7 PPXB-nin əməkdaşlarının köməyi ilə Balakən RPŞ-yə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişlər. Sərxoşluq hallarının təyini məqsədilə keçirilən müayinə zamanı onların sərxoş olduqları müəyyən olunmuşdur. Şəxs və X7 polis şöbəsində də polisin ünvanına söyüşlər söyməkdə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPX-nin əməkdaşı X9 da şahid X5 izahatına uyğun izahat verərək, onun izahatında qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2021-ci il tarixli, 32 nömrəli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs həmin vaxt orta ağır dərəcəli sərxoşluq müəyyən edilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 02:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək inzibati həbs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında isə iki yüz manat məbləğində cərimə və ya bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh daha ağır olduğundan o, daha ciddi xəta hesab edilir, ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh ehdilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdırılan halların olmamasını və cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbsin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından qanuni və əsaslı hesab edirəm. Həmin inzibati həbs müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx xxxxxx 2021 -ci il tarixdən saat 02.25-dən hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X26 oğlu, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X14 X23 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114,115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin; həbs müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx xxxxxx 2021 -ci il tarixdən saat 02.25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X14 X23 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 18 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar