Məhkəmə qərarları › İş №3(019)-37/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-37/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-37/2022 26.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X8, zərərçəkmiş şəxs X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X4 iştirakı ilə, xx.xx.1981-ci ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28.01.2022-ci il tarixdə, saat 13 radələrində Balakən şəhəri ərazisində hərəkətdə olan sərnişin avtobusunun içində X14 vuraraq, ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi əsası ilə bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTBnin sahə rəisi X18 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 26 yanvar 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Gərəkli kəndində atası X2 ilə birlikdə yaşayır. 08.01.2022-ci il tarixdə saat 11 radələrində o, yaşadığı evdən çıxıb Balakən şəhəri ərazisinə marşrut avtobusu ilə gəlmişdir. Balakən şəhəri ərazisində yerləşən “Bazarbaşı" adlanan marketə daxil olub, oradakı “Milliön” ödəmə terminalı vasitəsilə işıq pulunu ödəmişdir. Həmin yerdən çıxdıqdan sonra yolu qarşıdan-qarşıya keçib orada dayanmışdır ki, marşrut avtobusu ilə evə getsin. Bir qədər sonra avtobus gəlmiş, avtobusa minmiş və avtobusda sıxlıq olduğunu görmüşdür. Onun ayağının biri yuxarıda, digəri isə avtobusun giriş pilləkənində qaldığı üçün sağ tərəfində olan tanımadığı bri qadından o biri ayağını da üstə tərəfə qoyması üçün bir az şərait yaratmasını xahiş etmişdir. Həmin qadın ona ayağını üstə qoyması üçün şərait yaratmışdır. Bu vaxt adı sonradan ona məlum olan X19 aqressiv şəkildə reaksiya verib, onun sıxlıq yaratdığını, ona maneçilik törətdiyini demişdir. O da cavabında Aynura belə bir halın olmadığını,sadəcə olaraq ayağının biri aşağıda olduğundan normal şəkildə avtobusda dayanıb getmək istədiyi üçün bunu etdiyini bildirmişdir. Aynur ona yenə də aqressiyasını bildirib, ünvanına alçaldıcı sözlər işlədəndə aralarında sözlə mübahisə yaranmışdır. Aynur ilə aralarında mübahisə yarananda ona marşrut avtobusunda oturmaq üçün şərait də yaradılmışdır. Lakin buna baxmayaraq, Aynur yenə də ünvanına nalayiq ifadələr işlədəndə o da Aynurun cavabını vermişdir. Aynur arxadan qışqırıb, marşrut avtobusunun sürücüsünə avtobusu saxlayıb, onun avtobusdan düşürtməyini tələb etmişdir. Avtobus dayandıqdan sonra Aynur özü düşəndən geri arxaya tərəf çevrilib, avtobusun içərisinə əlini uzadıb onun biləyindən tutanda o, əlini onun əlindən çıxarmış və onun qolundan tutub kənara getməsini tələb etmişdir. Lakin Aynur sakitləşməyib qışqıraraq, onun əzizlərinə söyüş söyüb, onu təhqir edəndə o, Aynurun cavabını vermişdir. Bu vaxt da avtobus tərpənmiş və o, avtobusla evinə getmişdir. Aynurun onun haqqında qeyd etdikləri yalan və böhtandır. Aynur onun əlindən tutanda onu kənara itələmişdir. Başqa Aynura hər hansı xəsarət yetirməmişdir. Aynur Gülüyevanı vurmamış, ona zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X19 izahatında göstərdi ki, o, hal- hazırda Balakən şəhəri 2 saylı tam orta məktəbində müəllimə, həmçinin Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Aynur” adlanan gözəllik salonunda işləyir. Onun 4 yaşlı Ayhan adlı 1 övladı vardır. 08.01.2022-ci il tarixdə günorta saatlarında o, gözəllik salonundan çıxıb, Ayhanı anası Ayşənin yaşadığı Balakən rayonu Gərəkli kəndindəki evinə aparmaq istəmişdir. Bu məqsədlə Balakən şəhəri H.Əliyev prospektində oğlu ilə Gərəkli kəndinə tərəf gedən marşrut avtobusuna minmişdir. Marşrut avtobusunda sıxlıq olub yer olmadığı üçün onlar ayaq üstə dayanmalı olmuşlar. Marşrut avtobusu hərəkətdə olarkən Balakən şəhəri ərazisində “Bazarbaşı” adlanan yerdə marşrut avtobusuna adı sonradan ona məlum olan Şəxs adlı qadın minmişdir. Firuzə onun yanına çatan kimi qolu ilə onu sıxışdırmışdır. O da birinci halda ona fikir verməmişdir. Bir qədər gedəndən sonra Firuzə yenidən onu sıxışdırmağa başlayanda o, Firuzəyə yer olmadığını, onu hara itələdiyini, camaatın belinəmi çıxmalı olduğunu demişdir. Bu vaxt Firuzə aqressiv şəkildə ona kobud cavab verib, ünvanına nalayiq ifadə işlətmişdir. Firuzə ilə aralarında sözlə mübahisə yarananda o, düşmək istədiyini deyərək, marşrut avtobusunun sürücüsü Fərman adlı şəxsdən avtobusu saxlamasını xahiş etmişdir. Marşrut avtobusu dayanmış və o, oğlu ilə birlikdə avtobusdan düşəndə Firuzə üstünə hücum edib sifətinə və əllərinə cırmaq atıb, yolda ona xəsraət yetirib onu döymüşdür. Bu vaxt marşrut avtobusunda olan tanımadığı 2 qadın Firuzəni ondan ayırmışlar. O da marşrut avtobusundan düşəndən sonra 102 xidmətinə zəng edib, bu barədə məlumat vermişdir. Şəxs şikayətçidir. Onun barəsində ən sərt tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X18, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, 08.01.2022-ci il tarixdə Aynur Gülüyevanın işlədiyi salona gəlmiş və Aynuru işləyən görmüşdür. Aynurun qolunda və üzündə cırmaq izləri var idi. O, Aynurdan nə baş verdiyini soruşanda Aynur ona 28.01.2022-ci il tarixdə, saat 13 radələrində Balakən şəhəri ərazisində hərəkətdə olan sərnişin avtobusunun içində Şəxs onun qolunu və üzüyünü cırmaqladığını və ona fiziki ağrı yetirdiyini bildirmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 12.01.2022-ci il tarixli, 08 nömrəli rəyindən görünür ki, X10 müəyyən edilmiş xəsarətlər- burnunun sağ girəcək hissəsində,sol əlinin üstündə arxa səthdə sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X11 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13.01.2022-ci il tarixli qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə X9 şikayəti əsasında toplanmış HK-1-21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin RPŞnin İTB-yə göndərilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, X15 göndərilməsi qərara alınmışdır. Həmin qərarda marşrut avtobusunun sürücüsü X12 izahatında 08.01.2022-ci il tarixdə Şəxs Aynur Gülüyeva ilə aralarında yaranmış mübahisə zamanı Firuzənin Aynuru nalayiq ifadələrlə təhqir etməsi, bir qədər sonra Aynurun avtobusu saxlatdırıb azyaşlı oğlu ilə avtobusdan yerə düşmək istədiyi vaxt Firuzənin arxadan gələrək Aynurun sifətinə cırmaqlar atıb ona xəsarət yetirib döyməsinin şahidi olduğu, sükan arxasında olduğu üçün baş vermiş mübahisəyə müdaxilə edə bilmədiyi, bu vaxt 2 nəfər tanımadığı qadınların Aynur ilə Firuzəni ayırdıqları, mübahisə əsnasında Firuzənin Aynuru döyməsinin şahidi olması, Aynurun isə Firuzəni vurmamasının şahid olması göstərilmiş, həmçinrin X19 və X5 izahatları, həmçinin Balakən rayon MTE-nın 12.01.2022-ci il tarixli, 08 nömrəli rəyi ilə Şəxs Aynur Gülüyevaya xəsarət yetirdiyinin toplanmış materialda öz təsdiqini tapması, ekspert rəyində X9 bədəni üzərində xəsarətin yetirilmə tarixinin onun şikayətində qeyd etdiyi 08.01.2022-ci il tarixə uyğun gəlməsi, Şəxs Aynur Gülüyevanı vuraraq ona yetirdiy xəsarətlərin dərəcəsi təyin edilməyən və zərər vurmayan olduğundan Şəxs əməlində cinayət deyil, Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkibinin olması qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisail qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar sübut edilmiş hesab edilir. Ona görə də qanuni qüvvədə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı X11 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13.01.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş hal sübut edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Beləliklə işdəki sübutlarla Şəxs 08.01.2022-ci il tarixdə, saat 13 radələrində Balakən şəhəri ərazisində hərəkətdə olan sərnişin avtobusunun içində X9 üz nahiyyəsini və sol əlinin üstünü cırmaqlamaqla ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə qəsdən fiziki ağrı yetirməsi sübut olunur və bu hal işin sübut olunmuş faktoloji halı kimi qəbul edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata hüquqi qiymət verərək, həmin izahatda Aynur Gülüyevanı vurmaması, ona zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməməsi barədə bildirdiklərini işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirir və işin faktoloji halı kimi qəbul etmir. Belə ki, iş materialları, o cümlədən zərərçəkmiş şəxs X9 izahatı, şahid X1 izahatı, həmçinin işin təhqiqatı zamanı dindirilmiş X5 izahatı, Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis mayoru X11 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13.01.2022-ci il tarixli qərarı və məhkəmə-tibbi ekspertizasının 12.01.2022-ci il tarixli, 08 nömrəli rəyi ilə Şəxs 08.01.2022ci il tarixdə, saat 13.00-da Balakən şəhəri ərazisində hərəkətdə olan sərnişin avtobusunun içində X9 üz nahiyyəsini və sol əlinin üstünü cırmaqlamaqla ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasına görə ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X16 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar