Məhkəmə qərarları › İş №3(019)-375/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-375/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-375/2022 15.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Türkiyə Respublikası vətəndaşı, xx.xx.1987-ci ildə Türkiyə Respublikası, Düzce vilayətində anadan olan, Türkiyə Respublikası, Bolu vilayəti, Tabaklar məhəlləsi, 12-ci küçə, ev 4, mənzil 12 ünvanında qeydiyyatda olan və yaşayan, pasport:TUR № U14165450 seriyalı, xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş, evli, orta təhsilli- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 480-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X1 xx.xx.2022-ci il tarixdə, təxminən saat 03:30 radələrində Gürcüstan Respublikasından tranzit keçməklə idarə etdiyi «DAF» markalı, 81AAZ431/81ACE331 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda yerləşən radiomaqnitofon qurğusunun üst hissəsindəki qapağın arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 20 (iyirmi) qutu “PARLİAMENT Night Blue” markalı siqaretlər aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinnin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı tərəfindən 28 oktyabr 2022-ci il tarixli 11000-2893/22 nömrəli inzibati xəta haqqında protokol tərti edilmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış və yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, işdə olan Qərb Ərazi Baş Gömrük İdarəsi «Mazımqara» gömrük postunun rəisi X2 Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Mehdiyeva ünvanladığı xx.xx.2022-ci il tarixli raportda X1 xx.xx.2022-ci il tarixdə, təxminən saat 03:30 radələrində Gürcüstan Respublikasından tranzit keçməklə idarə etdiyi «DAF» markalı, 81AAZ431/81ACE331 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda yerləşən radiomaqnitofon qurğusunun üst hissəsindəki qapağın arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 20 (iyirmi) qutu “PARLİAMENT Night Blue” markalı siqaretlərin aşkar edilməsi, onun gömrük nəzarətinə bəyan etdiyi 10 (on) qutu “PARLİAMENT Night Blue” markalı siqaretlərin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarına əsasən Şəxs qaytarılması göstərilmişdir. X1 xx.xx.2022-ci il tarixdə, təxminən saat 03:30 radələrində Gürcüstan Respublikasından tranzit keçməklə idarə etdiyi «DAF» markalı, 81AAZ431/81ACE331 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda yerləşən radiomaqnitofon qurğusunun üst hissəsindəki qapağın arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 20 (iyirmi) qutu “PARLİAMENT Night Blue” markalı siqaretlərin aşkar edilməsi xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlaması haqqında protokolda, bu yoxlamanın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskində, xx.xx.2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolda, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2022ci il tarixli 9/6371 nömrəli rəyində, 28 oktyabr 2022-ci il tarixli, 11000-2893/22 №-li inzibati xəta haqqında protokolda və digər iş materiallarında öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2022-ci il tarixli 9/6371 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “PARLİAMENT Night Blue” markalı, ştrix koduna görə (ilk üç rəqəmli 762) İsveçrə istehsalı olan filterli siqaretin 1 qutusunun xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 8,00 manat, 20 qutunun qiyməti isə 160.00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 21 oktyabr 2022-ci il tarixli 9/6371 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 03:30 radələrində Gürcüstan Respublikasından tranzit keçməklə idarə etdiyi «DAF» markalı, 81AAZ431/81ACE331 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda yerləşən radiomaqnitofon qurğusunun üst hissəsindəki qapağın arxasındakı boşluqda gömrük nəzarətindən gömrük orqanlarına bəyan olunmayan 20 (iyirmi) qutu “PARLİAMENT Night Blue” markalı siqaretlərləri gizlətdiyini və gömrük əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində “Mazımqara” gömrük postunda həmin siqaretlərin aşkar olunmasını etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda,Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməli, nəqliyyat vasitəsi və malların yoxlanmasının videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində iş materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 115.4.3-cü maddəsinə əsasən maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 55, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postunda saxlanılan 160 manat dəyərində 20 (iyirmi) qutu “PARLİAMENT Night Blue” markalı siqaretlər müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin); iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin; nəqliyyat vasitəsi və malların yoxlanmasının videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində iş materiallarında saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar