Məhkəmə qərarları › İş №3(019)-379/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-379/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-379/2022 04.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis mayoru Nümayəndə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 2001-ci ildə Balakən şəhərində anadan olmuş, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Balakən şəhər Bazarının arxa hissəsində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinin sağ hissəsinə yumruqla vuraraq onu döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis mayoru Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi, polis kapitanı X6 20 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri alınmış və ünvan 3 ünvanında yaşayan, xx xxxx 2001-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, atası Zahid Xanlayevlə anası Nüşabə Hacıyeva 2019-cu ildə rəsmi olaraq boşanıblar. Hazırda o, qardaşları Sənan və Ömər ataları ilə birlikdə yaşayırlar. Atası ilə anası boşandıqdan sonra anasının ailə üzvləri, yəni dayısı Zərərçəkmiş şəxs, xalası Nurlana Hacıyeva və nənəsi Elmira Hacıyeva mülk bölgüsünə görə mütəmadi olaraq atası Zahid ilə mübahisə etməyə başlamışlar və aralarında kəskin ziddiyyət yaranmışdır. Yay aylarında atasına məxsus mağazada adətən atası, qardaşı Kənan və o işləyir. Onlar həmin mağazada “ofis” dəftərxana ləvazimatlarının satışı ilə məşğul olurlar. X9 məxsus mağaza onların mağazasının yanında yerləşir və mağazada adətən nənəsi Elmira özü və adını bilmədiyi satıcı qadın işləyir. 28 avqust 2022-ci il tarixdə təxminən saat 09 radələrində onlar mağazada olan zaman nənəsi Elmira Hacıyeva səbəbsiz yerə qardaşı Kənanla və onunla sözlə mübahisə etməyə başlamışdır. Lakin bu hal hər dəfə təkrar olunduğuna görə onlar nənələrinin sözlərinə əhəmiyyət vermədən öz işləri ilə məşğul olmuşlar. Həmin vaxt nənəsi Elmira dayısı Zərərçəkmiş şəxs zəng edərək bazara çağırmışdır. Bir qədər sonra dayısı Zərərçəkmiş şəxs xalası Nurlana Hacıyeva ilə birlikdə bazara gələrək onların mağazanın qarşısında olan malları təpikləyib dağıtmışlar. Daha sonra dayısı Sahib onu və qardaşı Kənanı bazarın arxa tərəfinə çağırmışdır. Buna görə onlar bazarın arxa tərəfinə getmişlər. Həmin vaxt atası da onların arxasınca gəlmişdir. Bazarın arxa tərəfində dayısı Sahib qəflətən yumruqla onun qardaşı Kənanın sifət nahiyəsinə bir zərbə vurmuşdur. Həmin vaxt onun qardaşı Kənan da dayısı Sahibin sifət nahiyəsinə başı ilə vurmuşdur. Lakin dayısı Sahib geri çəkildiyinə görə zərbə onun sifətinə dəyməmişdir. Bu zaman dayısı Sahib Kənanın yaxasından tutub özünə tərəf çəkmiş və yerə yıxmağa çalışmışdır. Atası və o bunu görən kimi qaçıb onları ayırmağa çalışmışlar. Həmin vaxt dayısı Sahib yumruq və təpiklə atası Zahidi vurmuşdur. Xalası Nurlana da arxadan atası Zahidin sifətinə bir yumruq zərbəsi vurmuşdur. Atası üzünü tutub biraz kənara çəkilən zaman xalası Nurlana qardaşı Kənanı yumruq və təpiklə vurmağa başlamışdır. Həmçinin dayısı Sahib və xalası Nurlana onu da yumruq və təpiklə vurmağa başlamışlar. Daha sonra atası Zahid, o və hadisə yerində olan qadın müştəri birləşib qardaşı Kənanı Sahibin və Nurlananın əlindən almışlar və ara sakitləşmişdir. O, Sahibi döyməmiş, vurmamış, onunla qardaşı Kənanı aralamışdır. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, X4 onun doğma bacısı Nüşabə Hacıyevanın keçmiş əridir. Zahidlə bacısı Nüşabə 2019-cu ildə rəsmi qaydada boşanıblar. Onların həmin evlilikdən Sənan, Kənan və Ömər adında üç oğlan uşaqları vardır. Onlar boşandıqdan sonra Sənan və Kənan atası Zahidlə, Ömər isə anası Nüşabə ilə yaşamışlar. Lakin hazırda Ömər də atası Zahidlə yaşayır. Zahidlə bacısı Nüşabə boşandıqdan sonra onların ailə ilə Zahid Xanlayev arasında mülk bölgüsünə görə mülki mübahisə yaranmış, kəskin narazılıq vardır. Hazırda Balakən bazarının daxilində onların ailəsinə məxsus olan mağaza ilə Zahid Xanlayevə məxsus olan mağaza yanaşı yerləşir. Onlara məxsus olan mağazada adətən anası Elmira Hacıyeva tək işləyir. Zahid Xanlayevə məxsus mağazada isə onun özü, bəzən də oğlanları Kənan və Sənan işləyirlər. 28 avqust 2022-ci il tarixdə təxminən saat 08:30 radələrində Balakən şəhəri ərazisində olduğu zaman anası Elmira Hacıyeva ona zəng edərək, bacısı oğlanları Kənan və Sənanın onlara məxsus mağazanın qarşısındakı malları dağıdaraq öz mallarını onların mağazanın qarşısına yığdıqlarını, Kənan və Sənanın ona qarşı nalayiq ifadələr işlətdiklərini bildirmişdir. Anası ondan nə etməli olduğunu soruşmuş, o, da anasına “özüm həmin yerə gəlirəm” deyərək bazara getmişdir. O, telefonda danışan zaman bacısı Nurlana da onun yanında olub danışdıqlarını eşitdiyi üçün onun arxasınca bazara gəlmişdi. O, anası Elmiraya məxsus mağazanın qarşısına çatmış və mağazanın qarşısında olan malların biraz da anasına məxsus mağazaya tərəf itələnmiş olduğunu, yəni mağazalar arasında sərhəddin onlar tərəfə olan hissəsinə Zahidin öz mallarını yığdığını görmüşdür. Buna görə o, Zahidin onların mağazanın qarşısındakı mallarını geriyə, yəni Zahidin öz mallarının olmalı olduğu yerə itələmişdir. Həmin vaxt bacısı oğlu Sənan mağazadan çıxaraq “nə edirsən, bizim orada sərhəddimiz var” demişdir. O, da Sənana faktiki sərhəddi müəyyən edən borunu göstərib “bax, sərhəd buradır” demişdir. Daha sonra isə Kənan mağazadan bayıra çıxmış, ona “neçə dəfə səni söhbətə çağırdım, sən isə qaçdın” demişdir. Bundan sonra Kənan məsələni aydınlaşdırmaq üçün onu mağazanın arxa tərəfinə çağırmışdır. O da razılaşaraq tək mağazanın arxa tərəfinə getmişdir. Bu zaman Kənan və Sənan mağazanın içərisinə daxil olmuşlar və arxa qapısından mağazanın arxasına çıxmışlar. O, mağazanın arxa tərəfinə çatanda Zahid, Kənan və Sənan onun qarşısina çıxmışlar. Kənan onu söhbətə çağıran zaman onun tək gələcəyini düşünmüş, lakin mağazanın arxasına getdikdə Zahid, Kənan və Sənanın birlikdə gəldiklərini görmüşdür. O, da onlara əli ilə işarə edərək “hər üçünüz gəlin” demişdir. Bu zaman o, Kənanın qarşısına getmiş və Kənan başı ilə onun sifət nahiyəsinə bir zərbə vurmuşdur. Nəticədə onun dodağı, dodağının ətrafı partlamış və o müvazinətini itirmişdir. Daha sonra Sənan onu yumruqla vurmuş,bundan sonra Zahid, Kənan və Sənan onu vurub yerə yıxmışlar və təpiklə, yumruqla döyməyə başlamışlar. Həmin vaxt bacısı Nurlana hadisə yerinə gələrək onları ayırmağa çalışmış, lakin Zahid bacısı Nurlananı dirsəyi ilə vuraraq yerə yıxmışdır. Bu zaman ətrafda olan şəxslər onları ayırmışlar və o, mağazaya getmişdir. Bir qədər sonra Balakən RPŞ-nin əməkdaşları bazara gəlib müayinə olunmaq üçün onu Balakən rayon Mərkəzi Xəstəxanasına aparmışlar.O, Şəxs şikayətçidir. Onun barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X8” X13 tərəfindən verilmiş 27 sentyabr 2022ci il tarixli T471/2022 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - üst dodağında 1 (bir) ədəd əzilmiş yara, sağ gözaltı nahiyədə 1 (bir) ədəd və sağ yanaq nahiyəsində 1 (bir) ədəd qançırlar, sağ dirsək nahiyəsində 1 (bir) ədəd, kürək nahiyəsində 1 (bir) ədəd və sol ciyin oynağı nahiyəsində 1 (bir) ədəd sıyrıqlar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, xx.xx.2022-ci il tarixdə insanın bədəninin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdilər, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmir. Belə ki, üst dodaqda olan yaranın ölçülərinin kiçik olması ,ona üç ədəd tikiş qoyulması ilə vəhdət təşkil etmir və bu səbəbdən də sağlamlığa yüngül zərərvurmaya aid edilməsi hal hazırda mövcud meyarlara əsasən tikiş tələb etməyən yara olduğundan tam əsaslandırılmamışdır. Diaqnozda göstərilən “QKBT, baş beyin silkələnməsi” heç bir obyektiv nevroloji əlamətlərlə öz təsdiqini tapmadığından və şəxsin subyektiv şikayətləri əsasında müəyyən edildiyindən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmadı. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xüsusiyyətləri, lokalizasiyası və sayı onun yıxılma zamanı deyil, döyülmə nəticəsində yaranmasına uyğun gəlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31 oktyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda, X1, Şəxs və X5 əməllərində Azərbaycan Respublikası CM-nin 128 və 221-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barələrində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmiş, X2, Şəxs və X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində inzibati tənbeh tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyətini ağırlaşdıran hallar yoxdur. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdıran halların olmamasını, eyni zamanda cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 18 (on səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 04 noyabr 2022-ci il tarixdən saat 12:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar