Məhkəmə qərarları › İş №3(019)-381/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-381/2025

04.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-381/2025 04.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəis, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Balakən rayonunun Katex kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx , evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Katex kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:10 radələrində ünvan 1 ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid2 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis kapitanı Şahid1 raportu əsasında Balakən rayonu Katex kənd sakini Şəxs ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xətalar haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1980-cı il təvəllüdlü Balakən rayonu Katex kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, 02 oktyabr 2025-ci il tarixdə axşam toyda olmuş, təxminən 0,7 litr araq, həmçinin pivə içmiş, sərxoş olmuşdur. O, saat təxminən 19 radələrində toydan çıxıb həmkəndlisi Kəmalənin evinə getmişdir. Təxminən 10 ildir ki, Kəmalə ilə ər-arvad münasibətləri vardır.O, Kəmalənin evinə gedən zaman Kəmalənin qızı Əminə onun onlara gəlməsinə etiraz etmiş və onu evdən qovmuşdur. Bundan sonra o, çıxıb evinə getmişdir.Həmin gün o, yolda olarkən öz ehtiyatsızlığından yıxılaraq xəsarət almışdır. Həmin gün saat təxminən 22:10 radələrində Balakən rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Həmin vaxt o, sərxoş olduğundan küçədə uca səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona Kəmalə və onun qızı Əminənin ondan şikayət etdiyini deyərək,onlarla birlikdə polis şöbəsinə getməli olmasını bildirmişlər. O, polis şöbəsinə getmək istəməmiş və polis əməkdaşları ilə mübahisə edərək ucadan ünvansız nəlayiq söyüşlər söyməkdə davam etmişdir. Təxminən 10 dəqiqə aralarında mübahisə olmuş, bundan sonra polis əməkdaşları onu sakitləşdirərək özləri ilə birlikdə Balakən rayon polis şöbəsinə gətirmişlər.Etdiyi əməldən çox peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, pols kapitanı Şahid1 ifadəsində göstərdi ki, 02 oktyabr 2025-ci il tarixdə saat 20:49 radələrində Balakən rayonu Katex kənd sakini X1 DİN-nin “102” xidməti zəng mərkəzinə zəng vurub verdiyi məlumat əsasında o və RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 birlikdə Balakən rayonunun Katex kəndinə getmişlər. Onlar şikayətçiləri dinləmiş,ərizələrini qəbul edib, saat təxminən 22:10 radələrində barəsində şikayət olunan Katex kənd sakini Şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt Şəxs küçədə sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar Habilə barəsində olunan şikayəti izah etmiş və onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt Şəxs üzündə olan xəsarətləri gördükləri üçün ondan xəsarətləri harada aldığını soruşduqda, Habil onlara yıxılaraq xəsarət aldığını bildirmişdir. Sonradan Şəxs onlarla polis şöbəsinə getməyəcəyini bildirmiş və küçədə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməkdə davam etmişdir. Dəfələrlə onu intizama dəvət etsələr də Habil onların qanuni tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Təxminən 10 dəqiqə onlarla mübahisə etmiş, sonra Şəxs özləri ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Balakən rayonu Katex kəndi ünvanında yaşayan xx.xx.1980-cı il təvəllüdlü Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 oktyabr 2025-ci il tarixdə saat 23:30 radələrində inzibati qaydada tutulmuş , 04 oktyabr 2025-ci il tarixdə saat 11:30-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətaların xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 oktyabr 2025-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuş, 04 oktyabr 2025-ci il tarixə saat 11:30-da azad edilsə də, faktiki olaraq polis əməkdaşlarının nəzarəti altında, azadlığı məhdudlaşdırılmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən saat 23:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar