Məhkəmə qərarları › İş №3(019)-386/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-386/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-386/2021 17.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi , məhkəmə iclas katibi X5 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X7 vəkili Vəkil iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin 26 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə dair işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X21 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin 26 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayət verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin 26 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 1500 manat cərimə edilməsinə dair qərarın ləğv edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 469.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X21 şikayətini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kəndi ünvanında yaşayır. 22.12.2016-cı il tarixdə 13 saylı ərazi vergilər idarəsində dövlət qeydiyyatına alınmış (VÖEN **********), hüquqi ünvanı Balakən rayonu Qullar kəndi olan, Nizamnaməsinə əsasən “X40” MMC-nin təsisçisi kimi Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən obyektdə ayrı-ayrı fənlər üzrə tədris işini həyata keçirmiş və bu məqsədlə pedaqoji təhsilə malik olan şəxsləri müəllim (və ya müəllimə) kimi xidmətlərin göstərilməsinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən “X40” MMC-nin ünvan 2 ünvanına 26 oktyabr 2021-ci il tarixli məktub göndərmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “əmək müqaviləsi bildirişi altsisteminin müqayisəli təhlilləri nəticəsində tərəfinizdən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməlinizdə inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də, inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 15 noyabr 2021-ci il tarixdə saat 14:00-da X28 Xidmətinin Aparatına dəvət olunursunuz”. İşdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Həmin məktubu aldıqdan sonra 10 noyabr 2021-ci il tarixdə Qala Həyat Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə “X40” MMC arasında elektron qaydada 18 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması təmin edilmişdir. Bununla bağlı X18 məlumat vermişdir. X14 əməkdaşı olan Səlimova Təranə adlı şəxslə onun iş nömrəsi olan 13 noyabr-16 noyabr 2021-ci il tarixlərdə ********** nömrəli xidməti telefonu vasitəsi ilə əlaqə saxlayaraq işçilərlə sığorta müqaviləsinin bağlanılmasının təmin edilməsi bildirilmişdir. Həmin əməkdaş isə X28 Xidmətinin rəis müavini Orxan Hüseynzadəyə inzibati iş üzrə icraata başlamamaq barədə köməklik göstərilməsinə dair müraciət ünvanlamağı, həmin müraciətə qəbzi, ödəniş tapşırığını və cədvəli göndərməyi xahiş etmişdir. O, da öz növbəsində həmin sənədləri hazırlayaraq X18 göndərilməsini təmin etmişdir.X28 ona 17 noyabr 2021-ci il tarixli **********5 nömrəli məktub göndərmiş və məktubda aşağıdakıları qeyd etmişdir “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyiniz ilə bağlı sənədlərə tərəflərindən baxılmışdır. Nəticədə vəzifəli şəxs kimi barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 15 noyabr 2021-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir, inzibati Xəta haqqında protokolların surəti məlumat üçün Sizə göndərilir. 26.11.2021-ci il tarixdə isə istifadəsində olan mobil telefonuna MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 1500 manat cərimə olunmağı barədə sms bildiriş gəlmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidməti qanunvericiliyin tələblərini pozduğuna və əməlində inzibati xəta tərkibi və hadisəsi olmadığına görə onun qərarından şikayət verməli olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X7 vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Rüstəmov Qurban Əhməd oğlunun vəkilini dinləyib, iş materiallarına əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin «X40» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanladığı 26 oktyabr 2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu məqsədlə “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan və ya hüquqi qüvvəsi olmayan icbari sığorta müqaviləsi üzrə işəgötürənlərə müvafiq xəbərdarlıq edilmişdir. Müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə “Əmək müqaviləsi bildirişi” altsisteminin müqayisəli təhlilləri nəticəsində tərəflərindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 15 noyabr 2021-ci il tarixdə saat 14:00-da X28 Xidmətinin aparatına (Bakı şəhəri, Yasamal rayonu, M.Naxçivani 25A, 2-ci mərtəbə, otaq 20. Əlaqə:*** *** ** **, daxili 6023) dəvət olunurlar. Nəzərlərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Onun və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi və iş üzrə onda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Məlumatları olsun ki, əməllərində inzibati xəta əlamətləri aşkarlanarsa, gəlmədikləri halda araşdırmanın müddətinin onlara vaxtında bildirilməsini nəzərə alaraq, barələrində inzibati xəta haqqında protokol tərtib olunacaqdır. İş materiallarına əlavə edilmiş 10.11.2021-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqaviləsi”nə qoşmadan görünür ki, "X40" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında "X40" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri X9, X3, X10, X8, X11, X12, X22, X23, X15, X4, X13, X30, X27, X6, X16, X17, X24 və X25 ilə bağlı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilə bağlanmış və elektron sistemə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 12.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "X40" Məhdud Məsuliyyətli Cəmiyyəti istehsalatda bədbəxt hadisələrin sığortalanması üçün 39 manat ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə əsasən Bu Qanunun Xüsusi bölməsində icbari qaydada sığorta etdirmək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı ilə birlikdə həm də hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: 3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla)… “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4.0-cı maddəsinə əsasən bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: 4.0.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; 4.0.2. dövlət orqanları; 4.0.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; 4.0.4. seçkili orqanlar; 4.0.5. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 11.2, 11.3 və 11.4-cü maddələrinə əsasən icbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə hüquq verən lisenziyaya və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə maliyyə bazarlarına nəzarət orqanının verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər; sığortalı bu Qanunun 11.1-ci maddəsində göstərilən tələbləri nəzərə alaraq sığortaçını seçməkdə sərbəstdir. Sığortaçı icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz; icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir; icbari sığorta müqaviləsi sığorta olunanın və ya faydalanan şəxsin vəziyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunla müəyyən olunmuş şərtlərlə müqayisədə pisləşdirirsə, sığortaçı sığorta olunan və ya faydalanan şəxs qarşısında bu Qanunla müəyyən olunmuş sığorta təminatı həcmində öhdəlik daşıyır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən sığortaçıların icbari sığorta üzrə fəaliyyətinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir. Qanunvericliyin tələbindən görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlanmalıdır. Qanunvericilikdə həmin müqavilənin konkret olaraq hansı vaxtda bağlanmalı olması göstərilməmiş, müqavilənin 1 il müddətinə bağlanmalı olması qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İXM-nin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikası İXM-nin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İşdəki sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin rəis müavini Orxan Hüseynzadə “X40” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanına 26 oktyabr 2021-ci il tarixli məktub ünvalayaraq, X1 X2 qüvvədə olan aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidməti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidməti tərəfindən 15 noyabr 2021-ci il tarixdə inzibati araşdırma başlanmazdan əvvəl «X40» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10 noyabr 2021-ci il tarixli QH********** nömrəli müqavilə ilə 18 aktiv əmək müqaviləsi üzrə işçilər icbari sığortalanmışdır. Yəni müfəttişliyin xəbərdarlığı əsasında “X40” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri sığortalanmış, bu problem aradan qaldırılmış və bu barədə X28 Xidməti məlumatlandırılmışdır. Lakin X28 Xidməti bundan sonra inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad çıxarmaq əvəzinə formal inzibati araşdırma aparmağa başlamışdır. Halbuki göstərilən hal inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal hesab olunur. Belə olan halda X28 Xidməti X40» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad çıxarmalı idi. Belə ki, Azərbaycan Respublikası İXM-nin 99.5-ci maddəsinə əsasən bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərar qəbul edilir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, X39 oğlu tərəfindən qanunvericliyin tələbinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, işçilərlə bağlı 10.11.2021-ci il tarixdə sığortaçı ilə qanunda nəzərdə tutulmuş müddətə qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlanmış, həminin bununla əlaqədar 39 manat ödəniş edilmişdir. X39 oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, şikayət təmin edilməli, inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 109.2, 112-113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X39 oğlunun şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin vəzifəli şəxs X39 oğlunun Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 1500 manat cərimə edilməsinə dair 26 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X39 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Vəzifəli şəxs X39 oğlu inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar