Məhkəmə qərarları › İş №3(019)-389/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-389/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-389/2023 31.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi Bazarov Nurlan Nəriman oğlunun, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1970-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evində keçmiş həyat yoldaşı X2 hər iki qol nahiyyəsindən tutub sıxaraq ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Nurlan Bazarov tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, 1993-cü ildə Balakən rayon Katex kənd sakini X5 ilə ailə həyatı qurmuşdur.Bu evlilikdən onların Şümeysət, Esmira və Ramazan adlı 3 övladları var. O, 2006-cı ildə Sevqardan ailədaxili münaqişələrə görə məhkəmənin qərarı ilə rəsmi şəkildə boşanmışdır. Həmin vaxtdan etibarən də Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən hal-hazırda Rusiya Federasiyasının Tümen şəhərində yaşayan qardaşı Şamil Paraşova məxsus olan evdə yaşayır. Həmin ev 4 otaqdan ibarət olub kürsülü 2 mərtəbəli evdir. O, Sevqar ilə boşandıqdan sonra Sevqar uşaqları ilə birlikdə Bakı şəhərinə köçərək orada yaşayır. Sevqar hər ildə bir neçə dəfə evinə gəlib əsassız yerə onunla münaqişə yaradıb evi onun əlindən almaq istəyir. Buna görə də hər dəfə onunla aralarında mübahisə yaranır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, qonşuluqda yaşayan Həva adlı qadının evinə işləmək üçün getmişdir. Orada işlərini bitirdikdən sonra evinə gəlmişdir. O, özünə məxsus olan motorlu mişar ilə evinin həyətindəki otu çalmışdır. Onun fikri var idi ki, motorlu mişara benzin töküb həyətin digər yerlərini otdan təmizləsin. Sevqarın evin üst mərtəbəsində olduğunu görüb həyətyanı sahədə olan otu təmizləmək üçün motorlu mişara əlavə etdiyi içərisində benzin olan şüşə qab ilə evin üst mərtəbəsinə çıxmış, Sevqara evdən çıxıb getməsini yalnız məhkəmə qərarı əsasında evdən pay götürə biləcəyini dediyi vaxt Sevqar ilə aralarında ilk öncə sözlə mübahisə yaranmış, Sevqara yalnız məhkəmə qərarı əsasında evə daxil olmağa ona icazə verəcəyini demişdir. Sevqarın onun üzərinə içərisində soğan olan kisəni atması nəticəsində əlində benzin ilə dolu olan qab yerə düşərək onun və Sevqarın üzərinə sıçramışdır. Sevqar evdən çıxmadığı üçün onun hər iki qol nahiyyəsindən tutaraq onu evin pilləkanlarından aşağı tərəfə dartaraq onu evdən çıxartmışdır. Sevqarı yandırmaq ilə hədələməmiş, həmin xüsusat üzrə onun dedikləri yalan və böhtandır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında 1993-cü ildə Şəxs ilə ailə həyatı quraraq bu evlilikdən onun Şümeysət, Esmira və Ramazan adlı 3 övladının olduğunu, 2014-cü ildə Rəfaildən ailədaxili münaqişələrə görə məhkəmənin qərarı ilə rəsmi şəkildə boşandığını, həmin vaxtdan etibarən övladları ilə birlikdə Bakı şəhərində yaşadığını, hər il bir neçə dəfə keçmiş həyat yoldaşı ilə birlikdə yaşadığı Balakən rayon Mahamalar kəndindəki evə getdiyini, həyat yoldaşından boşandıqdan sonra öz aralarında evin üst mərtəbəsində olan 4 otağı böldüyünü, xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Balakən rayon Mahamalar kəndinə gəldiyini, evə daxil olub üst mərtəbəyə çıxıb ona verilmiş 2 otağın pəncərəsini açıb havalandıraraq daha sonra qonşunun evinə getdiyini, bir qədər sonra evə gəldikdə Rəfailin evdə olmasını hiss etdiyini, Rəfailin evin üst mərtəbəsinə çıxıb ona evdən çıxıb getməyini, evdən ona pay düşmədiyini dedikdə aralarında sözlə mübahisə yarandığını, Rəfailə evdən çıxmayacağını dedikdə Rəfailin onun hər iki qolundan tutub sıxıb ona fiziki güc tətbiq etməklə onu zorla evdən çıxarmağa cəhd etdiyini, Rəfailin onu evdən çıxarmağa nail olmadığı üçün evin həyətindən içərisində benzin olan 1 litrlik şüşə qabı gətirib benzini onun üzərinə və dəhlizə ataraq onu yandıracağı ilə hədələdiyini, bu vaxt pilləkənin üstündə olan içərisində soğan ilə dolu kisəni Rəfailə tərəf atdığını, bir qədər sonra isə həyətə düşüb DİN-in 102 xidmətinə zəng etdiyini, Rəfailin benzini onun üzərinə və evin dəhlizinə töksə də benzini yandırmaq üçün hər hansı alışdırıcıdan istifadə etmədiyini, həmçinin alışıdırıcı ilə onu hədələmədiyini, hadisənin öz aralarında baş verdiyini və kənar şəxsin olmadığını, xx.xx.2023-cü il tarixdə hər iki qol nahiyyəsində xəsarət olduğunu aşkar etdikdən sonra həmin tarixdə Balakən RPŞ-yə gələrək bu barədə ərizə ilə müraciət etdiyini bildirmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi Bazarov Nurlan Nəriman oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 202 nömrəli rəyində göstərilmişdir ki, Paraşovada müəyyən edilmiş xəsarətlər-sağ bazunun orta 1/3-də ön səthdə qançırlar,sağ saidin orta 1/3-nin arxa səthində sıyrıqlar-küt əşyanın( əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X2 şikayəti əsasında toplanmış HK-1-533 saylı materialda cinayət hadisəsi olmadığına görə üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmış, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə, X3 və X1 göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin 3 saylı Şəki-Zaqatala regional filialının 29 avqust 2023-cü il tarixli arayışında göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixə filial tərəfindən hec bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. İş materiallarından həmçinin görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar