Məhkəmə qərarları › İş №3(019)-395/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-395/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-395/2021 08.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə Seymur oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə xx.xx.2000-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri R.Əhmədzadə küçəsi ev 8-də yaşayan Şəxs oğlu barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 06.12.2021-ci il tarixdə narkotik vasitə hesab edilən heroin (kakos) istifadə etmiş, eyni zamanda həmin gün saat 10:28 radələrində narkotik vasitə heroindən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə VAZ-21074 markalı 90XY717 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Balakən şəhəri ərazisində idarə etmişdir. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında özünün qismən etirazedici ifadəsi və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə Seymur oğlu göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis kiçik serjantı X6 və Balakən Rayon PŞ-nin TB-nin təhqiqatçısı.polis kapitanı X3 raportu əsasında inzibati xəta haqqında araşdırma aparılması ona həvalə edilmiş, onun tərəfindən şahidlərin ifadələri, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı allınmış və Balakən şəhəri R.Əhmədzadə küçəsi ev 8-də yaşayan xx.xx.2000-ci il təvəllüdlü X10 oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Məcidov Əli Tofiq oğlu özünü qismən təqsirli bilərək göstərdi ki, o, Balakən şəhəri R.Əhmədzadə küçəsi ev 8-də qeydiyyatda olmaqla anası Mirvari Məcidova ilə birlikdə həmin evdə yaşayır. Təxminən 2 ildir ki narkotik vasitə heroin (kokos)-dan istifadə edir. 15 gün bundan əvvəl Balakən şəhərində yerləşən H.Əliyev adına parkın içərisindəki zibil qutusunun yanından bir ədəd xırda sellofan bükümdə narkotik vasitə heroin (kokos) tapmışdır. Həmin narkotik vasitə heroindən evdə tək istifadə etmişdir. Tapdığı sellofan bükümdə 1 dəfəlik istifadə üçün narkotik vasitə heroinin (kokosun) olmuşdur. 06.12.2021-ci il tarixdə saat 12 radələrində tanışları Əli Paçalov və X4 şəhərində yerləşən “Kapital bankın” binasının qarşısında görüşmüş, həmin yerə etibarnamə əsasında idarə etdiyi, özünə məxsus Vaz- 2107 markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla getmişdir. Əli Paçalov və Tacəddin Dibirov onun idarə etdiyi avtomaşına əyləşmişlər, birlikdə onun idarə etdiyi avtomaşınla Balakən rayonu Mahamalar kəndi istiqamətinə doğru getmişlər. Bu zaman avtomaşınında əyləşən tanışları Əli Paçalov və Tacəddin Dibirov narkotik vasitə heroindən (kokosdan) istifadə etməyə başlamışlar. Həmin vaxt o narkotik vasitədən istifadə etməmişdir. Mahamalar kəndi ərazisində Balakən RPŞ-nin YPX-nin avtomaşınında olan polis əməkdaşları onları saxlamış, YPX-nin əməkdaşları onları narkotik vasitə istifadə etməklərində şübhəli olduqlarından, sonradan həmin yerə gələn 2 nəfər polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə aparmışlar. Sonra isə onları Şəki şəhər X1 şöbəsinə aparmışlar, orada onların hər üçündən sidik nümunəsini götürülmüşdür. Bu zaman onun və tanışları Əli Paçalov və Tacəddin Dibirovun narkotik vasitə istifadə etmələri müəyyən olunmuşdur. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan inzibati tutma haqqında protokoldan görünür ki, Məcidov Əli Tofiq oğlu 07 dekabr 2021-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş,08 dekabr 2021-ci il tarixdə saat 11:00-da azad edilmişdir. İşdə olan 07 dekabr 2021-ci il tarixli 360A nömrəli sərxoşluq hallarının bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Məcidov Əli Tofiq oğlunun sidiyində narkotik vasitə “kakos” aşkar edilmişdir. Müayinə zamanı 06 dekabr 2021-ci il tarixdə “kakos” adlı narkotik vasitə qəbul etdiyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,cinayət hadisəsi olmadığına görə Balakən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis kiçik serjantı Ömər Ömərovun şöbə rəhbərliyinə yazmış olduğu raport əsasında toplanılmış HK-1-942 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş , qərarın surəti Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 333.1 və 206-cı maddələri ilə, X5 və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün Balakən RPŞ-nin İTB-yə və DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir,onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 206-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında dörd yüz manat miqdarında cərimə və nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilə kimi məhdudlaşdırılması inzibati tənbehi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında isə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 206-cı maddələri ilə təqsirli bilinməli, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə daha ciddi inzibati həbs tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs 07.12.2021-ci il saat 20:00-dan 08 dekabr 2021-ci il saat 11:00-a kimi inzibati qaydada tutulub saxlandığından həmin bir gün müddət inzibati həbs müddətinə hesablanmaqla tətbiq ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş ) gün müddətə inzibati həbs edilsin. Onun bir gün tutulub saxlandığı müddət həmin inzibati tənbeh müddətinə hesablanmaqla həmin müddətdən çıxılsın və üzərində 14 (on dörd ) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 08 dekabr 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar