Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-41/2021 09.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparalına Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Balakən rayonu Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 329.1 və 333.1-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 17.12 radələrində MERCEDES BENZ 200 minik markalı **-XO-*** dövlət nömrə nişanlı avtomaşını təhlükəsizlik kəmərini bağlamadan və sərxoş vəziyyətdə idarə etmişdir. Bu barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V Tağım YPX inspektoru, polis serjantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrilə xx.xx.2021-ci il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrilə özünü təqsirli bilərək, izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Yevlax-Zaqatala-Gürcüstan yolunun Qullar kəndindən keçən hissəsində MERCEDES BENZ 200 minik markalı **-XO-*** dövlət nömrə nişanlı avtomaşını təhlükəsizlik kəmərini bağlamadan və sərxoş vəziyyətdə idarə etmişdir. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə edərkən patrul maşını onu saxlamış və yoxlama zamanı polis əməkdaşları onun spirtli içki qəbul etdiyindən şübhələnmişlər. Həkim narkoloq tərəfindən yoxlanılmış və sərxoş olması aşkarlanmışdır. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan x xxxxxx 2021-ci il tarixli, 49 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin vaxt Şəxs 0,304 promili olmaqla alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə isə həmin Məcəllənin 333.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanıi alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşlduq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinəyə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən malddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası CPM-nin 74.6-ci maddəsinə əsasən cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə hərbi məhkəmədə baxılır. Məhkəmə hesab edir ki, İXM-də faktiki olaraq bir icraatda birləşdirilmiş müəyyən inzibati xətalar haqqındla işlərə baxılması digər orqanların, müəyyən inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətlərinə aid olduğu halında həmin xətalara məhkəmələr tərəfindən baxılması təsbit edilməsə də, Azərbaycan Respublikası CPM-nin 49.1, 74.5 və 74.6-cı maddələri qanunun analogiyası üzrə tətbiq edilməklə Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə hazırki işə Balakən Rayon Məhkəməsində baxıla bilər. Belə ki, Azərbaycan Respublikası CPM-də və İXM-nin prosessual hissəsində qanunun analogiyasından istifadə qadağan olunmamışdır. Hüquqi prinsipə görə qadağan olunmayan hərəkət icazəlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hüquq münasibətləri və onlardan irəli gələn mübahisələrin həlli hüquq normaları ilə tənzimlənir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsində qeyd olunur ki konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Yenə də həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi, qanun norması o cümlədən cinayət və inzibati xətalara dair qanunvericilikdə şəxsin məsuliyyətə cəlb olunması, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla hüququn və qanunun analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur. Azərbaycan Respublikası İXMdə faktiki olaraq bir icraatda birləşdirilmiş müəyyən xətalara baxılması məhkəmənin, digər xətalara baxılması digər orqanların səlahiyyətində olduğu halında həmin inzibati xətalara dair işə məhakəmədə baxılması şərti nəzərdə tutulmasa da, bu məsələ şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarını müəyyən etmədiyindən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5ci maddəsinə əsasən, hazırki işdə həmin məsələnin həlli üçün Azərbaycan Respublikası CPM-nin 49.1, 74.5 və 74.6-cı maddələri qanunun analogiyası üzrə tətbiq oluna bilər. Qanunun bu analogiyasının tətbiqi həmçinin beynəlxalq qanunvericiliyə əsasən inzibati xətaların bir sıra parametrlərinə görə cinayət ittihamı sayılmasından da irəli gəlir. Belə ki, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və 7-ci maddələrinə və bu maddələrin tətbiqi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən bir çox hallarda inzibati xətalar da cinayət ittihamını özündə ehtva edir. Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X1rşı işlər). Məhkəmə nəzərə çatdırır ki, əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X8rşı işdə (32- 34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd). Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X5rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi bildirdi ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X1rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X2rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasınının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Azərbaycan Respublikasıının daxili qanunvericiliyində inzibati xətalar və cinayət əməlləri ayrıca hüquq sahələri kimi təsnifləşdirildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, 1-ci Engel meyarı hazırki işdə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə ikinci və üçüncü Engel meyarlarını tətbiq etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, ikinci Engel meyarı, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktını və ona görə də onun ağırlıq dərəcəsinin yüksək olmasını göstərir. Üçüncü Engel meyarı isə hüquq pozuntusunun xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin oluna bilən və ya təyin olunmuş sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza olmasıdır. Bu meyarları hazırki işə tətbiq edən məhkəmə nəzərə çatdırır ki, Şəxs istinad edilən inzibati xətalar yol hərəkəti qaydalarının pozulmasına qarşı mübarizə məqsədini daşıyır və bu məqsəd və maraq əslində cinayət hüququnun müdafiəsi sferasına aiddir. Bu xüsusda məhkəmə qeyd edir ki, bu xətalarda nəzərdə tutulmuş hüquq norması xüsusi statusa malik olan şəxslərə deyil, bütün vətəndaşlara şamil olunur. Yəni bu qanunvericilik norması konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs istinad olunan inzibati xətalar 2-ci Engel meyarına görə, yəni qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı və onun ağırlıq dərəcəsinə görə cinayət ittihamı sayılmalıdır. İşdəki faktiki hallara hüquqi qiymət verən məhkəmə X2rşı, Engel və başqaları Niderlanda qarşı və Ezex və X1rşı məhkəmə presedentlərinə istinad edərək, həmçinin hesab edir ki, Şəxs istinad olunan inzibati xətalar 3-cü Engel meyarına, yəni təyin oluna bilən sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza xarakteri daşıyır və bu əsasdan cinayət ittihamıdır. Bu zaman cəzanın ağırlığı İXM-nin həmin maddəsində nəzərdə tutulmuş maksimal potensial sanksiya ilə müəyyənləşdirilməlidir. Bu iş üzrə real cəzanın təyin edilə biləcəyii heç də həmin faktorun vacibliyini heçə endirməmişdir. Avropa Məhkəməsinin yuxarıda göstərilən presedentlərində qeyd edildiyi kimi, hüququn aliliyi prinsipinə sədaqətli olan cəmiyyətlərdə azadlıqdan məhrum etməni nəzərdə tutan sanksiya və azadlıqdan məhrum etmənin şəxsə qarşı real tətbiq olunduğu sanksiya mövcud prezumpsiyaya görə şəxsə verilən ittiham, bu inzibati xəta olsa belə cinayət ittihamı sayılır. Bu prezumpsiya yalnız o hallarda rədd edilə bilər ki, ittihamın xarakteri, davamlılığı və bu cəzanın icrası üsullarına görə bu azadlıqdan məhrum etmə şəxs üçün hiss olunacaq dərəcədə əzabverici olmasın. Ancaq işin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, hazırki işdə bu istisna halları mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda sadalanan 2-ci və 3cü Engel meyarlarına-hüquq pozuntusunun xarakteri və mümkün və tətbiq oluna bilən cəzanın xarakteri və ağırlığı dərəcəsinə görə Avropa Konvensiyasının 6 və 7-ci maddələri, həmçinin həmin Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsi baxımından Şəxs istinad olunan inzibati xətalar cinayət xarakterlidir və ona qarşı irəli sürülən cinayət ittihamı sayılmalıdır. Ona görə də Şəxs istinad olunan inzibati xətalar üzrə CPM-nin yuxarıda sadalanan normaları qanunun analogiyası üzrə tətbiq olunmalıdır. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə əsasən (İ və V hissələr) Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir; Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiasının əsas mətninə zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən (İ hissə) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən (İİİ hissə) Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Qanuna görə «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikasının qanunları Konstitusiyaya, o cümlədən onun ayrılmaz hissəsi olan Konstitusiya qanunlarına zidd olduqda Azərbaycan Respublikası Konstitusiyasının, o cümlədən Konstitusiya qanunlarının müddəaları tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 329.1-cü maddəsinin sanksiyasında qırx manat məbləğində cərimə, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında isə dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta həmin Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Ona görə də İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Şəxs inzibati xətaları törətməsindən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xətaları törətməsindən səmimi peşmançılığı kimi məsuliyyətini yüngülləşdirilən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə ona daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-41/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-41/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver