Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-413/2025 27.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2007-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,FİN-xxxxxxx , orta təhsilli, subay ,fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qullar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 17 oktyabr 2025-ci il tarixdə saat 12:00 radələrində Balakən şəhəri H.Əliyev adına parkda şəxsi istehlak miqdarında narkotik vasitə qəbul etmişdir.O, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində Balakən Rayon Polis Şöbəsinin inzibati binasının üçüncü mərtəbəsinin dəhlizində qışqıraraq ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşları Şahid1 və Şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən şahidlərin ifadələri alınmış və Balakən rayonu Qullar kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, Balakən şəhəri A.Məmmədov küçəsi ev 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əsasən fərdi əməklə məşğul olur. Tik-Tok sosial şəbəkəsində özünə məxsus “tt.azizxan” hesabından mütəmadi olaraq kriminal aləmi təbliğ edən paylaşımlar etmişdir. xx.xx.2025-ci il tarixdə istifadə etdiyi mobil telefona zəng gəlmiş və özünü Balakən rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 olaraq təqdim edən həmin şəxs onu rayon Polis Şöbəsinə dəvət etmişdir . xx.xx.2025-ci il tarixdə saat 20 radələrində o, rayon Polis Şöbəsinə gəlmiş və şöbənin 3-cü mərtəbəsində onu dəvət edən polis əməkdaşı Şahid1la görüşmuşdür. Şahid1 onu polis şöbəsinə dəvət etməsinin səbəblərini izah etdikdə o, bir an əsəbiləşmiş və “yaxşı edirəm paylaşıram” demiş və davamında dəhlizə çıxaraq burada ünvansız söyüşlər söymüşdür. Bu zaman polis əməkdaşları ondan etdiyi davranışlara son qoymasını tələb etsələr də o, onların qanuni tələblərinə məhəl qoymayaraq təxminən 10-15 dəqiqə söyüşlər söyməkdə davam etmişdir. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Balakən şəhərində yerləşən H.Əliyev adına istirahət parkında olduğu zaman yerdə olan kibrit qutusu diqqətini çəkmiş, yerdə olan qutunu açdıqda görmüşdür ki, içində ota bənzər quru bitki var. Həmin bitkini iylədikdə onun xüsusi iyinin olmasını hiss etmiş və bu bitkinin marixuana ola biləcəyini düşünmüşdür. Bundan sonra onu cibində olan siqaretin bir ədədinin içinə dolduraraq çəkmişdir.Əməlindən peşmandır. Barəsində cərimə tənbehinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2021-ci ildən DİOda və 2023-cü ildən əməliyyat müvəkkili vəzifəsində xidmət edir. “Tik-Tok” sosial şəbəkəsində kriminal aləmi təbliğ edən ünvan 1 ünvanında yaşayan xx.xx.2007-ci il təvəllüdlü Şəxs izahatının alınması üçün xx.xx.2025-ci il tarixdə saat 20 radələrində RPŞnə dəvət etmişdir. Şəxs RPŞ-nə gəldikdən sonra ona dəvət olunmağının səbəbini izah etmiş, bu zaman Şəxs RPŞ-nin 3-cü mərtəbəsində otaqdan dəhlizə çıxaraq uca səslə “yaxşı etmişəm videolar paylaşmışam” demiş və davamında uca səslə ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt o və yanında olan Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 onu nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamış və təxminən 10 dəqiqə Polis Şöbəsinin iş rejimini pozmuşdur. Eyni zamanda Şəxs həmin vaxt narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələri yaranmışdır. Bundan sonra onlar onu Növbətçi hissəyə təhvil vermiş və o həmin şəxs barəsində tədbir görülməsi üçün raportla şöbə rəisinə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24 oktyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 oktyabr 2025-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş, 26 oktyabr 2025-ci il tarixdə saat 20:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 4522/2025 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il saat 14:40-da Şəxs sidiyində (THC)-aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 25 oktyabr 2025-ci il tarixli 1709 nömrəli rəydə göstərilmişdir ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkolojı kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Balakən rayonu Qullar kənd sakini xx.xx.2007-ci il təvəllüdlü Şəxs xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206,510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında isə iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206,510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs 24 oktyabr 2025-ci il saat 21:00-dan 26 oktyabr 2025-ci il saat 20:00-a kimi inzibati qaydada tutulub saxlandığından həmin iki gün müddət inzibati həbs müddətinə hesablanmaqla tətbiq ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalı, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X1 Şəxsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 22 (iyirmi iki ) gün müddətə inzibati həbs edilsin. Onun inzibati qaydada 2 (iki) gün tutulub saxlandığı müddət həmin inzibati tənbeh müddətinə hesablanmaqla həmin həbs müddətindən çıxılsın və üzərində 20 (iyirmi ) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 27 oktyabr 2025-ci il tarixdən saat 13:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X1 Şəxsinə göndərilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10(on)gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-413/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-413/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver