Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-419/2024 07.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-cı ildə Balakən rayonu Poştbinə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Balakən şəhəri Qaz İstismar sahəsində çilingər işləyən , əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Gərəkli kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində Balakən şəhəri N.Nərimanov küçəsində, Balakən RPŞ-nin inzibati binasının qarşısında ucadan ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları X2 və Şahid qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Gərəkli kənd sakini Şəxs ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması barədə törətdiyi inzibati xətalar haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü Balakən rayonu Gərəkli kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Gərəkli kəndində yaşayır. Balakən rayonu Gərəkli kənd sakini Otello Mustafayev onun çobanıdır. xx.xx.2024-cü il tarixdə saat 15:00-da Otello ictimai qaydanı pozduğu üçün o polis əməkdaşları tərəfindən rayon Polis Şöbəsinə gətirilmişdir. Qoyunlar sahədə sahibsiz qalmışlar. Həmin tarixdə saat 23:30-da o, Otello barəsində aparılan araşdırma ilə tanış olmaq üçün Balakən Rayon Polis Şöbəsinin qarşısına gəlmişdir. Burada küçədə dayandığı zaman bir qədər əsəbi olduğundan ətrafda başqa şəxslərin olmasına məhəl qoymadan uca səslə söyüşlər söyməyə başlamışdır. Həmin vaxt iki polis əməkdaşı ona yaxınlaşmış və ətrafda digər şəxslərin olmasını bildirərək ondan etdiyi davranışa son qoymasını tələb etmişlər. O, isə əsəbi olduğundan öz hərəkətlərini davam etdirmiş, söyüş söyməkdə davam etmişdir. Polislər təxminən 20 dəqiqədən sonra onu sakitləşdirərək Polis Şöbəsinə aparmışlar. Əməlindən peşimandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Balakən RPŞ-si QPB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:30 radələrində Balakən RPŞ-nin KCMQ-nin baş əməliyyat müvəkkili Elvin Seyidovla birlikdəBalakən şəhəri N.Nərimanov küçəsində xidmətdə olduqları zaman həmin küçədə yerləşən Balakən Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında küçədə bir nəfər şəxsin ətrafda digər şəxslərin olmasına məhəl qoymadan uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs öz hərəkətlərinə son qoymamışdır. Təxminən 20 dəqiqə davam edən cəhdlərindən sonra onu, rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Polis Şöbəsində həmin şəxsin Balakən şəhər sakini xx.xx.1987-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Bundan sonra o, bu barədə tədbir görülməsi üçün RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 sentyabr 2024-cü il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuş, 07 sentyabr 2024-cü il tarixdə saat 11:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki,Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan, xx.xx.1987-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, törədilmiş xətaların xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 05 sentyabr 2024-cü il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuş və 07 sentyabr 2024-cü il tarixdə saat 11:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək inzibati həbs müddətinə daxil edilməklə həmin inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 12 (on iki ) gün müddətə inzibati həbs edilsin. Onun 05 sentyabr 2024-cü il tarixdə saat 23:55-dən 07 sentyabr 2024-cü il tarixə saat 11:00-a kimi inzibati qaydada tutulduğu 02 (iki) gün müddət təyin edilən inzibati həbs müddətindən çıxılsın və üzərində 10 (on ) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 07 sentyabr 2024-cü il tarixdən saat 12:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-419/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-419/2024
07.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver