Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-423/2024 23.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, xx.xx.1964-cü ildə Balakən rayonu Katex kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,ali təhsilli, Balakən rayonu Katex Bələdiyyəsinin sədri vəzifəsində işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Katex kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 253-1.1.1 və 253-1.1.3-cü maddələrilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevin xx.xx.2024-cü il tarixli qərarı ilə Balakən rayonu Katex Bələdiyyəsinin sədri vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevin xx.xx.2024-cü il tarixli qərarında inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsası və səbəbi kimi göstərilir ki, vəzifəli şəxs Piriyev X1 rayonu Katex Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən “Yaşıllıqların mühafizəsi haqqında" xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin, “Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Fərmanının 3.2-ci bəndinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.5, 2.3-2.9 və 3.7-ci bəndlərinin tələblərinə əsasən, Balakən rayonu Katex Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, bələdiyyənin mülkiyyətində olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış vəzifəli şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış vəzifəli şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə ünvanladığı 05 sentyabr 2024-cü il tarixli 3-14-42/2-336/2024 nömrəli məktubundan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisinə daxil olan Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli və Biləsuvar rayon bələdiyyələrinin 2023-cü il üçün yaşıllıqların uçotu və monitorinqi barədə məlumatlar təqdim edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə verdiyi izahatından görünür ki, o, həmin izahatında 1999-cu ildə keçirilmiş bələdiyyə seçkiləri zamanı Balakən rayon Katex Bələdiyyəsinə üzvü seçildiyini, 2000-ci ilin fevral ayından bələdiyyənin sədri vəzifəsində olduğunu, bələdiyyənin ərazisinə Beretbinə yaşayış məntəqəsinin daxil olduğunu, bələdiyyə sədri kimi vəzifələrinə həmçinin bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini həyata keçirmək və bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmağın aid edildiyini bildiyini, bununla bağlı hər il Balakən rayon İcra Hakimiyyətinə məlumat verdiklərini, bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilməsi barədə məlumatının olmadığını, buna görə də onlara məlumat vermədiklərini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən yaşıllıqların uçotu, kadastrı və monitorinqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir. «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən yaşıllıqların uçotu, kadastrı və monitorinqi yaşıllıqların növləri üzrə ayrıca aparılır. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli 190 nömrəli Fərmanının 3.1-1-ci bəndinə əsasən həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 9.0.6-cı maddəsində, 12.2-ci maddəsində (birinci halda), 13.4-cü maddəsinin ikinci cümləsində, 13.5-ci maddəsinin birinci cümləsində, 13.8-ci və 14.2-ci maddələrində, 15.1-ci maddəsində (birinci halda), 16.1ci maddəsinin birinci cümləsində, 16.2-ci, 18.2-ci, 19.3-cü və 21.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli 190 nömrəli Fərmanının 3.3-cü bəndinə əsasən həmin Qanunun 12.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrində yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılmasına münasibətdə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli 190 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən həmin Qanunun 12.3-cü maddəsində (birinci halda) və 16.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrindəki (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası» nın 1.4-cü bəndinə əsasən yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən yaşıllıqların uçotu və kadastrı aşağıdakı məqsədlər üçün aparılır: 2.1.1. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması; 2.1.2. yaşıllıqların sanitariyagigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi; 2.1.3. yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması; 2.1.4. yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması. Həmin Qərarın 2.2-ci bəndinə əsasən yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqram təminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmipraktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aşağıdakı ardıcıllıqla aparılır: 2.2.1. yaşıllıq əraziləri barədə məlumatlar yaşıllıqların mühafizə, torpaq, tikinti və şəhərsalma sahəsində normativ hüquqi və texniki normativ hüquqi aktlar nəzərə alınmaqla çöl tədqiqat işləri nəticəsində dəqiqləşdirilir; 2.2.2. çöl tədqiqat işləri nəticəsində yaşıllıqların növləri, ağac, kol, gül-çiçək və ot bitkiləri (qazonlar) birillik və çoxillik olmaqla qruplara ayrılır, müvafiq yaşıllıq ərazisində olan ağacların və kolların sayı, hər birinin diametri (santimetrlə - torpaq səthindən götürülməklə), gül-çiçək və ot bitkilərinin (qazonların) kvadratmetrlə ölçüləri və bioloji inkişaf vəziyyəti araşdırılır, onların nə zaman salınması öyrənilir və ya illik həlqələrinin sayılması yolu ilə yaşı müəyyən edilir. «Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası» nın 2.4-cü bəndinə əsasən istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 566 nömrəli qərarı ilə ArcGİS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrıayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. Həmin Qərarın 2.5-ci bəndinə əsasən bu Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Yenə də həmin Qərarın 3.7-ci bəndinə əsasən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən aparılan yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumat hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilir və uçot hesabatları ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin «Qeyd» hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 253- 1.1.1 və 253-1.1.3-cü maddələrilə düzgün tövsif edilmişdir, onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddəsinin sanksiyasında inzibati tənbeh kimi vəzifəli şəxslər üçün min manat miqdarında inzibati cərimə nəzərdə tutulmuşdur. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəzifəli şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (bir min) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-423/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-423/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver