Məhkəmə qərarları › İş №3(019)-427/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-427/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-427/2024 19.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Şəxs barəsində Balakən RİH başçısının İ müavini X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı m ü ə y y ə n e t d i m: Balakən RİH başçısının İ müavini X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-1-ci maddəsi ilə 07 iyul 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Balakən RİH başçısının İ müavini X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-1-ci maddəsi ilə tərtib olunmuş 07 iyul 2024-cü il tarixli, MN0302447 №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-100.4-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-61.2-ci maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. İş materiallarından görünür ki, 07 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs tərəfindən Balakən rayonu Talalar kəndi ərazisində bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ölçüləri 8X10 metr olan fərdi yaşayış evinin tikilməsi göstərilməklə onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Lakin qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-1-ci maddəsində 07 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda mahiyyəti qeyd edilən inzibati xətaya görə deyil, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 07 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda mahiyyəti qeyd edilən inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində inzibati məsuliyyət müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin qanun normasının tələbinin əksinə olaraq 07 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs istinad olunan inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi düzgün göstərilməmişdir (İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi əvəzinə həmin Məcəllənin 395.1-1-ci maddəsi göstərilmişdir). Bu xüsusda nəzərə çatdırılmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4.2-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokol şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün bir prosessual sənəddir və inzibati xəta haqqında protokola səlahiyyətli orqan, vəzifəli şəxs və ya məhkəmə tərəfindən baxılır və sonra şəxs barəsində inzibati tənbehin tətbiq edilməsi və ya onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar çıxarılır. İşə baxan məhkəmə üçün inzibati xəta haqqında protokolu yenidən tərtib etmək və həmin protokolda şəxsə istinad olunan xətaya görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan maddəni başqa maddə ilə əvəz etmək və yeni maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlamaq səlahiyyətləri qanunda nəzərdə tutulmamışdır. Göründüyü kimi, Şəxs barəsində Balakən RİH başçısının İ müavini X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəmə iclasında tamamlana bilməyəcək dərəcədə natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 3 may 2019-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir; inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-1-ci maddəsi ilə tərtib olunmuş 07 iyul 2024-cü il tarixli, MN0302447 №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən RİH başçısının İ müavini X1 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-1-ci maddəsi ilə tərtib olunmuş 07 iyul 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən RİH başçısının İ müavini X1 geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar