Məhkəmə qərarları › İş №3(019)-432/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-432/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-432/2022 09.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonunun Mahamalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs sərxoş vəziyyətdə 08 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Balakən şəhəri N.Nərimanov küçəsində- ictimai yerdə ucadan nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid1 və Şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin İTBnin polis sahə nəfəri,polis serjantı Şahid1 raportu əsasında, onun tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin ifadələri alınmış və ünvan 1i ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki,xx.xx.2022-ci il tarixdə öz evlərində qardaşı ilə birlikdə 1(bir) litr spirtli içki qəbul etmişdir. Sonra onlar birlikdə rayon ərazisində yerləşən kafelərin birinə getmişlər və orada da spirtli içki qəbul etmişdir. O,sərxoş olduğu üçün söyüşlər söyməyə başlamışdır. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaraşaraq onu nizam-intizama dəvət etmişlər, lakin o, polis əməkdaşlarına məhəl qoymayaraq söyə-söyə oradan qaçmağa başlamışdır. O, qaçarkən yıxılmış, üzü asfalta dəyərək xəsarət almışdır. Sonra polis əməkdaşları onu tutaraq rayon polis şöbəsinə gətirmişlər.O, polis şöbəsində olarkən də söyüşlər söymüşdür. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir.Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində o, RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis baş leytenantı Elnur Göylərov ilə birlikdə Balakən şəhəri N.Nərimanov küçəsində xidmətdə olduqları zaman bır nəfər şəxsin küçədə ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onu nizam-intizama dəvət etsələrdə həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Buna görə də onlar həmin yerə köməyə PPXB-nün əməkdaşlarını çağırmışlar. Bu zaman həmin şəxs söyəsöyə oradan qaçmaq istəyərkən sərxoş olduğu üçün yerə yıxılmış və üz nahiyyəsi asfalt örtüyünə dəymişdir. Onlar PPXB-nün köməyi ilə həmin şəxsi Balakən RPŞ-yə gətirmişlər. Balakən RPŞ-də olan zaman həmin şəxsin xx.xx.1971 -ci il təvəllüdlü, ünvan 1 sakini Şəxs olduğu məlum olmuşdur. Şəxs RPŞ-nin inzibati binasında olan zaman da ucadan ünvansız və ünvanlı nalayiq ifadələr işlədərək RPŞ-nin iş rejimini də təxminən 1 saat pozmuşdur. Bundan sonra o, ictimai qaydanı pozan və polisin qanuni tələblərinə qəsdən tabe olmayan Şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 dekabr 2022-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş, 09 dekabr 2022-ci il tarixdə saat 12:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş arayışdan görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 09 dekabr 2022-ci il tarixli 383 nömrəli sərxoşluq hallarının növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:22 radələrində sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 dekabr 2022-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş və 09 dekabr 2022-ci il tarixə saat 12:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı bir gün ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin.Onun 08 dekabr 2022-ci il tarixdə saat 21:00dan 09 dekabr 2022-ci il tarixə saat 12:00-a kimi tutulub saxlandığı 1(bir) gün müddət həmin müddətdən çıxılsın və üzərində 09 (doqquz ) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 09 dekabr 2022-ci il tarixdən saat 13:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar