Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-44/2021 11.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə Balakən şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən şəhəri Xanlar küçəsi ev 4 ünvanında qeydiyyatda olmaqla Balakən rayonu Gərəkli kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı X13 tərəfindən Şəxs yoldaşı Gülnarə Balaşova ilə 22.06.2020-ci il tarixdə, saat 22.00 radələrində yaşadığı ünvanın həyətində qonşusu Zərərçəkmiş şəxs və Cəmilə Hacıyevaya sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə döyməsi əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə 16.02.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, inzibati izahatında göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olsa da, hal-hazırda Balakən rayonu Gərəkli kəndində ailə üzvləriylə bilrikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəni dolandırır. Zərərçəkmiş şəxs onlarla sərhəd qonşuluqda yaşayır, əvvəllər o, Rusiyada yaşayırdı, hazırda bir neçə ay olar ki, o, iki azyaşlı uşaqlarıyla birlikdə qonşuluqda öz evində yaşayır. Əvvəllər aralarında çox yaxşı münasibət olub, bir qonşu kimi mehriban olmuşlar. Ancaq son zamanlar aralarında münasibətlər pozulub. Bunun səbəbi isə, Elzanm çılğınlığı və əsəbiliyidir. 16 iyun 2020-ci il tarixdə Elza öz evinin arxasında onlarla sərhəddə od qalamışdır. Elzaya yaxınlıqda altıaçıqda quru ot olduğunu və ota od düşə biləcəyini deyib iradını bildirdikdə Elza onu küçə söyüşləriylə söyüb təhqir etmişdir. Onun hərəkətlərindən əsəbləşib həmin günü “102” xidmətinə məlumat vermişdir. Bundan bir neçə gün sonra Elzanın tanımadığı və sonradan adını bildiyi anası Cəmilə arvadı Gülnarənin mobil telefonuna zəng vuraraq, onun və özünün ünvanına ifadə olunmaz nalayiq söyüşlər söymüşdür. Elzanın anası Cəmilə telefonla arvadı Gülnarə ilə danışaraq, qızı Elzanın onlar tərəfindən narahat edildiyini bildirdikdə, Gülnarə ona Elzayla heç kimin işinin olmadığını bildirmişdir. Cəmilə isə, nalayiq danışaraq, söyüşlə onları hədələmişdir. 22 iyun 2020-ci il tarixdə saat təxminən 21 radələrində Elza və onun anası Cəmilə həyət darvazalarına gəlib, arvadı Gülnarəni çağırıb, ona hədə-qorxu gələrək, həyətlərinə girmişlər. Cəmilə arvadı Gülnarəyə hədə qorxu gəlib, biədəd sözlə filan ərin evə gələndə xəbər elə deyib getmişdir. Özü həmin vaxt işdə olub və Gülnarə ona zəng edib bildirmişdir ki, “Elzanm anası gəlib dava axtarır” və onu xəbərdar etmişdir ki, yolda qarşısına çıxsa, ona bənd olmasın. Təxminən 1 saat sonra evə gəlib. X11 telefonuna qısa zəng vurub, ancaq onunla danısmayıb. Çünki Cəmilə ona özü evə gəldikdə xəbər etməsini bildirmişdir. Bundan təxminən 2 dəqiqə sonra, saat təxminən 22 radələrində Cəmilə və qızı Elza həyətlərinə gəlmişlər. Həmin vaxt evlərinin alt hisəsində olub, istəməmişdir ki, Elzayla onun anası Cəmilənin gözünə görünsün, çünki bilmişdir ki, onlar həyətlərinə davaya gəlmişlər. Cəmilə arvadı Gülnarəyə biədəb ifadələrlə “hanı ərin” deyə soruşmuşdur. Həmin vaxtı onlarda olan qardaşı Fariz evdən həyətə çıxaraq, Cəmiləyə bildirmişdir ki, “ay xala, darıxma söhbət edib, həll edərik”. Bu vaxt Cəmilə Farizə də nalayiq söyüşlər söyüb. Sonra Elza və anası Cəmilə Gülnarənin saçından tutaraq, yolub onu yerə yıxmışlar. Gülnarə yerə yıxıldıqdan sonra Elza əlindəki mobil telefonla onun başına zərbələr vurduqda, orada olan qardaşı Fariz telefonu Elzanın əlindən alıb kənara atmışdır. Həmin vaxt özü evdən çıxaraq X7 ayırmaq istəyib. Ancaq onları ayırmaq olmurdu və həmin səbəbdən özü və qardaşı Fariz onları dartıb bir birilərindən ayırmaq istədikləri zaman paltarları cırılmışdır. Həmin vaxtı Gülnarə də, Elza onun saçını yolduğu üçün ona bir neçə sillə vurub. Elza həmin vaxt həyətdə olan beli götürüb, onun sağ qoluna vurub. Elza və Cəmilə Gülnarəylə dartışdıqları zaman onların üst geyimləri cırıldığı üçün Gülnarə onlara paltar vermişdir. Bu barədə dərhal Balakən RPŞ-nə məlumat vermişdir. Bir qədər sonra polis işçiləri onların həyətinə gəlmişlər və hamısı polis şöbəsinə gələrək, hadisənin hansı şəkildə baş verməsini izah etmişlər. Həmçinin bu barədə rəsmi şəkildə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişlər. Mübahisə zamanı Elza həm ona, həm də, Gülnarəyə xəsarət yetirib. Elza Gülnarənin saçını yolaraq, telefonuyla onun başına vurub. Özü onları ayırmaq istədikdə, Elza ona əllə və belin sapıyla vurub xəsarət yetirmişdir. Gülnarə mübahisə zamanı Elzanın üzünə sillə vurub, onun ağız-burnu qanamışdır. Cəmilə isə, Gülnarənin saçını yolduğu zaman özü onu Gülnarədən ayırmaq üçün dartdığı zaman, Cəmilə Gülnarəni buraxmadığı üçün əliylə onun ağzına vurmuşdur. Elzanın boynunda qızıl boyunbağı olmasını görməyib və həyətlərində baş vermiş mübahisə zamanı onun boyunbağısı qırılmayıb, əgər belə bir hal olsaydı, boyunbağı həyətlərində olardı. Lakin həyəti axtarsalar da, boyunbağı tapılmayıb. Həmçinin Elza onların həyətlərində olarkən o, ancaq telefonunu axtarıb soruşub, boyunğabı haqda heç bir söz deməyib. Cəmilənin üzərində pulu olmasını və Elzanın boynunda qızıl boyunbağı olmasını görməyib. Onlar bunları bəhanə gətirərək özlərindən pul tələb edirlər. Adətən həyət darvazaları daxildən bağlı olur, mübahisə zamanı da, həyət darvazası bağlı olub. Həm də istəmişlər ki, polis işçiləri gələndə görsünlər ki, Cəmilə və Elza onların həyətə mübahisə yaratmaq üçün özləri gəlmişlər. Həmin səbəbdən onları həyətlərindən çıxıb getməyə qoymayıb, yəni bir qədər yubadılıb ki, polis işçiləri gələndə onları görsünlər. Çünki mübahisə zamanı özü polisə zəng etmişdir. Hadisə zamanı qeyd olunan şəxslərdən əlavə həyətlərində heç kim olmayıb, ancaq mübahisədən sonra gələnlər olub. Qardaşı Farizin arvadı Günay evdə olub o, həyətə çıxmayıb, Elzanm uşağını saxlayan qonşu Ramilə də, eləcə də, qonşu Fatma onlarda evdə olublar. Onlar mühahisənin hansı şəkildə baş verməsini görməyiblər. Mübahisədə özü, arvadı Gülnarə, qardaşı Fariz, Cəmilə və onun qızı Elza olmuşlar. Cəmilə Hacıyeva yalan deyir. Cəmilə özü mübahisədən sonra ona bildirmişdir ki, onların həyətinə gedib bu məsələni polissiz həll etsinlər. Ona psixi xəstə olduğunu bildirməyib və özünün psixikasında heç vaxtı heç bir problemi olmayıb. Mübahisə zamanı Elzanm övladını görməyib, ona sillə vurmayıb, Elza bunları öz günahlarından yaxa qaçırmaq üçün yalandan qeyd edir. Mübahisə zamanı Elzanın telefonu qardaşı Fariz tərəfindən həyətlərindəki tualetə atılıb və həmin telefonun dəyərini Elzaya ödəmişlər. Bundan başqa özü onlara 200 manat pul verib. Xahiş edir ki, bu hadisə düzgün araşdırılıb qiymət verilsin, çünki Elza və onun anası Cəmilə həqiqətə uyğun olmayan halları qeyd edərək ondan zərər tələb edirlər. Barəsində olan hazırki işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olsa da, hal hazırda Balakən rayonu Gərəkli kəndində yerləşən ailəsinə məxsus evdə iki azyaşlı övladlarıyla birlikdə yaşayır. X9 hazırda Rusiyadadır. 2020-ci ilin mart ayında uşaqlarıyla birlikdə Rusiyadan Balakən rayonuna qayıtmışdır və həmin dövrdən etibarən öz evlərində yaşayırlar. Şəxs ailəsiylə birlikdə sərhəd qonşuluqda yaşayır. Əvvəllər bir qonşu kimi Namiqin ailəsiylə yaxşı münasibətləri olub, aralarında heç vaxt düşmənçilik və ədavət olmayıb. 16 iyun 2020-ci il tarixdə, saat təxminən 18 radələrində evlərinin arxasında ocaq qalayıb uşaqları üçün kabab bişirmək istəyib. Həmin vaxtı qonşusu Namiqin arvadı Gülnar öz həyətlərindən ona bildirib ki, “yaxınlıqda quru ot var və ota od düşə bilər” Ona bildirib ki, yaxınlıqda ot olduğunu bilməyib, çünki sərhədləri dəmirdən hasarlanıb, onların həyətini görmək mümkün deyil. Bundan sonra ona bildirib ki, narahat olmasın və odu keçirdib. Bundan bir neçə dəqiqə sonra qonşusu Namiq öz həyətlərindən ona qarşı kobudluq edərək bildirib ki, “az Elza, sən nəsə axtarırsan”. Ona bildirib ki, “bu nə danışıqdar mənimlə”. Namiq yaxşı etdiyini bildirib, küçə söyüşləriylə onu söymüşdür. Onun bu hərəkətləri pisinə gəldiyi üçün 17.06.2020-ci il tarixdə DİN-nin “102” xidmətinə məlumat verib və Balakən Rayon Polis Şöbəsinə müraciət edib. Bundan sonra Namiq və arvadı Gülnar onu dəfələrlə söyüb təhqir etdikləri üçün, həmdə evdə qalmağa qorxduğu üçün Bakı şəhərində yaşayan anası Cəmiləyə xəbər verib və vəziyət barədə ona bildirib. Çünki Namiq gecə vaxtı onun həyət darvazasını itələmişdir ki, açsın, ancaq darvaza kilidli olduğu üçün aça bilməmişdir. 22 iyun 2020-ci il tarixdə, saat təxminən 21 radələrində anası Cəmilə onlara gəlmişdir. Baş verənləri anasına bildirmişdir. Sonra anası Cəmiləylə birlikdə qonşusu Namiqin həyətinə getmişlər ki, maraqlansınlar, nə üçün onu söyüb təhqir edirlər. Namiqin arvadı Gülnar evlərindən həyətə çıxmışdır və bu vaxt anası Cəmilə ondan soruşub ki, nə üçün onu söyüb təhqir edirlər. Gülnar cavab olaraq anasına bildirmişdir ki, əcəb edib söyüb, hətda bildirib ki, “əri Namiq gəlsin, payınızı verəcək”. Fikirləşmişlər ki, Namiq gələndə onunla söhbət etsinlər ki, ondan nə istəyirlər. Həmin tarixdə, saat təxminən 22 radələrində Gülnar anası Cəmiləyə zəng vuraraq bildirib ki, əri Namiq gəlib, onları gözləyir. Gec olduğu üçün onlara getmək istəməyiblər. Lakin Gülnar təkrar zəng etdikdə, məcbur olub anasıyla birlikdə onların həyətinə getmişlər. Həmin vaxtı Namiq evlərinin giriş qapısında idi və kobud şəkildə anasını çağıraraq, “bura gəl az” dedikdə, anası cavab olaraq ona bildirib ki, həyətə düşsün söhbət etsinlər. Bu vaxt Namiq yenə biədəb söyüşlərlə anasını söyüb və həmin vaxtı orada olan Namiqin qardaşı Fariz anasının çənəsinə yumruqla bir zərbə vurmuşdur. Sonra Namiqlə onun qardaşı Fariz anasını yerə yıxıb sürümüş və ona əllə, ayaqla bir neçə dəfə zərbələr vurmuşlar. Bu vaxt həyətlərində olan Namiqin arvadı Gülnar gedib, həyət darvazalarını kilidləmişdir. Namiq ona bildirmişlər ki, qapını bağlasın . Bunun səbəbi isə onların həyətindən çıxa bilməməkləri olmuşdur. Özü onların həyət darvazasına tərəf getdikdə, Gülnar və Fariz arxadan onu tutaraq, döymüşlər və onun “Samsung A 50” markalı smartfon mobil telefonunu əlindən almışlar. Çünki onlar bilmişlər ki, həmin telefonla onların hərəkətini, səslərini yazır və həmin səbəbdən onlar telefonunu əlindən almışlar. Onlara telefonunu vermək istəmədikdə, onlar üst-başını, geyim əşyalarını dartıb cırmışlar. Onlar əynində olan şalvarını dartıb çıxarmaq istəmişlər. Həmiıı vaxt boynunda olan zəncir şəkilli 25 qramlıq çəkidə qızıl boyunbağı da, yoxa çıxmışdır. Həmin vaxt anası ona tərəf gələrək, özünü onların əlindən almaq istəyib. Həmin vaxt Namiq təkrarən anasını əllə və ayaqla vuraraq, döymüşdür. Bu vaxt anası pis olaraq özünü itirdikdə, Namiqin arvadı Gülnar anasının üstünə su atıb. Onlar anasının üst-başını da cırmışlar. Sonra Fariz və Gülnar bildirmişlər ki, polisə bu barədə bildirsələr, üst-başları cırılaraq soyundurulmuş vəziyətdə şəkillərini paylaşacaqlar. Həm də Namiq bildiririb ki, dəllik kağızı var, ona heç nə edə bilməzlər. Həmin vaxt qonşu Gülnar onların həyətinə gəlib, bütün baş verənləri görüb. Gülnar bildirib ki, polisə və təcili yardıma zəng vurmaq lazımdır. Özü ona bildirib ki, telefonunu əlindən alıblar, necə zəng etsin. Sonra onlardan kimsə polisə məlumat verib və sonra polis işçiləri gəlmişlər. Əvvəl onları həyətə buraxmaq istəməyiblər. Polis onlara irad bildirdikdə, Namiq yalandan bildirib ki, evdə olmayıb. Sonra onları polis şöbəsinə dəvət etmişlər. Orada ərizə təqdim edərək, hər bir halın hansı şəkildə baş verməsini bildirmişlər. Hadisə 22 iyun 2020-ci il tarixdə, saat təxminən 22 radələrində baş verib. Hadisə qonşusu Namiqin həyətində baş verib, çünki Namiqin arvadı Gülnar özü anası Cəmiləyə zəng edib, onları özlərinə çağırmışdır. Hadisə zamanı orada Namiq, onun qardaşı Fariz, arvadı Gülnar olmuşlar. Hadisədən bir qədər sonra qonşuluqda yaşayan Gülnar adlı qadın səsə gəlmiş və baş verənləri, əsasən də vəziyətlərini görmüşdür. Baş verən hadisələr onun 6 yaşlı və 1,6 aylıq uşaqlarının gözü qarşısında olmuşdur. Kiçik övladı qonşusu Ramilənin qucağında olub. Ramilənin qardaşı Rəvan da orada idi. 6 yaşlı oğlu Şamilin sonradan deməsinə görə hadisə vaxtı oğlu Şamil qorxub ağladıqda, Namiq onun sifətinə sillə vurub, qorxudub ki, sakit olsun. Onu Namiq, arvadı Gülnar və qardaşı Fariz vurublar. Onlar özünü vəhşicəsinə döyüb, üst-başını cıraraq, biabırçı vəziyətə salmışlar. Gülnar saçını yolaraq ağzına, üzünə silləylə vurub, Fariz isə, yumruqla kürəyinə, başına vurduqdan sonra yerə yıxılıb və sonra ayağıyla bədən nahiyəsinə zərbələr vurmuşdur. Namiq isə, anası Cəmiləni döyüb, sürüdükdən sonra çənəsinə və burnuna yumruqla vuraraq, xəsarət yetirmişdir. Onlar təxminən 3 ay əvvəl aldığı “Samsung A 50” markalı, 700 manat qiymətində dəyərləndirdiyi mobil telefonunu əlindən almışlar. 25 qram çəkidə boynunda olan zəncir şəkilli, İtalya istehsallı qızıl boyunbağını isə, Gülnar paltarını dartaraq cırdığı zaman, həmin boyunbağını da dartaraq qırmışdır və həmin boyunbağı hadisədən sonra onlarda qalıb. Eləcə də sonradan anası Cəmilənin deməsinə görə onun üzərində olan 380 manat pul hadisə zamanı yoxa çıxmışdır. Həmin hadisə təxminən 1 saat yarım müddətdə davam etmişdir. Tələbi ondan ibarətdir ki, Namiq, onun arvadı Gülnar və Namiqin qardaşı Farizin barəsində qanuni tədbir görülsün və əmlakına vurduğu ziyanı ödəməklə əşyalarını geriyə qaytarsınlar. Namiqin hansı şəkildə xəsarət alması haqda məlumatı yoxdur. Ancaq Gülnar onun saçını yolduqda onun əlindən xilas olmaq üçün onun sinəsindən əllə itələmişdir, ola bilsin ki, həmin an dırnağı ehtiyatsızlıq nəticəsində Namiqi zədələyib. Onları qəsdən vurmayıb. İş üzrə qanuni qərarın çıxarılmasını xahiş edir. İş üzrə digər zərərçəkmiş şəxs X8, işə baxılmasının yeri və müddəti barədə ona vaxtında bildirilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də hazırki işə zərərçəkmiş şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdə olan Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Şəxs, X6, Zərərçəkmiş şəxs və X4 şikayət ərizələri əsasında toplanmış marerial üzrə cinayət tərkibli əməl müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şəxs, X6, Zərərçəkmiş şəxs və X4 barələrində Azərbaycan Respublikası İXM-nin (İnzibati Xətalar Məcəlləsinin) 157-ci maddəsinə uyğun olaraq və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə uyğun olaraq müvafiq inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarı surətinin Balakən RPŞ-nin İTB-nə göndərilməsi, Balakən rayonu Gərəkli kənd sakinləri olan Zərərçəkmiş şəxs və onun sərhəd qonşusu Şəxs ailələri arasında qərəzli şəkildə müxtəlif şəxsi münasibətlər zəminində mübahisələr baş verdiyindən və hal-hazırda da onların arasında mübahisələrin davam etməsini nəzərə alaraq, Zərərçəkmiş şəxs və Şəxs ailələri münaqişəli ailələr olduğundan tərəflərin arasında gələcəkdə hər hansı bir ağır nəticələrə səbəb olacaq hadisənin baş verməməsi üçün onların ailələrinə profilaktiki nəzarət olunması məqsədi ilə münaqişəli ailələr kimi qeydiyyata alınaraq profilaktiki nəzarətə götürülməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Balakən RPŞ-nin İTB-nə göndərilməsi, Zərərçəkmiş şəxs və X5 zədələnmiş mobil telefonun ödənilməsi, həmçinin mübahisə zamanı onlardan götürüldüyünü iddia etdiyi qızıl boyunbağının və 380 manat məbləğində pul vəsaitinin qaytarılması tələbi mülki xarakter daşıdığından onlara bu barədə mülki qaydada aidiyyatı üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, qəbul edilmiş qərarın surətinin məlumat məqsədi ilə müraciət edən Şəxs, X6, Zərərçəkmiş şəxs və X5 göndərilməsi, qərarın surətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, hazırki iş üzrə Şəxs, X3, Zərərçəkmiş şəxs və X4 şikayətləri əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 12 oktyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Qanun normasının (İXM-nin 38.3-cü maddəsi) tələbinə əsasən Şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən, yəni 12 oktyabr 2020ci il tarixdən ən geci 3 ay müddətində (12 yanvar 2021-ci il tarixinədək) inzibati məsuliyyətə cəlb edilə və onun barəsində inzibati tənbeh tətbiq edilə bilərdi. Lakin iş materialları ilə müəyyən olunur ki, 12 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın qəbul edildiyi gündən 3 ay keçdikdən sonra-4 ay 4 gün sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qanunsuz və əsassız olaraq onun haqqında inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Halbuki qanuna görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz. Hazırda Şəxs barəsində İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bu da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.6-ci maddəsinə görə bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 38, 53, 105.1, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-44/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-44/2021
11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver