Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-453/2024 30.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə Zülfiqar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Qazma kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 sentyabr 2024cü il tarixdə saat 23:00- radələrində QAZ-24 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Balakən şəhəri ,S.Gözəlov küçəsində sərxoş halda idarə etmiş, Balakən Rayon Polis Şöbəsinin DYPB-in əməkdaşları onu saxlatdıqda uca səslə söyüş söyərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları- Şahid2 və Şahid1 qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında onun özünün ifadəsi, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, Nümayəndə Zülfiqar oğlu məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən şahidlərin ifadələri alınmış və Balakən rayonu Qazma kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, ailə üzvləri ilə birlikdə Balakən rayonunun Qazma kəndində yaşayır. 29 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində “Qrand” şadlıq evində keçirilən Bəşir adlı şəxsin oğlu Namiqin toyunda iştirak etmək üçün toy məclisinə getmişdir. Toyda yeyibiçmiş, sonra saat təxminən 23 radələrində toydan çıxıb özünə məxsus QAZ-243102 markalı **-BK-*** dövlət nömrəli avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir.O, evə gedən zaman dövlət yol polisi tərəfindən saxlanılmış və sərxoş olduğuna görə onu mərkəzi rayon xəstəxanasına aparmışlar.Xəstəxananın həyətində olarkən o, sərxoşluq müayinəsindən keçmək üçün etiraz bildirən zaman əsəbləşmiş , dövlət yol polisi avtomaşının alın şüşəsinə əli ilə vuraraq çartlatmışdır. Həmin vaxt polis əməkdaşları onu nizam intizama dəvət etsələr də o, qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış , ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin DYPBnin YPX inspektoru, polis baş serjantı Şahid2 izahatıqnda göstərdi ki, 28 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində o və RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Şahid1 ilə BMW markalı 90 YP-550 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə Balakən şəhəri S.Gözəlov küçəsində xidmət aparan zaman QAZ-24 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü işıq sistemlərindən düzgün istifadə etmədiyi üçün tərfindən ona “saxla” işarəsi verilmişdir.Onlar sürücüyə yaxınlaşıb özlərini təqdim edən zaman sürücüdən kəskin spirt qoxusu gəldiyi üçün onu həkim müayinəsindən keçirmək üçün özləri ilə birlikdə Balakən RMX-na aparmışlar. Sürücü RMX-nın həyətində onların onu həkim müayinəsindən keçirtmək üçün gətirmələrinə etiraz edərək ucadan ünvanız nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi nizam intizama dəvət etmələrinə baxmayaraq o, onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra sürücü əli ilə xidməti avtomobilin alın şüşəsinə vurmuş və şüşəni çartlatmışdır. Bundan sonra onlar həmin sürücünü həkim müayinəsindən keçirtmiş və yoxlama zamanı onun sərxoş olması müəyyən edilmişdir. Ona görə də həmin şəxsi özləri ilə rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində həmin şəxsin Balakən rayonu Qazma kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir.Bundan sonra o, bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin DYPBnin YPX inspektoru, polis baş serjantı Şahid1 Şahid2 izahatına uyğun, eyni məzmunlu izahat vermişdir. İşdə olan 28 sentyabr 2024-cü il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 28 sentyabr 2024-cü il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuş, 30 sentyabr 2024-cü il tarixdə saat 14:00-da azad edilmişdir. İşdə olan 30 sentyabr 2024-cü il tarixli 1042 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 28 .09.2024-cü il tarixdə saat 23:25-də sərxoş olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Qazma kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsti ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-63/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-ninin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməkdə təqsirli bilinib 15 (on beş) müddətə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, onun inzibati xətaları sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında dörd yüz manat miqdarında cərimə və nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilə kimi məhdudlaşdırılması inzibati tənbehi , 510-cu maddəsinin sanksiyasında 50 manatdan 100 manatadək məbləğdə cərimə və 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halı, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə daha ciddi inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 28 sentyabr 2024-cü il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuş və 30 sentyabr 2024-cü il tarixə saat 14:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək inzibati həbs müddətinə daxil edilməklə həmin müddətdən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Onun 28 sentyabr 2024-cü il tarixdə saat 23:50-dən 30 sentyabr 2024-cü il tarixə saat 14:00-a kimi inzibati qaydada tutulduğu 02 (iki) gün müddət təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində 06 (altı) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən saat 14:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-453/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-453/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver