Məhkəmə qərarları › İş №3(019)-462/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-462/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-462/2025 17.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 1300 manat aliment borcunu tələbkar X3 ödəməkdən qəsdən boyun qaçırmış, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 izahatında bildirmişdir ki, 28 noyabr 2018-ci il tarixdən başlayaraq 07 fevral 2012-ci il tarixdə doğulmuş X1 və 17 yanvar 2014-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Protokol tərtib edilən tarixə ödənilməmiş aliment borcu 1300 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir. Tələbkar alimentin ödənilməsini tələb edir. Vaxt verilməsinə baxmayaraq tam ödəniş etməmişdir. Barəsində axtarış elan edilmişdir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, maddi imkanı olmadığı üçün alimentin hamısını ödəməmişdir, hazırda işləmir, yenidən iş tapıb qalan borcu ödəyəcək. Törətdiyi əməldən peşmandır. Cərimə ödəmək imkanı yoxdur, barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs Bədəvi (Qardaşova) Ulduz Rafik qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat bildirməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-1760/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, 28 noyabr 2018-ci il tarixdən başlayaraq 07 fevral 2012-ci il tarixdə doğulmuş X1 və 17 yanvar 2014-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməlidir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1760/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs dərhal icranı təmin etməyi təklif olunmuşdur. xx.xx.2019cu il tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 3(019)-50/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qardaşov X2 Respublikası inzibati Xətalar Məcəlləsini 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)-18/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Borclu Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti-Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(019)-1760/2018 nömrəli icra sənədi üzrə aliment borcu ödənilənədək məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə” qərardan görünür ki, borclu, Şəxs ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması götürülmüşdür. xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu, xx.xx.1990-cu il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İşləmədiyi üçün alimenti ödəməməsi ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır, bu, alimentin ödənilməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşmançılığı müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli 17 dekabr 2025-ci il tarixdən saat 18:05-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 17 dekabr 2025-ci il tarixdən saat 18:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar