Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-464/2024 16.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmuş , Balakən rayonu Tülü kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 23:30 radələrində VAZ-2105 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Balakən şəhəri,H.Əliyev prospektində sərxoş vəziyyətdə idarə etmiş, Balakən Rayon Polis Şöbəsinin DYPB-in əməkdaşları onu saxlatdıqda uca səslə söyüş söyərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları- Şahid1 və Şahid2 qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında şahidlərin ifadələri və işdə olan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən şahidlərin ifadələri alınmış və Balakən rayonu Tülü kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, ailə üzvləri ilə birlikdə Balakən rayonunun Tülü kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə Balakən rayonunda Arılıq adlanan kafedə dostları ilə yeyibiçmişdir. O, orada spirtli içki qəbul etmişdir. Saat təxminən 22 radələrində o və dostları oradan durub şəhərə gəlmişlər. Bu zaman sükanın arxasında Səxavət adlı şəxs oturmuşdur. Onlar Balakən şəhərinə gəlib İcra hakimiyyətinin qabağında maşında oturmuşlar. Daha sonra DYP-nin əməkdaşı İsmayılın yanına getmişdir. O, İsmayıla zəng edərək xəstəxanaya girən sənsənmi demiş, İsmayıl ona “hə mənəm” demişdir. O, İsmayıla “səninlə işim var yanına gələ bilərəmmi? Demiş, İsmayılda ona “hə gələ bilərsən” demişdir. O, İsmayılın yanına gedərək ona X1 əməkdaşı Mahirə zəng vurmağını xahiş etmiş, onun telefonunu açmadığını demişdir. O, da Mahirə zəng etdiyi anda İsmayıl ona “sən içkilisənmi” demişdir. O, da ona cavabında “hə içkiliyəm” demişdir. İsmayıl ona içkili niyə maşın sürürsən demiş, o da maşını dostunun sürdüyünü demişdir. Həmin an İsmayıl orada olan PPX əməkdaşlarını çağırmış və onun arxasınca düşmüşlər. O, da qaçaraq oradan uzaqlaşmaq istəmişdir. Lakin onlar onu yaxalamış və xəstəxanaya gedərək içkili oıduğunu müəyyən etmişlər. Daha sonra onlar onu polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin DYPBnin YPX inspektoru, polis serjantı Şahid2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində o və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid1 Kia Sportage markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə Balakən şəhəri H.Əliyev prospektində xidmət aparan zaman VAZ-2105 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü işıq sistemlərindən düzgün istifadə etmədiyi üçün tərəflərindən ona “saxla” işarəsi verilmişdir. Onlar sürücüyə yaxınlaşıb özlərini təqdim edən zaman sürücüdən kəskin spirt qoxusu gəldiyi üçün onu həkim müayinsəindən keçirmək üçün özləri ilə birlikdə Balakən RMX-ya aparmaq istəmişlər. Bu zaman sürücü küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Onlar onu nizam-intizama dəvət etsələr də o, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onlar sürücünü zorla da olsa sakitəşdirib özləri ilə birlikdə Balakən RMX-ya aparmışlar. Bu zaman sürücü RMX-nın həyətində də qaçaraq uzaqlaşmaq istəmiş, lakin onlar onu saxlayaraq həkim müayinəsindən keçirmiş və yoxlama zamanı onun sərxoş olduğu məlum olmuşdur. Həmin sürücü ictimai qaydanı pozmuş, onların qanuni tələblərinə qəsdən tabe olmadığı üçün onu özləri ilə birlikdə Balakən RPŞ-yə gətirimişlər. RPŞ-də həmin şəxsin Balakən rayonu Tülü kənd sakini, xx.xx.2002-ci il təvəllüdlü Şəxs olduğu məlum olmüşdür. Bundan sonra o, bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin DYPBnin YPX inspektoru, polis baş serjantı Şahid1 Şahid2 izahatına uyğun, eyni məzmunlu izahat vermişdir. İşdə olan 15 oktyabr 2024-cü il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuş,16 oktyabr 2024-cü il tarixdə saat 15:00-da azad edilmişdir. İşdə olan 16 oktyabr 2024-cü il tarixli 1060 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:12-də sərxoş olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Tülü kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu, xx.xx.2024cü il tarixdə Azhərbaycan Respublikası İXM-nin 510-cu, maddəsi ilə və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xətaları sərxoş halda törətməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında dörd yüz manat miqdarında cərimə və nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilə kimi məhdudlaşdırılması inzibati tənbehi , 510-cu maddəsinin sanksiyasında 50 manatdan 100 manatadək məbləğdə cərimə və 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halları, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə daha ciddi inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuş və 16 oktyabr 2024-cü il tarixdə saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı 01 (bir) gün müddət ona təyin ediləcək inzibati həbs müddətinə daxil edilməklə həmin müddətdən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Onun 15 oktyabr 2024-cü il tarixdə saat 23:55-dən 16 oktyabr 2024-cü il tarixə saat 15:00-a kimi inzibati qaydada tutulduğu 01 (bir) gün müddət təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində 07 (yeddi) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən saat 16:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-464/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-464/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver