Məhkəmə qərarları › İş №3(019)-465/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-465/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-465/2025 19.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Balakən RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 19 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:20 radələrində Balakən rayon sakini Zərərçəkmiş şəxs 100 manat pulunu etibarından sui-istifadə etməklə ələ keçirmişdir. Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 məhkəmə iclasında bildirmişdir ki, 19 dekabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar əsasında araşdırma aparılması ona həvalə edilmiş, aparılmış araşdırma zamanı Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, əməli etməkdə səhv etmişdir. O, İİİ qrup əlildir. Müstəqil jurnalist fəaliyyəti göstərir. Türk Dünyası informasiya portalının təsisçisidir. X3 tanıyır, onunla birlikdə diş həkimi Araz adlı şəxsin iş yerinə gəldilər. Özünü mətbuat xidmətinin nümayəndəsi kimi təqdim etmişdir. Ondan ehtiyac olduğu üçün yemək və yanacaq üçün pul istəmişdir. Hədə-qorxu, təhdid ilə pul tələb etməmişdir. Dəymiş ziyan hazırda ödənilməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, işdə olan zaman iki nəfər klinikasına gəlmiş, Mübariz və Elmar adlı həmin şəxslər ona yaxınlaşaraq jurnalist olduqlarını və ondan müsahibə götürəcəklərini bildirmişlər. Klinika təmir olunmalı olduğu, digər nöqsanlar olduğu üçün narahat olaraq çıxıb getməkləri üçün onlara 50 manat vermiş, onlar isə həmin pulun bəs etmədiyini, yuxarılara da pul verməli olduğunu bildirmişdir. Yenidən onlara 50 manat pul vermişdir. Daha sonra onlar klinikadan çıxıb getmişlər. Dəymiş zərər ödənilməmişdir, Şəxs ilə barışmamışdır. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Şəxs əməllərində Azerbaycan Respublikası CM-nin 156, 178, 182-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilməsi üçün qərarın surəti Balakən RPŞ-nin İTB-nə göndərilmişdir. Balakən RPŞ tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilmiş, Zərərçəkmiş şəxs qonaq kimi pul istəməsini, barışdıqlarını bildirsə də, zərərçəkmiş şəxs bunu təkzib etmiş, Şəxs dələduzluq yolu ilə pul tələb etdiyini, dəymiş zərərin ödənilmədiyini və aralarında barışıq olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dələduzluq yolu ilə deyil, qonaq kimi pul alması ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş və protokol tərtib etmiş şəxsin izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşmançılığı müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli 19 dekabr 2025-ci il tarixdən saat 17:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 19 dekabr 2025-ci il tarixdən saat 17:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar