Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-477/2023 20.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Balakən rayonu Hənifə kəndində küçədə qonşusu X2 nalayiq sözlərlə söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Hənifə kənd sakini X3 ərizə ilə Balakən Rayon Polis Şöbəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qonşusu Şəxs onu nalayiq sözlərlə söyüb təhqir etdiyini göstərib, onun barəsində təbdir görülməsini xahiş etmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və Balakən rayonu Hənifə kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, Günay onun qonşusudur. 2019-cu ilin yay aylarından Zərərçəkmiş şəxs ilə münasibəti yaranmış, “görüşmüşlər”, aralarında isti münasibətləri olmuşdur. 2021-ci ilin avqust ayından Zərərçəkmiş şəxs onunla görüşmək istəməmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yerləşən küçədə görmüş, onunla sözlə mübahisə etmiş və onu döymüşdür. Bu əməlinə görə o, İnzibati xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 manat cərimə olunmuşdur. Bundan sonra da Günay onunla görüşmək istəməmiş, bu səbədən dəfələrlə arasında mübahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Günayı küçədə görmüş, həmin vaxt küçədə insanların olmasına baxmayaraq Günayı nalayiq sözlərlə söymüşdür. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, qonşusu Şəxs tanıyır. 2019-cu ildə Samır Məmmədov ilə münasibəti yaranmış, görüşmüşlər. 2020-ci ildə əri Variz Keçiliyev öyrənmiş, bu zaman evində söz-söhbət yaranmışdır. Bu səbəbdən o, Şəxsla görüşmək istəməmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində yaşadığı evə tək gəldiyi zaman Şəxs küçədə onu görərək ona yaxınlaşmış, onu döymüşdür. Həmin vaxt Samirin atasının xahişinə görə ondan şikayətçi olmamışdır. O, vaxtdan da Samir yenə də onu görəndə onunla mübahisə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Samir onunla küçədə rastlaşmış, həmin vaxt küçədə insanların olmasına baxmayaraq Samir onu nalayiq sözlərlə söymüşdür. O,özünü öldürmək dərəcəsinə çatmışdır. Samirdən şikayətçidir, onun barəsində ciddi tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını, eyni zamanda il ərzində onun Zərərçəkmiş şəxs qarşı inzibati xəta törətməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 20 oktyabr 2023-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-477/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-477/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver